Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti istirahət günlərində-noyabrın 24-25-də səyahətə çıxanlar üçün hava proqnozunu açıqlayıb.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Böyük və Kiçik Qafqaz bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 8-13°, dağlıq rayonlarda 0-5° isti olacaq.
Lənkəran-Astara bölgəsində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturunun 8-11°, dağlıq rayonlarda 4-7° isti olacağı proqnozlaşdırılır.
Aran rayonlarında arabir yağış yağacağı gözlənilir. Noyabrın 25-də hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Havanın maksimal temperaturunun 9-14° isti olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasının bəzi yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz və 25-də hava əsasən yağmursuz keçəcək. Havanın maksimal temperaturu 7-12° isti olacaq.
Paytaxtda hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə saatlarında bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Noyabrın 24-də gündüz mülayim şimal-qərb küləyi əsəcək, 25-də arabir güclənən cənub küləyi ilə əvəzlənəcək. Havanın maksimal temperaturunun 9-12° isti olacağı ehtimal edilir.