22 Noyabr 2018 15:40
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Gürcüstan və Türkiyə sözsüz ki, çox qeyri-sabit regionda yerləşir. Üç ölkənin ikisinin işğal olunmuş əraziləri var.

Bunu Teleqraf.com-a açıqlamasında hərbi ekspert Azad İsazadə deyib.

O qeyd edib ki, hazırda İranda və Yaxın Şərqdə praktiki olaraq qeyri-sabitlikdir:

“Qara dəniz çox da uzaqda deyil. Gürcüstan Qara dəniz vasitəsilə Türkiyəyə çıxış əldə edir. Qara dəniz hövzəsində isə Ukrayna problemi var. Şimali Qafqaz da dinc yer deyil. Bu gün 3 ölkəni ən çox narahat edən sözsüz ki, bizi birləşdirən enerji və nəqliyyat layihələrinin taleyidir. Bu layihələrin təhlükəsizliyini təmin etməyi hansısa ölkə təkbaşına bacarmaz. Biz bunu bir yerdə etməliyik. Demək, söhbət təkcə ərazi baxımından təhlükəsizlikdən getmir, o cümlədən anti-terror əməliyyatlarından gedir”.

Azad İsazadənin sözlərinə görə, birgə fəaliyyət ilk növbədə 3 ölkənin fərqli ordu quruluşunu tanımaqdan, birgə təlim keçməkdən və hansısa praktiki, taktiki əməliyyatlara hazırlaşmaqdan ibarətdir:

“Bu tədbirlərin hara gətirib çıxaracağına gəldikdə isə deməliyəm ki, bəlkə də yaxın vaxtlarda nəticə əldə etmək mümkün olmayacaq. Ancaq işlər bu templə gedərsə, ən optimal variant 3 ölkənin hansısa birgə sülhməramlı, yaxud təhlükəsizliyi təmin edən qurum yaratması ola bilər. Birgə nəzarət, birgə təhlükəsizlik proqramları işlənib hazırlana bilər, hansısa koalisyon hərbi qurum yaratmaq da mümkün görünür”.

Hərbi ekspert əlavə edib ki, bu işə istər Rusiya, istər Qərb, istərsə də İrandan təzyiq göstərilməsi ehtimalı da var:

“Çünki Türkiyə NATO ölkəsidir. Gürcüstan NATO-ya üzvlük prosesindədir. Biz isə neytral mövqedəyik. Bundan başqa, ərazi itkilərimiz var, torpaqlarımız işğal altındadır. Bölgədə Türkiyənin də cəlb edildiyi Suriya problemini də qeyd edə bilərik. Amma gələcəkdə şərti olaraq hansısa sülhməramlı kontingent yaradılması pis olmazdı”.

Qeyd edək ki, noyabrın 21-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin III üçtərəfli görüşü keçirilib. Görüşdə çıxış edən Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia üçtərəfli əməkdaşlığın çox vacib olduğunu bildirib. O qeyd edib ki, hər üç ölkə aktiv şəkildə müştərək təlimlər keçirəcək:

“Bu təlimlər bizim hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi yönündə xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda təhsil, idman sahəsində əməkdaşlıq edəcəyik”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər