Qida Təhlükəsizliyi Agentliyi Şəmkirdə qanunsuz olaraq satılan bitki mühafizə vasitələri və tərəvəz toxumları aşkar edib.
Agentlikdən Teleqraf.com-a verilən məlumata görə Rusiya Federasiyasında müasir tərəvəz sortlarının toxumçuluq və seleksiyası ilə məşğul olan və satışını reallaşdıran şirkətlər Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.
Müraciətdə qeyd olunur ki, Şəmkir rayonunda onlara məxsus əmtəə nişanı altında KURAJ F1 hibridinin saxta qablaşdırmada olan saxta toxumları satılır.
Bununla bağlı Agentliyin əməkdaşları hüquq-mühafizə orqanları ilə birlilikdə Şəmkir rayonu, Kür qəsəbə yolu ünvanında Məmmədov Zeynalabdin Məcid oğluna məxsus “Məcidoğullar” mağazasına baxış keçirib. Baxış zamanı məlum olub ki, qaldırılan məsələ ilə yanaşı adıçəkilən ünvanda xeyli sayda mənşəyi məlum olmayan, ölkədə qeydiyyata alınmayan, istifadə müddəti bitmiş bitki mühafizə vasitələri, aqrokimyəvi vasitələr, pestisidlər və tərəvəz toxumları satılır. Faktla bağlı protokol tərtib olunub və bu əməllərlə məşğul olan şəbəkənin aşkar edilməsi üzrə qanunvericiliyin tələblərinə uyğun tədbirlər həyata keçirilir.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi bitki mühafizə vasitələri və toxumların satışına nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək.