13 Noyabr 2018 18:58
456
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən DOST Agentliyinin və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək “DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2018-ci il tarixli Sərəncamına əsasən, 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan xərclərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahəsində xidmətlər göstərəcək “DOST” mərkəzlərinin yaradılması və fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, bundan əvvəl də dövlət başçısının 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə Agentliyin fəaliyyətinin təşkili, “DOST” mərkəzlərinin yaradılması və əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 milyon manat ayrılmışdı.

“DOST” layihəsinin uğurlu icrasına yönələn bu sərəncamlar əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasının dövlət başçısının diqqət mərkəzində olduğunu bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən DOST Agentliyinin və 124 növdə xidmət göstərəcək “DOST” mərkəzlərinin yaradılması üçün müvafiq işlər davam etdirilir. Nazirlik tərəfindən artıq “DOST” konsepsiyası, aidiyyəti hüquqi bazanın formalaşdırılması məqsədilə normativ hüquqi aktların layihələri, “DOST” mərkəzlərinin struktur, operativ iş rejiminin modeli, proseslərin icra mexanizmi, yol xəritəsi, elektron formada xidmətlər üzrə pasport nümunələri, vəzifə təlimatları və s. hazırlanıb.

Cari ildə Bakı şəhərində ilk “DOST” mərkəzinin açılması ilə bağlı işlərə başlanılıb və növbəti illərdə də respublikamızın bölgələrində belə mərkəzlərin açılması nəzərdə tutulub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər