8 Noyabr 2018 14:40
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Bakı Kitab Mərkəzinin direktoru, yazıçı-publisist Günel Anarqızı ilə müsahibəni təqdim edir:

- Günel xanım, Bakı Kitab Mərkəzinin ideyası haradan yarandı?

- Bakı Kitab Mərkəzinin yaranma ideyasını Heydər Əliyev Fondu irəli sürdü. Fondun rəhbəri, I Vitse-prezident Mehriban xanım Əliyevanın ideyası idi. Kitab mərkəzinin yaranması zərurətdən doğan bir təşəbbüsdür.

Bilirsiniz ki, son zamanlar mütaliəyə maraq azalıb, bu haqda dəfələrlə danışmışıq, ədəbiyyatçılar, yazıçılar narahatlığını bildirmişik. Hazırda Azərbaycanda və paytaxtda bir çox kitab dükanları və şəbəkələri fəaliyyət göstərsə də, belə bir mərkəzin yaranması vacib idi. Buna görə də, təşəbbüs irəli sürüldüyü gündən bu istiqamətdə işlər tükənmədən irəliləyirdi.

Qısa müddət ərzində Bakının mərkəzində, gözəl guşədə, ən çox ziyarət olunan yerlərin birində belə bir mərkəz inşa edildi. Onu da qeyd edim ki, əslində Mehriban xanım qədim binaların mühafizəsi, onların görünüşü ilə bağlı çox diqqətlidir və buna çox önəm verir. Çünki memarlıq abidələri bizim tariximizdir.

- Elə mərkəz də tarixi bir binada fəaliyyətə başladı...

- Bəli, bu binanın da xarici görünüşü, fasadı dəyişməz qaldı, sadəcə olaraq içərisi əsaslı təmir olundu. Bu yer tamamilə yeni bir libasda vətəndaşlara təhvil verildi. Çoxları buranın nə olacağı barədə maraqlanırdı. Bir qismi elə bilirdi ki, burada otel, yaxud ticarət mərkəzi açılacaq, buranın kitab mərkəzi olacağına heç kim inanmırdı.

Nəhayət, mərkəz açılanda bu, çoxları üçün heyrət doğuran fakt oldu. Həm də lazımlı və gözəl yer olmağı çoxlarını sevindirdi. Ona görə ki, həm memarlıq, həm də iç dizayn baxımından çox gözəldir. Belə bir böyük yerin məhz kitablara verilməsi şəhərimizin sakinlərində yüksək təəssürat yaradır. Buna görə Heydər Əliyev Fonduna təşəkkürümü bildirirəm. Həm ədəbiyyatçı və yazıçılar, həm də kitabsevərlər üçün böyük bir töhfədir.

- Son zamanlar kitab satılan dükanların restoran və müxtəlif iaşə obyektlərinə çevrilməsi tendensiyası müşahidə olunur. Bununla bağlı etirazlar da səslənir. Siz də vurğuladınız ki, bu məkanda kitab mərkəzinin açılması çoxlarını heyrətləndirdi. Kitab dünkanlarının müxtəlif obyektlərlə əvəzlənməsi nə ilə əlaqədardır?

- Ola bilər, kitab mağazalarının yerində başqa bir obyekt fəaliyyət göstərsin. Amma bu o demək deyil ki, Bakıda yeni kitab mağazaları açılmır. Başqa yerlərdə də kitab dünkanlarının açıldığının şahidi oluruq, bu da sevindirici haldır. Təəssüf ki, vaxtilə kitabla dolu olan və adına “Kitab pasajı” deyilən məkan indi sadəcə suvenir və yaxud telefon satılan mağazaya çevrilib.

Lakin başqa məkanlarda, məsələn, əvvəllər otel olmuş ərazilərdə kitab mağazalarının açıldığını da görürük.

Son zamanlar kitaba maraq artır. Bu da yeni kitab mağazaların yaranmasına səbəb olur. Hazırda ticarət mərkəzlərinin içərisində kitab mağazaları var. Ola bilər, həmin mağazalarda yetərli kitab yoxdur. Bu həm də o deməkdir ki, belə guşələr fəaliyyət göstərirsə, ən azı kitaba əvvəlkindən daha çox maraq müşahidə olunur.

Deyə bilmərəm ki, kitab mağazaları bağlanmır. Yox, bağlanır, amma həm də açılır.

- Mərkəz artıq 2 aydır fəaliyyət göstərir, gözləntilər özünü doğruldurmu?

- Gözləntilərimiz özünü doğrultdu və hətta üstələdi. Biz düşünürdük ki, bu yer gözəl olduğuna görə çox adam gələcək, kafedə və kitabların fonunda şəkil çəkdirəcəklər. Amma kitaba marağın bu dərəcə olacağına və oxucunun kitab almaq üçün gələcəyinə və ya oxuyacağına inanmırdıq. Bizi çox sevindirir ki, bu qədər insan mütaliə üçün Bakı Kitab Mərkəzinə üz tutur, həm selfi çəkdirir, həm də kitab oxuyur.

Fikrimcə, bunun özəyində bizim düzgün qiymət siyasətimiz dayanır. Qiymətlər nə qədər əlverişli olsa, insanlar bir o qədər kitab alar. Kitab baha olanda insan daha zəruri və ehtiyacı olan şeyləri alır, kitab isə kənarda qalır.

İnsan cismani baxımdan yaxşı qidalanmırsa, mənəvi qidaya ehtiyac görmür. Hər bir kəs ilk növbədə fiziki cəhətdən sağlam və razı olmalıdır ki, mənəvi cəhətdən də özünü zənginləşdirsin. Kitablarımız əlverişli qiymətlərlə satılır deyə insanlar da bunu dəyərləndirir və kitabları əldə etmək istəyir. Bu baxımdan qiymət siyasətimizin bəhrəsini görürük.

- Hansı nəşriyyatlarla əməkdaşlıq edirsiniz?

- Xarici nəşriyyatlardan daha çox Rusiya nəşriyyatları ilə işbirliyi qururuq. Ona görə ki, Bakıda indi də kitabları rus dilində oxuyanların sayı çoxdur. Bu tələbatı nəzərə alaraq Rusiyadan müxtəlif nəşriyyat evlərindən kitab sifariş edirik. Sovet İttifaqı dünya çapında daha çox mütaliə edən məkan kimi tanınırdı. İndi də Rusiyada kitaba tələbat çox böyükdür, ona görə də nəşriyyatların sayı da, kitab çeşidi də çoxdur.

Əsasən zəngin kitab assortimenti olan nəşriyyatlara sifarişlər veririk. Amma bu o demək deyil ki, Azərbaycanda kitab nəşri ilə məşğul olan şirkətlərlə əməkdaşlıq etmirik. Mərkəzimizdə heç bir məhdudiyyət yoxdur. İstənilən nəşriyyat evinin məhsullarını burada tapa bilərsiniz. Təbii ki, bu işin nəhəngləri var, sayca və assortimentcə zəngin olan nəşriyyatlar daha çox təmsil olunur və onlar hər zövqü qane edə bilər.

Ona görə ki, burada həm bədii, həm elmi, həm də elmi-populyar və uşaq ədəbiyyatının nümunələri var. Türkiyənin nəşriyyat evləri ilə də çox sıx əməkdaşlıq edirik. Avropa, ərəb ölkələrindən nəşrlər gəlir, yaxınlarda bu coğrafiyanı bir az da genişləndirəcəyik.

Artıq insanlar bilir ki, bizdən ingilislə yanaşı fransız, alman, italyan, ərəb-fars dillərində kitablar almaq olar. Mərkəzimizdə təkcə ingilis və rus dillərində deyil, dünya dillərində kitab tapmaq mümkündür.

- Eləcə də müxtəlif görüşlər, layihələr həyata keçirilir. Bunlar barədə məlumat verərdiniz...

- “Ulduzla oxu”, “Yazıçı ilə dialoq”, “Tarixlə üz-üzə” adlı proyektlərimiz Bakı Kitab Mərkəzinin özəl layihələridir. Bu layihələri fərqləndirməkdə məqsəd qarışıqlıq yaratmamaqdır. İnsanların zövqünə uyğun layihə seçməsinə imkan yaradılır. Artıq oxucularımız layihələri adı ilə tanıyırlar.

“Ulduzla oxu” layihəsi çərçivəsində məşhur ictimai və mədəniyyət xadimləri, şou ulduzları ilə görüşlər olur və bunun özəl yönü var. “Yazıçı ilə dialoq” layihəsində sırf yazıçılar, şairlərimiz iştirak edir. “Tarixlə üz-üzə” layihəsinə məhz tarixçi alimlərimiz, bu sahənin mütəxəssisləri dəvət olunur.

Bundan başqa, bazar günləri uşaqlar üçün “Oxu” layihələri təşkil edilir. Valideynlər, müəllimlər, yaxud sadəcə həvəskarlar gəlib öz təşəbbüsləri ilə uşaqlara kitab oxuya bilərlər. Ödənişsiz dil klublarına start vermişik. İstənilən şəxs müraciət edib müxtəlif xarici dillər üzrə bu klublarda iştirak edə bilər.

- Bakı Kitab Mərkəzini ziyarət edən görmə məhdudiyyətli uşaqlarla bağlı sosial şəbəkədə paylaşımınız vardı. İnternatlarla hansı formada əməkdaşlıq qurulub?

- Bizim artıq bir aksiyamız oldu, bu aksiya çərçivəsində 5 nömrəli internat evi ilə əlaqə yaratdıq və bu işdə bizə Firudin Köçərli adına uşaq kitabxanasının direktoru Şəhla Qəmbərova kömək elədi. Biz zəif görmə qabiliyyətli uşaqları mərkəzimizə dəvət etdik, 31 uşaq gəldi. Onları mərkəzimizdəki brayl avadanlığı ilə tanış elədik. Bu avadanlıq Mehriban xanımın təşəbbüsü ilə burada quraşdırılıb, çox nadir və qiymətli avadanlıqdır.

Görmə qabiliyyəti məhdud insanlar burayl üsulu ilə kitab oxuya, yaxud səsli olaraq onu eşidə bilərlər.

Həqiqətən o uşaqlar çox sevindi, onlara kitablar bağışladıq, fotolar çəkdirdik. Həmin görüş “Uduzla oxu” layihəsi ilə eyni günə düşmüşdü, xahiş elədik qonaq dəvət olunan tanınmış müğənni Miri Yusif uşaqlarla görüşdü. Uşaqların özlərini burada rahat və sərbəst hiss eləməsinə çalışdıq.

Əlbəttə, anlayırıq ki, onlar cəmiyyətdən müəyyən qədər təcrid olunublar və bunun da obyektiv səbəbləri var. Həmin gün çox səy göstərdik ki, onlar o hissləri yaşamasınlar, əksinə özlərini bu cəmiyyətin tamhüquqlu və bərabər üzvləri hesab eləsinlər. Mənə elə gəlir ki, biz məqsədimizə nail olduq.

Çox istəyərdik ki, belə aksiyalarımız tez-tez olsun. Təkcə görmə deyil, eşitmə əngəlli və yaxud başqa problemləri olan insanlar da var. Onlar da müxtəlif internatlarda yaşayırlar, onlar üçün də buraya gəlib mərkəzimizlə tanış olmaq, kitab oxumaq unudulmaz xatirəyə çevriləcək. Gələcəkdə belə görüşlərin sayını artırmağı düşünürük.

- Mərkəz açılan günlərdə sosial şəbəkələrdə çoxlu fotolar paylaşılırdı, buraya böyük axın vardı. Qəribədir ki, qapıdan içəri girəndə mühafizəçi üzərimdə fotoaparat olub-olmadığını soruşdu. Fotoları yalnız telefonla çəkməyə icazə verilir?

- Bəli, telefon və yalnız əl kameraları ilə çəkiliş aparmaq olar. Xüsusi peşəkar kameralarla çəkiliş qadağan olunub. Dediyiniz kimi ilk günlər ajiotaj vardı, bura gələnlərin sayı həddən artıq idi, insanlar həm şəkil, həm veriliş çəkmək, yaxud şirkətini reklam eləmək istəyirdi. Belə halların sayı çoxaldıqca bu, bizim mərkəzin işinə əngəl törətməklə insanlara da maneçilik yaradırdı. Ona görə ki, insanlar ilk növbədə buraya sakitlik, komfort üçün üz tutur, kitab götürüb oxuyurlar, həmin məqamda isə burada çəkiliş gedir, səs-küy olur, avadanlıq quraşdırılırdı.

Belə halların sayı artdıqca anladıq ki, bunun qarşısını almasaq, bu mərkəz bir azdan sadəcə olaraq reklam obyektinə çevriləcək, ürəyi istəyən gəlib veriliş çəkəcək, başqası müsahibə alacaq, yaxud şirkətlərinin reklamını edəcək.

Bu səbəbdən ilk həftədə bu axını görüb onun qarşısını almaq qərarına gəldik. Mənə elə gəlir ki, doğru addım idi, beləliklə hamıya “yox” deyirik, hansısa şirkət, veriliş və ya jurnal üçün istisna yoxdur, hər kəs üçün eyni qayda tətbiq olunur.

Bizim üçün vacib olan mərkəzin məramıdır, yəni kitab təbliği, maarifçilik və bunun üçün yaradılmış şəraitdən söhbət gedir.

- Mərkəzi kifayət qədər insan ziyarət edir, amma kassada sıxlıq müşahidə olunmur. Bunu necə izah edərdiniz?

- Alıcılıq qabiliyyəti özünü şənbə və bazar günləri göstərir. Həmin günlər müştəri axını olur, insanlar dincəlir, ailələri ilə bir yerdə şəhərə çıxır, mərkəzimizə də gəlirlər, həm kitab oxuyurlar, həm də onları əldə edirlər. Həftə içi daha çox kitab oxumaq üçün üz tuturlar, bura sakitlikdir, kitab mütaliyəsi üçün şərait var. Daha çox tələbələr, məktəbdən sonra şagirdlər gəlib bir küncdə oturub kitab oxuyurlar.

Bəzən kitabı burada oxuyub bitirirlər, almağa ehtiyac qalmır. Təbii, biz heç bir maneə yaratmırıq, elə bunu da istəyirik. Sadəcə oxuculardan xahiş edirik ki, kitabları yararsız hala salmasınlar. Çünki kitablar başqaları tərəfindən də oxunur, bu kitabları almasalar belə onlar yararlı halda olmalıdır ki, başqaları da istifadə edə bilsin.

- Kitabları yararsız hala salanlar da var?

- Bəli, kitabları əzirlər, səhifələri qatlayırlar ki, sabah həmin səhifədən davam etsinlər, yaxud bir rəfdən götürüb başqa rəfdə gizlədirlər ki, səhəri gün gəlib məhz özü tapıb oxusun. Bu da başqalarının imkanlarını məhdudlaşdırır.

Bu mərkəz ayrı-ayrı fərdlər yox, hamı üçün xidmətdədir, ona görə insanlar başqalarını da düşünməlidirlər.

- Bəs alıcılıq qabiliyyətindən razısınız?

- Razıyam, bir daha qeyd etmək istərdim ki, qiymətlər əlverişlidir. İnsanlar kitab almaqdan yadırğamışdı, bahalı olduğuna görə onu əldə edə bilmirdilər. Bizdə qiymətlər sərfəli olduğuna görə ala bilirlər. Az və ya çox, meyar kimi götürmək doğru deyil. Elə insan var, onun kitab almağa yox, sadəcə burada oxumağa imkanı çatır. Bu da dəstəklənir və hər bir şərait yaradılır.

Əlbəttə, biz də istəyərdik kitab daha çox alınsın. Çünki kitab da bir investisiyadır. Siz kitabı alanda o artıq evinizin kitabxanasını bəzəyəcək, onun ayrılmaz hissəsi olacaq, özəl malınız olduğuna görə ona daha diqqətlə yanaşıb gələcək nəsilə ötürəcəksiniz.

Təəssüf ki, kitabxanada olan kitaba daha etinasız yanaşılır, onu yararsız hala da salırlar. Bu isə yolverilməzdir.

- Mərkəzə rəhbərlik yaradıcılığınıza necə təsir edir, kitabların əhatəsində yazmaq daha rahatdır, yoxsa menecerlik işi vaxtınızı alır?

- Əlbəttə, inzibati işlər vaxtımın çox hissəsini əlimdən alır, sırf yaradıcılığa çox az vaxt qalır. Demək olar ki, həftənin yeddi gününü səhərdən axşama burada keçirirəm. Eləcə də hansısa tədbirlərə qatılıram, ailə məclislərinə gedirəm. Təbii, ailəmlə də olmaq istəyirəm, bu hallar istisna olmaqla həyatım burada keçir. Bu mənə həm maraqlıdır, həm də vacibdir. Çünki hələ mərkəzin işindən tam razı deyiləm, hələ çox məqamlar var ki, onları yoluna qoymaq, nəzarət etmək lazımdır. Bunu isə yalnız burada edə bilərəm, uzaqdan çətin olar, doğrusu, heç istəmirəm də.

Madam bu iş mənə həvalə olunub, çalışıram işə tam məsuliyyətlə yanaşım. Ona görə yaradıcılığa, başqa işlərə daha az vaxt qalır.

- Hazırda nə yazırsınız?

- Kitab üzərində işləyirəm. Həm də başqalarının mənə verdiyi kitabları oxuyuram, çox adam kitablarını gətirir və onların mərkəzdə satışda olmasını istəyir, o kitablarla və müəlliflərlə tanış olmalıyam. Təbii ki, buna da vaxtım gedir.

- Kitablarla tanış olandan sonra onun satışına qərar verirsiniz?

- Əlbəttə. Bəzən bir müəllif 15 kitabını gətirir və istəyir ki, hamısı burada təqdim olunsun. Düşünürük ki, buna ehtiyac yoxdur, əgər alıcı həmin müəllifin digər kitabların istəsə və sifariş eləsə, dərhal onları gətizdirə bilərik.

Mərkəzin də məhdud imkanları var. Dünyada nə kitab varsa, onu satışa qoya bilmərik. Müəlliflər başqalarına da yer verməlidirlər.

- Mərkəzin rəfində yer alması üçün əsərlərə qoyduğunuz kriteriyalar nədən ibarətdir?

- Əsas bədiilikdir, kitab gərək bədii yaradıcılıq məhsulu olsun. Hərdən müraciət edirlər ki, yuxu görmüşəm, onu qələmə almışam, istəyirəm mərkəzdə satılsın, yaxud hələ çap olunmamış kitabın təqdimatını keçirmək istəyirlər. Heç olmazsa, kitab işıq üzü görsün, biz kitabla tanış olaq görək həqiqətən bu kitabın satışa qoymağın mənası varmı, xeyri olacaqmı?

Hər yerindən durub kitab çap edənin kitabı satışa buraxıla bilməz. Kriteriyalar kitabın bədii, faydalı və maraqlı olmasındadır, sadəcə gözəl üz qabığı olan kitabı satışa çıxarmaq doğru olmaz. Seçim mütləqdir, indiyə kimi müraciətlərin 99 faizini razılıqla qəbul etmişik və onlar satışdadır.

- Son zamanlar Nobel mükafatı ətrafında müzakirələr gedir. İndiyədək Kamal Abdulla, Elçin Əfəndiyev, Əkrəm Əylislinin əsərlərinin Nobel üçün namizədliyi verilib. Bu il ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunmadı, ümumilikdə Nobelə layiq bildiyiniz müəlliflər kimlərdir, atanızmı, yoxsa başqalarının adını çəkmək olar?

- Sözün doğrusu, bu, bir az müəmmalı məsələdir. Ona görə ki, hərdən dünyada Nobel alanlara məəttəl qalırıq ki, bu insanı necə Nobel mükafatına layiq biliblər... Təbii ki, nəticələri şübhə altına qoymaq istəməzdim. Yəqin mükafata layiq görülənlərin hər birinin buna haqqı var və layiqdir. Bir az bizim üçün müəmmalı qalır ki, niyə məhz bu şəxs, əsər və ya fəaliyyət?!

Amma onun da öz kriteriyaları var və hər şeyi öz meyarlarımızla ölçmək düzgün olmazdı. Adlarını çəkdiyiniz yazıçıların hər biri mükafata layiq ola bilər. Niyə də olmasın? Dediyiniz ağsaqqal yazıçıların dünyada da kifayət qədər populyarlığı var. Yazıçı təkcə əyalət səviyyəsində, öz ölkəsində tanınmamalı, dünyaya da çıxışı olmalıdır. Bu yazıçıların bir çoxunun kitabları böyük tirajlarla xarici dillərə tərcümə olunub, xaricdə də nəşr olunub. Bununla belə, dünyada indiyə kimi Nobel alan yazıçılar səviyyəsində məşhur deyillər. Bu da yəqin reklam və yazıçının dünya səviyyəsinə çıxarılması ilə bağlıdır.

Bədii yaradıcılıq, yazılan əsər onların kəsb etdiyi məna ilə bilavasitə bağlı deyil. O cəhətdən deyə bilərəm ki, bizim yazıçılar arzuladığımız qədər dünyada reklam olunmur. Koalyo, Murakami, Luiza Hey kimi müəlliflər dünyaca məşhurdurlar, ancaq bir yazıçı kimi adlarını çəkdiyimiz yazıçılarla bir səviyyədə saxlamaq düzgün olmazdı.

- Niyə?

- Elə əsərlər var ki, sadəcə bir günlük, yaxud bir illik əsərlərdir. Elə əsərlər də var ki, əsrləri aşır, oxucular tərəfindən sevilir və əsl ədəbiyyat hesab olunur. İnanmıram ki, Avropa və ABŞ-da məşhur olan müəlliflərin əsəri bir əsr sonra tanınacaq. Bu, çox nisbi bir şeydir. Ədəbiyyat bir az başqa kateqoriyadır, ciddi və bir günlük ədəbiyyat var.

Nobel mükafatının özü də nisbidir, elm sahələrini nəzərdə tutmuram, hansısa icad və ya kəşflərə görə verilir, ancaq ədəbiyyatı qiymətləndirənlərin meyarları da hələ qiymətləndirilməlidir.

Dediyim kimi bu, mürəkkəb və müəmmalıdır. Ədəbiyyat ruhun məhsuludur, bu məhsulun ruhu gələcəkdə də qidalandıracağını demək çətindir. Kim deyə bilər ki, bu məhsul gələcəkdə də insanlara lazım olacaq, yoxsa tarixin zibilxanasına atılacaq?

Nobel mükafatına layiq yazıçılara gəlincə, düşünürəm ki, bu barədə yazıçı kimi mən yox, oxucular cavab versə, daha yaxşı olar.

- Yazıçıların piarından danışdınız. Diasporla İş üzrə Dövlət Komitəsində Azərbaycan mədəniyyətinin, ədəbiyyatının xaricdə təbliğ olunması, diaspor nümayəndələri ilə əlaqələrin qurulması işində iştirak etmisiniz və bu işin içində olan insan kimi problemlər barədə məlumatlısınız. Bizim ədəbiyyatçılar piarını niyə qura bilmir?

- Hesab edirəm ki, əvvəla, hər işdə daha mütəşəkkil olmalıyıq, bir məqsədə daha qüvvətlə vurmalıyıq, bütün səyimizi birləşdirib o hədəfə doğru yönləndirməliyik. İşlərimizdə pərakəndəlik çoxdur, eləcə də təəssüf ki, xaricdə yaşayan həmvətənlərimiz hərə özü üçün çalışır. Çox az yerlərdə insanların birləşdiyinin şahidi olmaq olar.

Bəli, çox tədbirlər keçirilir, həddən artıq aksiyalar təşkil olunur, təşəbbüslər var, ancaq mütəşəkkillik yoxdur. O mütəşəkkilliyi bədnam qonşularımızda görə bilirik, bir ideya uydurublar və əsrlərdir ona xidmət edirlər. Hətta bu sahə bilavasitə mədəniyyət, incəsənətə aidiyyəti olmasa belə onlar dəstəkləyirlər, maliyyələşdirirlər, lobbi işi güclüdür. Bunu hər bir səviyyədə, əllərində olmayan vasitədən belə istifadə edirlər. Bizdə əfsus ki, bu iş zəifdir.

Biz istəsək və mütəşəkkil şəkildə buna xidmət etsək, hər hansı bir yazıçını dünya səviyyəsinə çıxara, onu təbliğ edə bilərik ki, kitabları yayılsın, tərcümə olunsun, təqdimatlar keçirilsin.

Tək əldən səs çıxmaz, yazıçı təkcə nə edə bilər? Onun bacardığı iş yaratmaqdır, onları nəşriyyatlara təqdim edib kifayətlənməlidir, o, özünün piarı ilə məşğul olmamalıdır. Bizdə isə yazıçı həm yazır, həm əsərini maliyyələşdirir, onu satmağa, reklam eləməyə çalışır, həm də müsahibələr verir ki, onu daha çox tanısınlar.

Əslində bütün bunlar onun işi deyil, çox yüklənir, tükənir, bezir. Çox vaxt müşahidə edirəm, bizə kitablarını gətirirlər ki, təki satılsın, hansı qiymətə satılmasının əhəmiyyəti yoxdur, deyirlər gəlir də əldə etmək istəmirəm. Halbuki belə olmamalıdır, ümumiyyətlə, yazıçının kitablarını nəşriyyat və onun agenti təqdim etməli və əsərlərin satılmasında o maraqlı olmalıdır.

- Bizdə bu iş prinsipi qurulmayıb...

- Bəli, heç çoxlarının bu iş prinsipindən xəbəri yoxdur. Yazıçı düşünür ki, əsas odur əsərim çap olunsun, satılsın, yaxud qohum-əqrəbaya paylayım, nəşriyyat da pul çıxarmağı fikirləşir. Ona görə də nə dünya səviyyəsinə çıxa , nə özümüzü piar edə bilirik, nə də başqa ölkələrdə bizi tanıyırlar. Çox məhdud çevrə bizi tanıyır. Türkiyədə bizim yazıçılarımızı ədəbiyyatçılar tanıyır, bu da müxtəlif tədbirlərdə, kitab yarmarkalarında iştirak elədiklərinə görədir. Vəssalam, kütlə onları tanımır.

Amma Türkiyədə türk yazarlarını demək olar hamı tanıyır, elə hesab eləmirəm ki, bizdə onlardan zəif yazıçılar var. Yox, elə o səviyyədə və ya daha maraqlı və aktual mövzularda yazan yazıçılar var ki, onları heç kəs tanımır. Mexanizm düzgün qurulmayıb.

- İxtisasca şərqşünassınız, amma bu sahədə heç zaman çalışmamısınız, elə deyilmi?

- Yox, şərqşünas kimi çalışmamışam, diplomum var, bəlkə də tale belə gətirib, özümü başqa sahədə tapmışam, özümü məhz ədəbiyyatda lazımlı bilirəm. Düşünürəm ki, ölkəmə türkologiya və ya şərşünaslıqla məşğul olmaqla deyil, başqa sahə ilə daha çox xeyir gətirə bilərəm.

- Şərq ölkələrində baş verənləri izləyirsiniz?

- Hər bir izləyici kimi müşahidələr aparıram, analizlər edirəm. Bunun üçün heç şərqşünas olmaq lazım deyil. Hərdən özüm üçün şərhlər edirəm.

- Ermənilərin güclü lobbi fəaliyyətinin olduğunu vurğuladınız. Biz Azərbaycanla bağlı həqiqətləri nə qədər dünyaya çatdırsaq da, hələ də fəaliyyətimiz yetərsizdir. Bəzən deyirlər avropalı dəhşətlərin əks olunduğu fotolara artıq etinasız yanaşır. İndiki dövrdə hansı formada təbliğatı önəmli sayırsınız? Yeni dövr nələri tələb edir?

- Bəli, bu formada təbliğat düzgün deyil. Dünyada hər gün çox acınacaqlı nəticələrlə sonuclanan terror aktları olur. Ələlxüsus müsəlman dünyasında nə qədər uşaq qətlə yetirilir. Bu informasiyalar o qədər adiləşib ki... Dəhşətlisi odur ki, insanlar etinasızlaşıb.

Bu hadisələr sanki normala çevrilib, insanlar düşünür ki, əlavə yüklənməyim, maraqlanmayım. Ona görə də biz nə qədər bu şəkilləri sərgilərdə nümayiş etdirsək, məhz bu yolla hərəkət etsək, o qədər əks-reaksiya doğuracaq. Sadəcə olaraq insanlar yüklənmək istəməyəcəklər, problemin mahiyyətinə varmayacaqlar, dönüb çıxıb gedəcəklər.

Mənə elə gəlir ki, yollar fərqli olmalıdır. Ən yaxşı elçi mədəniyyətdir, bu problemi mədəni yollarla, incəsənət, musiqi, təsviri incəsənətimizlə, bədii-publisistik əsərlərlə insanlara çatdırmalıyıq. Bizim yolumuz haqq yoludur, heç nədən utanmadan etməliyik. Bunu nə qədər səmimi eləsək, bir o qədər doğru yol tapmış olacağıq.

Mənə elə gəlir ki, bu sahədə həm ədəbiyyat, həm də mədəniyyət və incəsənt xadimlərimiz öz sözünü deməlidir. Həqiqətən onların üzərinə böyük məsuliyyət düşür.


Müəllif: Nərgiz Ehlamqızı

Oxşar xəbərlər