25 Avqust 2014 10:31
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın AŞPA-da Nümayəndə heyətinin üzvü Elxan Süleymanov AŞPA prezidenti Ann Brössora və AŞPA Büro üzvlərinə, Baş katib Voytsex Savitskiyə və Avropa Şurasının Baş Katibi Tyorbörn Yaqlanda müraciət edib.

Teleqraf.com-un məlumatına görə, müraciətdə bildirilir ki, AŞPA-nın iyun sessiyası bir sıra maraqlı və vacib məsələlərin müzakirəsi ilə yadda qaldı: "Mənim müəllifliyimlə təqdim edilmiş və 14 üzv dövləti təmsil edən 58 üzvün imzaladığı Azərbaycan ərazilərini işğal altında saxladığına görə Ermənistana sanksiyaların tətbiq edilməsini tələb edən qətnamə layihəsi 27 iyunda Büronun diqqətini çəkdi və bir qərar verilməsə də, gərgin müzakirələrə səbəb oldu. İyunun 22-si Sədarət Komitəsində Katiblik bu qətnamə layihəsinə qarşı son dəqiqə prosedur etirazı qaldırdı, baxmayaraq ki, qətnamə layihəsi daha əvvəl rəsmi çap edilmişdi və beləliklə, Qaydalara tam müvafiq idi. İyunun 22-si qətnamə layihəsinə qarşı heç bir Qayda sözbəsöz sitat gətirilə bilməsə də, üzvlər Katibliyə qarşı danışmağa tərəddüd etdilər. Nəticə etibarilə, qətnamə layihəsinin məruzə üçün Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə yekdil qərar verildi. Bu “centlmen sazişi” barədə iyunun 23-ü AŞPA Baş Katibi cənab Savitski tərəfindən mənə məlumat verildi. İyunun 23-ü baş tutan görüşdə mənə sanksiyalar tələb etməyən qətnamə layihəmi müvafiq şəkildə yenidən yazmaq və 18 saat ərzində tələb edilən imzaları yenidən toplamaq təklif edildi. Eyni zamanda bu görüş zamanı Savitski mənə bildirdi ki, əgər tələb olunan formatda yeni qətnamə layihəsi təqdim etməsəm katiblik tərəfindən bu mövzuda yeni bir qətnamə layihəsi hazırlanacaqdır. İlk qətnamə layihəm tamamilə qaydalara uyğun olduğu üçün əvvəlcə bu təklifi qəbul etməkdən imtina etdim. Lakin Katiblik tərəfindən ciddi təzyiqi anladığımdan, tələb edilən qısa vaxtda yeni qətnamə layihəsi irəli sürməyə müvəffəq oldum. Olduqca təəccüblüdür ki, hətta kompromisə gedərək yeni qətnamə layihəmi irəli sürdükdən qısa müddət sonra eyni mövzuda (!) üçüncü, beynəlxalq ictimaiyyəti aldadan, Azərbaycan xalqının gözünə kül üfürən növbəti formal xarakterli, aldadıcı və faktiki olaraq Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini özündə ehtiva etməyən, cənab Savitskinin mənə iyunun 23-ü görüşdə dediyi qətnamə layihəsi üzə çıxdı. Mənim qətnamə layihəmdən bir neçə saat sonra irəli sürülmüş “Dağlıq Qarabağ münaqişəsi” adlı həmin qətnamə layihəsi açıq-aydın Ermənistanın maraqlarına xidmət edir, belə ki, burada Ermənistan tərəfindən işğal edilmiş bütün Azərbaycan ərazilərinin vəziyyəti işıqlandırılmır. Bu isə bir daha onu deməyə əsas verir ki, beynəlxalq təşkilatlar və ermənilər Ermənistan tərəfindən hərbi işğal altında saxlanılan ətraf yeddi Azərbaycan rayonunu müzakirə etməkdən çəkinirlər".

E.Süleymanov bildirir ki, onlar öz mətnlərinin “daha tarazlaşdırılmış” olduğunu iddia edərək, müəllifi və bəzi üzvləri bu “üçüncü” formal xarakterli qətnamə layihəsini imzalamağa inandıra bildilər, lakin bu sənəd onu imzalayanları sadəcə çaşqınlığa saldı: "Yalnız ermənilərin işğal edilmiş bütün ərazilərin vəziyyətinə dair açıq müzakirə aparmağa göstərdikləri müqaviməti ört-basdır edir. Hər üç qətnamə layihəsi Büronun 27 iyun gündəliyinə salınmışdı, bu isə hər üç sənədin açıq-aydın qaydalara müvafiq olduğunu bildirirdi və parallel müzakirə edildi. Təəssüf ki, aydın şəkildə Ermənistanın adından hərəkət edən bir neçə Büro üzvü Büro iclasında qəsdən tam çaşqınlıq və böyük gərginlik yaratdı. Nəticədə, hər üç qətnamə layihəsinə dair istənilən qərar Büronun 2 sentyabr 2014-cü ildə Parisdə keçiriləcək iclasına qədər təxirə salındı.

Hörmətli həmkarlar,
Düzəliş edilmiş qətnamə layihəmin Siyasi Məsələlər Komitəsinə yönləndirilməsi barədə Sədarət Komitəsi və Baş Katibin centlmen sazişinin hələ də icra edilmədiyinə həqiqətən təəssüf edirəm. Qərar sadəcə təxirə salınıb və sizin hələ də sentyabrın 2-si Büroda Azərbaycanın işğal edilmiş bütün ərazilərinə dair açıq müzakirə, hərtərəfli məruzə və konstruktiv qətnaməyə çağıran hər iki qətnamə layihəmin lehinə səs vermək imkanınız var".

Millət vəkilinə görə, ermənilər qətnamə layihələrinə əsaslanan məruzəni qəbul etməmək üçün sizə böyük təzyiq göstərəcəklər: "Sessiyadan bir neçə gün sonra Ermənistan nümayəndə heyətinin üzvü Arpin Hovannisyan tərəfindən “Azərbaycanda korrupsiya barədə yazan tədqiqatçı jurnalistlərin sıxışdırılması” adlı digər qətnamə layihəsi irəli sürüldü. Yalnız bir Azərbaycan fəalı barədə köhnəlmiş mövzuda olan bu qətnamə layihəsinin irəli sürülmə vaxtı və bütün erməni deputatların onu imzalaması təsadüfi deyil. Açıq-aşkar Azərbaycan torpaqlarını 23 ildən artıq müddətdə işğal altında saxladığı üçün AŞPA-da Ermənistan nümayəndə heyətinə sanksiya tələbindən sığortalanmaq məqsədi güdən və mənim təqdim etdiyim qətnamə layihəmdən dərhal sonra Ermənistanın müəllifliyi ilə quraşdırılan bu qondarma qətnamə layihəsi sizcə bilavasitə Ermənistanın işğalçı siyasətinə xidmət etmirmi?

Azərbaycanın işğal etdiyi ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirmiş, 1 milyon mülki əhalini qaçqın və məcburi köçkünə çevirmiş olan Ermənistana qarşı beynəlxalq təşkilatların, o cümlədən AŞPA-nın sanksiyalar tətbiq etməməsi, əksinə onu öz çətiri altına alaraq sanksiyalardan sığortalaması işğalçı dövlət olan Ermənistanı Azərbaycana qarşı yeni cinayətlər törətməyə həvəsləndirir. Cari ilin iyul ayının sonu avqustun əvvəllərində Ermənistan qoşunların təmas xətti boyunca və cəbhə xəttindən kənarda Azərbaycanın sərhədyanı rayonları boyunca müxtəlif istiqamətlərdə atəşkəs rejimini pozması, Azərbaycana qarşı silahlı basqınlar etməsi, kəşfiyyat-təxribat əməliyyatları həyata keçirməyə çalışması ciddi silahlı qarşıdurmaya gətirib çıxarmış və çox sayda insan tələfatı ilə, Azərbaycanın cəbhədən xeyli kənarda olan sərhədyanı rayonları olan Aqstafa, Tovuz və Gədəbəydə məktəbyaşlı uşaqların yaralanması ilə nəticələnmişdir. Hesab edirəm ki, cəbhə xətti və Ermənistan-Azərbaycan sərhəddi boyunca müxtəlif istiqamətlərdə açıq müharibəni xatırladan bu təhlükəli vəziyyətin yaranmasının beynəlxalq-hüquqi məsuliyyətini işğalçı Ermənistanla onu himayə edən və uzun illərdir ki, bu işğalçı dövləti sanksiyalardan sığortalayan beynəlxalq təşkilatlar, o cümlədən AŞPA bölüşdürməlidir".

Nümayəndə heyətinin üzvü Elxan Süleymanov inanır ki, düzgünlük, ləyaqət və obyektivliyi müdafiə edən bütün üzvlər Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycan Respublikası ərazisinin beşdə-birini 23 il müddətində Ermənistan tərəfindən işğal altında saxlanılması faktını diqqətdən kənarda qoymayacaq: "Mən inanıram ki, siz Ermənistanın həmişəki toxunulmazlığını kor-koranə müdafiə edərək, korporativ maraqlar və sui-istifadə edilən dini həmrəylik qarşısında diz çökməyəcək, əksinə, Avropanın demokratiya, insan hüquqları və qanunun aliliyi evində, hamımızın həqiqətən inandığımız və ümid bəslədiyimiz bir evdə mənimlə birgə ədalət tələb edəcəksiniz. Nəhayət, inanmaq istəyirəm ki, öz obyektivliyi və prinsipiallığı ilə seçilən qüvvələr Avropa Şurasının əsas sənədlərində ehtiva edilmiş və AŞPA-da Ukrayna hadisələri ilə bağlı qəbul edilmiş qərarda göstərilən prinsiplərdən çıxış edərək, Azərbaycan ərazilərinin uzun müddət ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmasına biganə qalmayacaq, Ermənistanın toxunulmazlığını təmin etmək istəyən qüvvələrin korporativ maraqlarının Avropa dəyərləri üzərində qələbə çalmasına imkan verməyəcək, hər iki qətnamə layihəmin məruzəçi təyin olunması üçün Siyasi Komitəyə göndərilməsi barədə qərar qəbul edəcəksiniz".

Ruslan


Müəllif:

Oxşar xəbərlər