Teleqraf.com siyasi analitik Oqtay Qasımovla müsahibəni təqdim edir:
- Oqtay bəy, Türkiyədə bələdiyyə seçkilərində MHP-AKP əməkdaşlığı hansı formada olacaq?
- Öncə deyim ki, Türkiyədə AKP-MHP arasında yaradılan və həm referendum, həm də parlament seçkilərində iştirak edən Cümhuriyyət İttifaqı fəaliyyətini dayandırmayıb. Sadəcə olaraq, MHP başqanı Dövlət Baxçalı təklif etdi ki, bələdiyyə seçkilərinə ittifaq halında gedilsin, əgər seçkiyə Cümhuriyyət İttifaqı ilə gedilməsə və müxalifət qalib gəlsə, bu zaman prezident seçkiləri və Türkiyədəki başqanlıq sistemi təhlükə altına düşə bilər. Buna həm Ərdoğan, həm də AKP tərəfindən mülayim münasibət vardı. Sadəcə olaraq, sonra bəzi məsələlərdə AKP ilə MHP arasında fikir ayrılıqları ortaya çıxdı.
- Hansı məsələlər?
- Əsas fikir fərqliliyindən biri orta məktəblərdə oxunan andla bağlı oldu. Türkiyədə məktəblərdə məktəbli andı var. 2013-cü ildə məktəbli andı ləğv edilmişdi, sonradan məhkəmə onu bərpa etdi. MHP millətçi partiya olaraq bunu müsbət qarşıladı və məhkəmə qərarına dəstək verdi. AKP funksionerləri isə buna qarşı çıxdı.
Eyni zamanda amerikalı keşiş Bransonun azad edilməsi məsələsində də fikir ayrılığı ortaya çıxdı. Bu məsələdə MHP-nin mövqeyi AKP və hökumətin mövqeyindən fərqləndi. Yəni bu kimi məsələlər oldu və hər iki tərəfdən partiya funksionerlərinin açıqlaması münasibətlərə kifayət qədər zərər verdi. Amma bundan sonrakı dövrdə müxalifət cəbhəsində müəyyən aktivliyin olması, ittifaqa gedilməsi ilə bağlı fəaliyyəti qarşı tərəf diqqətlə izləyirdi. Və buna uyğun addımlar atmalı idi.
Həmçinin rəy sorğuları keçirən şirkətlərin ortaya qoyduğu nəticə göstərdi ki, əgər prezident və parlament seçkilərində müttəfiq olan AKP-MHP qarşıdan gələn seçkilərdə birgə iştirak etməsələr, onlar üçün ciddi nəticələr yarana bilər. Bu baxımdan Ərdoğanın təklifi əsasında Dövlət Baxçalı ilə görüş oldu.
- Bu seçkilərə AKP və MHP ayrı-ayrılıqda gedə bilərmi?
- Əslində MHP-nin istədiyi çox da böyük şeylər deyil. MHP İstanbul, Ankara və İzmirdən öz namizədliyini verməyəcəyini və bunun qarşılığında MHP-nin güclü olduğu bölgə və şəhərlərdə onun namizədlərinin AKP tərəfindən dəstəklənməsini istəyirdi. Bu istək xüsusilə, Adana, Mersin, Manisa, İsparta və Osmaniyyə şəhərlərinə aiddir. Əslində MHP bu şəhərləri istəyir. Qeyd edim ki, indinin özündə belə bu şəhərlərin çoxunun bələdiyyə sədrləri MHP nümayəndələridir. Bu mənada ittifaqla bağlı yeni müzakirələrin başlanması böyük ehtimalla müsbət nəticəyə gətirib çıxaracaq. Başqa sözlə, AKP-MHP müttəfiqliyi davam edəcək.
- Bu müttəfiqlik baş tutmasa, nə olacaq?
- Onda hər kəs seçkiyə öz namizədi ilə gedəcək. Bu zaman səslər parçalanır və şanslar da azalır. Xüsusilə, İstanbul, İzmir və Ankara kimi böyük şəhərlərdə ciddi problemlə üzləşilir. Bu mənada ittifaqın baş tutmayacağı ehtimalı çox azdır. Çünki həm AKP, həm də MHP məsələnin ciddi olduğunu bilir və buna uyğun da addım atacaqlar. Əgər addım atmasalar, zərərli situasiya ilə qarşılaşa bilərlər.
AKP iqtidarda olan partiyadır və bir seçki istisna olmaqla buna qədər bütün seçkilərdə 40 faiz civarında səs alıb. MHP-nin də özünə məxsus elektoratı var və bu elektoratın dəstəklədiyi qüvvə hakimiyyətdə daha rahat qala bilər. O baxımdan məncə, tərəflərin ayrı-ayrılıqda seçkiyə getmə ehtimalı çox azdır. Yəqin ki, onlar müttəfiqliyi davam etdirəcək. Türkiyənin indiki siyasi və iqtisadi durumu və ümumi əhval-ruhiyyə hər iki partiyanı birgə addım atmağa vadar edir.
- MHP parlament seçkilərindən sonra amnistiya və əfv məsələsini daima gündəmə gətirsə də, AKP buna isti yanaşmadı və əfv verilmədi. Bununla da MHP-nin azadlıqda görmək istədiyi bəzi şəxslər həbsdə qalmalı oldu. Bu amil AKP-MHP münasibətlərinə hansı formada təsir edir?
- Əslində iki müttəfiq arasında problem yaradan məsələlərdən biri də bu idi. Dövlət Baxçalı bu məsələni seçkilərdən əvvəl ortaya atmışdı. Lakin bu təşəbbüs hakimiyyət tərəfindən qəti rədd edilməsə də, isti də qarşılanmadı. Baxçalı da mövqeyində israr edir. Amma nəzərə alaq ki, biz siyasətdən danışırıq və siyasətdə praqmatik yanaşmalar var. Elə problemlər var ki, onlar müttəfiqliyə maneə olmayacaq. Əgər onları bu koalisiya və sistemin davamlılığı düşündürürsə, belə problemləri ikinci sıraya qoyaraq başqa addımlar atmaq məcburiyyətində qalacaqlar.
- Müxalifət Ankara, İzmir və İstanbulda AKP-ni məğlub edə bilərmi?
- Bələdiyyə seçkiləri parlament və prezident seçkilərindən bir qədər fərqlidir. Parlament seçkilərində seçicilər daha çox partiya, daha sonra onun namizədlərinə səs verirlər. Bələdiyyə seçkilərində partiyalıqdan daha çox bələdiyyə üzvlüyü və sədrliyinə namizəd olan şəxslərin keyfiyyətləri, bacarığı nəzərə alınır. Bu baxımdan bələdiyyə seçkiləri fərqlidir. Ankara, İzmir və İstanbulda müxalifətin qələbə qazanması onların partiya strukturlarının gücü və sosial bazası ilə yanaşı verəcəkləri namizədin həmin şəhərdə nə dərəcədə məşhur, sevilən, qəbul edilən şəxs olmasından asılıdır. Bu mənada indidən konkret söz demək çətindir. Bu daha çox irəli sürüləcək namizədlərin şəxsiyyəti və keyfiyyəti ilə bağlı olacaq. Təsəvvür edin ki, AKP daxilində keçirilən rəy sorğuları zamanı məlum oldu ki, İstanbulda birinci yerdə istefaya məcbur edilən Qadir Topbaşdır. Bu şəxs İstanbulun sabiq bələdiyyə sədridir. Belə incə məqamlar var. Burada partiyalılıq mənsubiyyətindən daha çox namizədin fəaliyyəti, gördüyü işlər əhəmiyyət daşıyır. Odur ki, qələbə qazanmaq məsələsi daha çox partiyaların irəli sürəcəyi namizədin keyfiyyətlərindən asılı olacaq. Ötən seçkilərdə Cümhuriyyət Xalq Partiyası sabiq MHP üzvü Mənsur Yavaşın namizədliyini Ankaradan irəli sürmüşdü. Yavaş əslində Məlik Göyçəyi məğlub etmişdi. Ancaq bu CHP-nin gücündən daha çox Mənsur Yavaşın Ankara sakinləri arasında məşhurluğu ilə əlaqəli idi. Çünki özü əvvəl Ankaradakı rayonlardan birinin bələdiyyə sədri olaraq nümunəvi bələdiyyə yaratmışdı. Bu da ankaralılar tərəfindən müsbət qarşılanmışdı. Yəni namizədin özündən, seçici arasında qəbul olunmasından çox şey asılıdır.