25 Avqust 2014 16:32
1 149
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan da daxil olmaqla dünyanın dörd tərəfində təkanlar baş verir

Bu gecə Naxçıvan Muxtar Respublikasında zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, zəlzələ avqustun 25-də yerli vaxtla saat 03:23-də Şahbuzdan 11 km qərbdə qeydə alınıb.

Yeraltı təkanlar 3.2 bal gücündə olub və zəlzələ hiss edilməyib.
Avqustun 24-dən 25-ə keçən gecə Bakı vaxtı ilə 00.43 radələrində Türkiyənin Antalya şəhərində də 10 kilometr dərinlikdə 5,3 bal gücündə zəlzələ hadisəsi və kiçik dağıntılar qeydə alınıb.

Bir gün öncə, avqustun 23-də isə İranın Kirmanşah vilayətinin Srumar şəhərində də 5,4 bal gücündə zəlzələ baş vermişdi. Yerin 15 kilometr dərinliyində 00:36-da qeydə alınan təkanlar nəticəsində dağıntı baş verməsi və zərərlər barədə məlumat yoxdur.

Bu arada ABŞ-ın Kaliforniya ştatında da 6 bal, Peruda isə 7 bal gücündə zəlzələ olması barədə məlumatlar yayılıb. Bu gün İslandiyada baş vermiş zəlzələnin gücü 5 bal olub.

RSXM-nin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının Teleqraf.com-a bildirdiyinə görə, Azərbaycan seysmik baxımdan aktiv ərazi olduğuna görə bütövlükdə Yer kürəsində müxtəlif nöqtələrində baş verən zəlzələlərin müəyyən təsiri ola bilər. Amma bu təsir cüzidir: “Cənubi Azərbaycanda bizim sərhədlərin yaxınlığında zəlzələlər baş verəndə onun bizdə də müəyyən təsirləri olur. Amma Azərbaycanda seysmik baxımdan aktiv zonaları var və vaxtaşırı təkanlar baş verir, boşalma gedir. Naxçıvandakı son zəlzələ elə də güclü təkan deyil. Sadəcə, Avropa seysmoloji təşkilatının qərarına görə, zəlzələnin maqnitudası 3-dən yuxarı olduqda bu barədə ictimaiyyətə məlumat veririk”.

Vüsalə Rafiqqızı bildirdi ki, Azərbaycan ərazisi Alp-Himalay qırışıqlıq sisteminin üstündə olduğuna görə, Xəzər dənizi, Şamaxı-İsmayıllı, Şəki-Balakən, Gəncə, cənubda Talış dağ sistemi və sair bölgələrimiz aktiv zonalara daxildir: “Yəni bu qırışıqlıq sistemi seysmo-aktiv bölgələrdir. Amma bu aktivlik o demək deyil ki, həmin ərazilərdə hər an güclü zəlzələ olacaq, bu prosesin baş verməsi illərlə toplanan enerji hesabına başa gəlir. Ola bilər, xırda təkanlarla bu gərginlik tədricən çıxsın, ola bilər, qəflətən. Zəlzələ elə bir prosesdir ki, onu proqnozlaşdırmaq qeyri-mümkündür. Mən indi sizinlə danışıram, 5 dəqiqə sonra da haradasa güclü təkan ola bilər”.

Mətbuat katibi dedi ki, Azərbaycanın ərazisi seysmoaktiv baxımdan ən müasir avadanlıqla müşahidə altındadır: “Respublika onlayn sistemlə daim müşahidə altındadır və sistem ən müasir avadanlıqla təchiz olunduğuna görə proseslər saniyə-saniyə izlənir. Bu sahədə dünyanın ən aparıcı ölkələri olan Amerika və Yaponiyanın avadanlıqlarıdır”.

RSXM rəsmisi bildirdi ki, Azərbaycanda yay ayı boyunca yeraltı təkanlar fon səviyyəsində və normal vəziyyətdə olub.

Dövlət Neft Şirkətinin “Neftqaz” Elmi Tədqiqat Layihə İnstitutunun aparıcı elmi işçisi, mineralogiya elmləri doktoru Kərim Kərimovun fikrincə, hazırda Yer qabığında geodinamika üzrə maraqlı inkişaf prosesi gedir, bu proseslər Yer qanunauyğunluğunun təzahürüdür və kainatda baş verənlər geodinamik hadisələrə öz təsirini göstərir: “Yer də insan kimi canlıdır. Cəmiyyətdə, təbiətdə baş verən proseslərin insana necə təsiri varsa, Yerə də eləcə təsiri var. Zəlzələ ilə bağlı insanlar haqlı olaraq narahatlıq keçirirlər. Baş verən zəlzələnin dağıdıcı, yoxsa xırda təkanlar olması barədə insanlar xəbərdar olmalıdır. İnsan tələfatının baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir”.

Qeyd edək ki, zəlzələni qabaqcadan müəyyənləşdirmək üçün Kərim Kərimovun 2 beynəlxalq patentə (007087 və 007086) malik n kəşfi var. Onun ixtirası Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində də qeydiyyata alınıb. Bu kəşfə görə, zəlzələnin dəqiq yerini yarım saat öncədən tam müəyyənləşdirmək mümkündür.

Alim bildirir ki, zəlzələdən 4-5 saat əvvəl maqnit vektoru da öz istiqamətini qəflətən dəyişir və 5-10 dərəcə xəta ilə zəlzələnin episentri tərəfinə istiqamətlənir. Məhz bu hadisəyə əsaslanıb zəlzələnin dəqiq yerini müəyyənləşdirmək mümkündür.

Alim bu elmi kəşfin tətbiqinə laqeydlik göstərildiyindən gileylidir.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər