22 Noyabr 2018 19:14
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun elmi şurasının iclası keçirilib.

İnstitutdan Teleqraf.com-a bildiriblər ki, iclasda tarixçi alimlərimizin əsərlərinin impakt faktorlu jurnallarda çap edilməsi imkanları ilə bağlı qarşıda duran vəzifələr müzakirə olunub.

Akademik Yaqub Mahmudov qeyd edib ki, institut Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna, Çin, Bolqarıstan, Albaniya, Polşa və digər ölkələrin elmi qurumları ilə əməkdaşlıq edir. Bildirilib ki, Prezident İlham Əliyev AMEA-nın Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institut əməkdaşlarının tədqiqat işlərinə çox yüksək qiymət verib.

Yaqub Mahmudov deyib: “Tarix İnstitutuna Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara və digər yerlərdən on minlərlə arxiv sənədləri gətirilib”.

Sonra Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev “Azərbaycanda elmi jurnalların beynəlxalq bazalara inteqrasiya vəziyyəti haqqında” məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycanda nəşr olunan 365 elmi jurnaldan cəmi 18-i beynəlxalq standartlara cavab verir. Alim deyib: “Azərbaycan tarix elmi xalqımızın və dövlətçiliyimizin simasıdır və onu hamımız qorumalıyıq”.

Sonra mövzu ətrafında müzakirələr aparılıb. Müzakirələrdə akademik Fikrət Əliyev, “Applied and Computational Mathematics” beynəlxalq jurnalının baş redaktorunun müavini Nərgiz Səfərova və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin “Nəzəri və tətbiqi riyaziyyat” jurnalının aparıcı redaktoru Qəmər Məmmədova iştirak ediblər.

Qeyd edək ki, akademik Fikrət Əliyev 1993-cü ildən Amerika Riyaziyyat Cəmiyyətinin, 1996-cı ildən Ümumdünya Kompüter Assosiasiyasının və 1997-ci ildən isə Nyu-York Elmlər Akademiyasının üzvüdür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər