Əməkdar artist Tünzalə Ağayeva avqustun 23-də intihar edən duet ortağı bəstəkar -müğənni Sura Əsgərli barədə danışıb.
Teleqraf.com bildirir ki, lent.az-a açıqlama verən T.Ağayeva bildirib ki, intihar edən S.Əsgərlinin anası hələ də şokdadır: “Suranın intiharı məni çox sarsıtdı. Bunu eşidəndən sonra özümü dəfn mərasiminə çatdırdım. Atası, əmiləri ağlayırdı. Amma anasını görə bilmədim. Çünki qızının intihar xəbərini eşidən anası şokda idi, hələ də özünə gələ bilməyib. Mən də düşünürəm, 23 yaşlı bir qız niyə bu addımı atsın ki? Ona Hüseyn Cavidin Gülbaharısan deyirdim. O, xaraktercə özünə qapalı idi. Deyim ki, həyatdan küskün idi, bu yalan olar. Surada yaşamaq eşqi var idi. Mənimlə birgə həyata keçirdiyi layihəyə görə çox sevinirdi. Hələ onunla bir neçə başqa layihə barədə də danışıqlarımız olmuşdu. Amma o, bütün planlarını yarımçıq qoydu. Bəlkə də, onun depressiv halı vardı. Sadəcə, bizlərdən gizlədirdi. Türkiyədə klip çəkilişlərində olanda gördüm ki, qapalıdır, dedim ki, Sura sənin nə problemin olsa, mənə danış. Mən səni Tünzalə Ağayeva kimi yox, bir dost kimi dinləməyə hazıram. Ana və bacı qədər yaxın olmasam da, hər zaman yanındayam. Ona bir nemət kimi baxırdım. Bütün arzularımızı yarımçıq qoydu getdi. Möhlət vermədi. Sabah üç mərasimidir. Mütləq həmin mərasimdə iştirak edəcəm”.
T.Ağayeva sonra valideynləri və gəncləri ayıq-sayıq olmağa səsləyib: “Suranın özünü asması, cəmiyyətimiz üçün bir zəng oldu. Valideynlər övladları ilə yaxından maraqlansınlar, həssas olsunlar. Gənclərimiz isə bir-birlərindən xəbərdar olsunlar. İntihar edərək özlərinə qıymasınlar. Bu cür hallar təkrarlanarsa, bizim sonumuz hara gedəcək?”
Qeyd edək ki, mərhum bəstəkar-müğənni S.Ələsgərli avqustun 23-də Buzovna qəsəbəsi Qaçaq Nəbi küçəsi 3 ünvanındakı evdə kimsənin olmadığı vaxt tavandakı taxtaya ip bağlayaraq özünü asıb. Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.