14 Noyabr 2018 23:58
487
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ölkəmizə səfərə gəlmiş Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel, assosiasiyanın baş katibi, Paris-Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva və təşkilatın digər üzvləri ilə görüşüb. Bu barədə Teleqraf.com-a Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətin fəsadlarının aradan qaldırılması, öz tarixi torpaqlarından didərgin düşmüş 1 milyondan çox qaçqın və məcburi köçkünün sosial problemlərinin həll edilməsi üçün dövlətimizin gördüyü tədbirlər haqqında ətraflı söhbət açılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin sosial siyasətində bu məsələ prioritet istiqamətlərdəndir. Hələ də ağır şəraitdə yaşayan məcburi köçkünlərin yeni mənzillərlə təmin edilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi nəzarətindədir və bu məqsədlə yaşayış kompleksləri inşa edilir.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasının vacibliyi vurğulanıb, bununla bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin, digər beynəlxalq təşkilatların qəbul etdiyi qərarların indiyədək yerinə yetirilməməsinin ciddi narahatlıq doğurduğu bildirilib.

Azərbaycan dövlətinin işğaldan azad ediləcək ərazilərdə bərpa-quruculuq işlərinə hazır olduğunu diqqətə çatdıran komitə sədri 2016-cı ilin aprelində ordumuzun apardığı əks-hücum əməliyyatı nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin dinc həyata qovuşduğunu, yerli sakinlərin geri qayıtmasına hər cür şərait yaradıldığını və onların kənddə inşa edilmiş evlərdə yerləşdirildiyini, məşğulluq məsələlərinin həlli üçün tədbirlər görüldüyünü xatırladıb.

Vurğulanıb ki, Ermənistanın ərazi iddiası və işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi vacibdir. Bu istiqamətdə Fransada Azərbaycanın Dostları Assosiasiyasının üzvlərinin də fəallığı mühüm əhəmiyyət kəsb edir.

Bildirilib ki, ATƏT-in Minsk qrupunun həmsədri və Avropa İttifaqının əsas ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllində fəal iştirakına böyük ümid bəslənilir.

Assosiasiyanın prezidenti Jan-Fransua Mansel Bakıda və Cocuq Mərcanlıda məcburi köçkünlərlə görüşəcəklərini və onların taleyi barədə həqiqətləri Fransada ictimailəşdirəcəklərini bildirib. O qeyd edib ki, dünya ictimaiyyətinin münaqişə qurbanlarının taleyinə biganə qalması yolverilməzdir.

Görüşdən sonra nümayəndə heyəti Yasamal rayonunda məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yataqxanada və Abşeron rayonunun Masazır qəsəbəsi ərazisindəki yaşayış kompleksində vəziyyətlə tanış olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər