Günümüzün ən böyük və ən maraqlı macəraları artıq real həyatda yox, kompüter, mobil telefon ekranlarında yaşanır. İnsanlar biri-birləri ilə virtual dünyada tanış olur, ailə qurur, ayrılır və ya boşanırlar. Nə yeyəcəklərinə, nə geyinəcəklərinə burada qərar verirlər...
Son illərin cütlükləri arasında yaşanan boşanma və cinayət statistikasında da sosial şəbəkələrin ağır çəkisi var. Bəlkə də bundan yaranan qorxuya, bəlkə şəxslərin özünə olan inamsızlığına, şəxsiyyət böhranına, bəlkə də bölüşə bilməməyə, bəlkə digər səbəblərə görədir ki, sevgili, ər-arvad münasibətlərində olan cütlüklər bir-birinin sosial şəbəkə hesablarına nəzarət etmək niyyətinə düşür.
Şübhəsiz ki, baxışlar müxtəlifdir və cütlüklər arasında şəxsi hesablara nəzarət məsələsi ya onların həyatını alt-üst edir, ya da nizama salır. Görəsən, onların bu barədə fikirləri necədir?
Teleqraf.com mövzu ətrafında yaranmış sualla bağlı sorğu keçirib.
“Bu, müdaxilədir”
Jurnalist Elnarə Kərimova: “Hesab edirəm ki, “şəxsi” deyilən bir anlayış var. Bu anlayış şəxsi əşyadan tutmuş, şəxsi münasibətə qədər çox şeyi əhatə edir. Bu “şəxsi”yə ən yaxın adamın belə istəkli və ya istəksiz daxil etməyin tərəfdarı deyiləm. Bu, insanın “şəxsi” anlayışına müdaxilədir.
Sosial şəbəkənin daşıdığı funksiya adından bəllidir. Hətta ən yaxın münasibətdə olduğun şəxsin belə, sosial şəbəkə hesabını hansısa formada nəzarət altına almaq cəhdi şüuraltı ona inamsızlığın açıq müstəviyə keçməsidir.
Özünə hörmət edən biri bunu qəbul və ya tətbiq etməməlidir. İstisna ancaq azyaşlıların sosial şəbəkə hesablarına nəzarət ola bilər ki, burada məqsəd onları qorumaqdır”.
“Bir mənası yoxdur”
Jurnalist Yeganə Oqtayqızı: “Sosial şəbəkənin evlilər və ya bir-birinə yaxın münasibətdə olan insanlar arasında narazılıq yaratması barədə çox eşitmişik. Adətən, cütlüklər arasında sosial media hesabının parolunu paylaşmaq istəməyəni xəyanət edən tərəf kimi qəbul edirlər. Hətta sosial şəbəkənin ailələrin dağılmasında az rolu olmadığı da deyilir.
Amma mən buna bir məna verə bilmirəm. Münasibətlərin təməlində boşluq varsa, sosial şəbəklər buna bəhanədir.
Sosial hesabımın parolunu heç kimə vermərəm və kimdənsə bunu istəmərəm. Çünki şəxsi hesab mənə aiddir və kimsənin on amüdaxilə etməsinə razı olmaram.
Bunun münasibətlərə faydası olduğunu düşünmürəm. Zatən güvən hissi zədələnirsə və ya yoxdursa, orada hər şey bitib”.
“Bunu təhqir hesab edirəm”
Yazar Aysel Abdullazadə: “Sevgili, lap ər-arvad olsa da, sosial şəbəkə hesablarını bir-birinin nəzarəti ilə işlətməsi insanların özlərinə və münasibətlərinə təhqirdir. Məsələ nəyisə gizlətmək deyil. İnsanlara aid özəl şeylərin olduğunu anlamaqdır. Ər-arvad münasibətində belə, hər iki tərəfin özünə aid özəli, şəxsi yaşamı, yalnız özündən ibarət köşəsi olmalıdır. Yoxsa insan özü ola bilməz.
Bu, valideyn-övlad münasibətində də keçərlidir. Bəlli bir yaşa çatdıqdan sonra valideyn övladın özəlinə toxunmamalıdır. Ondan sosial hesablarının şifrəsini istəməyə ixtiyarı yoxdu. Nə də övladın belə bir öhdəliyi yoxdur valideyn qarşısında. Yaş məsələsini nəzərdən qaçırmaq olmaz.
Sevgililər də belə xırda şeyləri özlərinə problem edir çox vaxt, hətta bir digərinə şifrəni vermir deyə ayrılıqlar da yaşanır. Bu, hələ o münasibətə hazır olmamaqdır, insana güvənməyi bacarmamaqdır, özgüvənsizlikdir, qarşıdakını qəbul edə bilməməkdir.
Mənim həyat yoldaşım heç bir sosial şəbəkədəki hesabımın login və şifrəsini bilmir, heç istəməyib də. Mən də həmçinin və bu, bizə problem yaratmır. Dediyim kimi, insanların özəl bir şeylərinin qalmasına imkan vermək lazımdır”.
“Olmaz...”
Bloqqer Günel Fərhadqızı: “Başqasının səhifəsinə nəzarəti birmənalı qarşılamıram. Birincisi, informasiya təhlükəsizliyi və şəxsi məlumatların ötürülməsi baxımından düzgün deyil.
İkincisi, nə qədər yaxın münasibətdə olsalar belə, hər bir kəsin özəl həyatı var ki, buna müdaxilə etmək olmaz.
Üçüncüsü, güvən məsələsi baxımından düzgün deyil. Güvənmirsənsə, niyə bu münasibət davam edir, güvənirsənsə, niyə müdaxilə və nəzarət edilməlidir?
Dördüncüsü, birinin adından başqası öz şəxsi mülahizə və yanaşmasına görə kimisə bloka ata və ya ismarıc yollaya bilər ki, bu da etik deyil. Bəlkə bunu səhifənin sahibi istəmir, bundan xəbərdar deyil”.
“Absurddur”
Şair Emin Piri: “Bu elə məsələdir ki, bizim və ya digərlərinin bunu bəyənməməsi kimi amillər absurddur. Səhifələrin ictimailəşmiş şəxslərin adından idarə edilməsi gözlənilməz hadisələr yarada bilər.
Belə baxsaq, bir çox fiqurların şəxsi hesabını muzdlu işçilər idarə edir. Daha aşağı təbəqədə isə bunu sevgililər edə bilər, amma bu da inamdan yox, inamsızlıqdan irəli gəlir. İnanan adam sevgilisinin şəxsi hesabını niyə idarə etsin?”
“Hər addımbaşı...”
Qiraətçi, şair Xəzər Süleymanlı: “Bunu düzgün hesab etmirəm. Münasibətlər ilk növbədə inamdan başlayır. Yəni insan başqa bir insanla ona inanmaq istədiyi və ya inandığı üçün münasibət qurur.
İnam yoxdursa, o münasibətin nə mənası var? Təbii ki, müəyyən qədər nəzarət olmalıdır. Bu nəzarət isə qarşı tərəfə olan sədaqətlə, hörmətlə, sevgiylə ölçülməlidir, hər addımbaşı yoxlamaqla, sorğu-sualla yox”.
“Əlbəttə, doğru deyil”
Jurnalist Fidan Bayramova: “Mənə görə belə bir tələb doğru deyil. Amma mən şəxsən nəzarətdə saxlamasam belə, beyinin bir köşəsində “əcəba”lar olmamış deyil. Təbii ki, bu, qeyri-etikdir. Hələ sənin tanıdığın, güvəndiyin biridirsə, belə bir şübhələri doğru saymıram.
Fərqli durumlar, məqamlar da ola bilər. Bir insan həddindən artıq şübhəçi xarakterə sahib ola bilər və münasibətdə olduğu biri nə qədər dürüst insan olsa, yenə də öz qorxularına yenilib ona nəzarət etmək fikrinə düşər.
Yaxud aralarındakı münasibətdə zamanında yaşanmış bir güvənsizlik, bir yalan varsa, haqlı sayıla bilər. Yəni, bu sualın cavabı insanların xarakteri və yaşadıqları münasibətlərə görə dəyişə bilir”.
“Sevginin gücünün göstəricisi bu deyil”
Jurnalist Vüsal Qarayev: “Bu, fərdi məsələdir. Yəni iki insan arasında anlaşmadır. Əgər bir ailədə, yaxud münasibətdə biri-birinin sosial şəbəkədə fəaliyyətinə nəzarət etmək hər iki tərəf üçün xoşdursa, buna hər iki tərəf razıdırsa, bu onları narahat etmirsə, bu başqalarını da narahat etməməlidir.
Yox, tərəflərdən birini bu nəzarət sıxırsa, yenə də onlar özləri öz aralarında anlaşıb həll etməlidirlər . Yəni, kimisə bu məsələdə qınamaq doğru olmaz.
Şəxsən özüm haqda deyə bilərəm ki, bizim ailədə qəti şəkildə şəxsi profili, messenceri, votsapı, telefonu yoxlamaq, izləmək, bir-birimizin sosial şəbəkədə fəaliyyətinə nəzarət etmək yoxdur. Şəxsən öz adıma deyirəm, mənə görə bu, absurddur. Mənə görə bu inamsızlıq, etibar etməməkdir”.
“Qısqanclıq inamsızlıqdan qaynaqlanmır”
Jurnalist Nigar Orucova: “Bu güvənsizlikdən yaranan bir haldır. Mən özüm isə belə düşünmürəm. Əgər şəxslər yaxın münasibətdə olduğu insana öz şəxsi hesablarını əmanət edirsə, bu həm də ona güvəndiyi üçündür, əlbəttə, güvən qarşılıqlıdırsa...
Şəxsi hesab dediyimiz yer bir platformadır və biz orada sadəcə istifadəçiyik. Həyatımızın böyük və ciddi qismini əhatə etməyən platformaya görə yaxın münasibətdə olduğumuz insana “bu mənim şəxsi hesabımdır, sən nəzarət edə bilməzsən” deməyi düzgün hesab etmirəm”.
“Sosial şəbəkəyə tanışlıq məkanı kimi baxmaq doğru deyil”
Jurnalist Əfsanə Şükürova: “Cütlüklərin bir-birinə etibarı xoşbəxtlik üçün vacibdir. Yaxın insanların sosial şəbəkələrini nəzarətdə saxlaması şəxsi işdir.
İnsanların bir-birlərinə etibarının olmaması, qısqanclığı və ətrafdan sevdiyi insanı qorumaq hissi bəzən hər cür addım atmağa vadar edir.
Amma istənilən halda bir insan hansısa addımı atacaqsa, o nəzarətdə olsa da bunu edəcək. Müasir dövrün problemlərindən biri də sosial şəbəkələrə tanışlıq məqsədi ilə baxan şəxslərin olmasıdır və ən əsası da savadsızlıqdır”.
“Təqsir həmişə zərərçəkəndə olur”
Yazıçı Sərdar Amin: “Alan razı, verən razı... Əgər kimsə öz hesabının digər bir şəxs tərəfindən izlənməsindən narahat olmursa, bunu edə bilər.
Mən düşünürəm ki, insanın məhrəmləri, fərdi davranışları yalnız özünə aid olmalıdır. Çünki burda təkcə bir şəxsin fərdi haqqı pozulmur, həm də onun danışdığı şəxs və şəxslərin bu fərdə olan fikirləri bir növ ictimailəşir. Ona görə də normal saymıram.
Bir şeyi də müşahidə etmişəm ki, belə məsələlərdə adətən təqsir zərərçəkəndə olur. Yəni problem hesabı izlənən şəxsin zəifliyindən irəli gəlir”.
“Münasibətim mənfidir”
Jurnalist Zeynəb Əkbər: “Bu müdaxilənin səbəbi əlbəttə, güvənsizlikdir. Yaxın münasibətin təməlində hər şeydən öncə qarşılıqlı etibar dayanır. İstər sosial şəbəkə hesabına, istərsə də telefon danışıqlarına nəzarəti insanlara qarşı təzyiq hesab edirəm.
Bu kimi hallar daha çox ərgən münasibətlərdə və ifrat dərəcəli mühafizəkar ailələrdə yaşanır və nəticədə şəxslər arasında əlaqələr başa çatır və ya mütəmadi mübahisələr olur. Buna görə də, mübahisəyə səbəb olan hər bir incə məqama münasibətim mənfidir”.