24 Noyabr 2018 22:14
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultayın nəticəsi olaraq Sovet İttifaqında yaşayan türk xalqları latın əlifbasına keçidlə bağlı qərar qəbul etdilər.

Azərbaycanda bu proses Cümhuriyyət dönəmində başlasa da, işğal səbəbinə görə baş tutmadı. Sovet Azərbaycanının ilk illərində aktiv şəkildə müzakirə edildi, 1922-ci ildən latın qrafikası həyatımıza daxil oldu. 1922-ci ildən 1929-cu ilə qədər ölkəmizdə latın və ərəb qrafikası yanaşı şəkildə işlədildi, daha sonra tamamilə yeni əlifbaya keçildi.

Türkoloji Qurultayın uğurunun nəticəsi kimi 1928-ci ildə Türkiyə də rəsmi şəkildə latın qrafikasına keçdi. Bununla da Türkiyə ilə Sovet İttifaqının tərkibində olan türk dövlətləri arasında ciddi birlik yarandı: Əlifba birliyi.

Təbii ki, Sovet İttifaqı adı altında öz varlığını qoruyan rus imperiyası qısa zamanda bu birliyin yaradacağı təhlükəni başa düşdü və 1940-cı ildə latın qrafikasını ləğv etdi. Azərbaycanda və digər türk dövlətlərində kiril əlifbası tətbiq olundu.

Bu proses 1991-ci ilə qədər davam etdi. Belə ki, həmin ilin dekabrında Azərbaycan Ali Sovetinin Milli Şurasının qərarı ilə ölkəmizdə yenidən latın qrafikası qəbul edildi.

Bu qərardan öncə Türkiyədə mühüm bir hadisə baş verdi.

***

Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumu

18-20 noyabr 1991-ci ildə İstanbulda Mərmərə Universitetində Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumu öz işinə başladı. Sovet İttifaqı rəsmi şəkildə dağılmasa da, artıq türk dövlətləri öz müstəqilliklərini elan etmiş, yenidən bağımsız qərar qəbul etməyə başlamışdılar. Türkiyədə əlifba ilə bağlı keçirilən bu simpoziuma müstəqil dövlətin müstəqil alimləri dəvət olunmuşdu.

Türkiyyat Araşdırmaları İnstitutu tərəfindən keçirilən bu tədbirin nəticəsində Ä ä, X x, Q q, Ñ ñ, W w kimi işarələrin də olduğu latın qrafikalı ortaq türk əlifbası qəbul edildi. Azərbaycan alimləri 4-8 may 1992-ci ildə yenə Türkiyədə keçirilən başqa bir dil qurultayında Ä ä işarəsinin çətin yazıldığını nəzərə alıb Ə ə işarəsinin qəbul ediləcəyini bildirdi.

Sovet İttifaqından çıxan digər türk dövlətlərindən fərqli olaraq Azərbaycanda latın qrafikasına keçid sürətli şəkildə baş verdi. Amma Orta Asiya dövlətlərində bu proses hələ də tamamlanmayıb.

***

II Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumu

Latın qrafikalı ortaq əlifba məsələsi aradan ötən bu qədər müddətdə hələ də gündəmdədir. Nəzərə alsaq ki, Qazaxıstan bu prosesi hələ 2025-ci ildə tamamlayacaq, bu baxımdan məsələ aktualığını qoruyur. 1991-ci ildə I simpoziumda iştirak edən azərbaycanlı alim Firudin Cəlilov müsahibələrinin birində belə demişdi: “Əlifbanın görünməyən siyasi mənası var. O vaxt İran ərəb əlifbasına keçməyimizi, Rusiya isə kiril əlifbasında qalmağımızı tələb edirdi”.

1991-ci ildəki simpoziumla bağlı Cəlilov başqa bir açıqlamasında belə deyib:

“Biz simpoziuma ortaq türk əlifbası modeli ilə getmişdik. Bu əlifbada 34 hərf vardı. Və bu ortaq türk əlifbası da o zaman bütün türk dövlətləri tərəfindən razılıqla qarşılandı və qəbul edildi. Ortaq əlifba Anadolu türklərinin, Orta Asiya xalqlarının tələffüzü nəzərə alınaraq tərtib edilmişdi. Dilçilər bilir, türk dilində "sağır nun” hərfi var. Biz bu hərfi də əlifbaya daxil etmişdik. Azərbaycanın bugünkü əlifbası da ortaq türk dili əlifbası əsasında yaranandı. Fərq bundadır ki, 34 deyil, 32 hərfdir”.

Təəssüf ki, 27 il sonra yenə Mərmərə Universitetində baş tutan tədbirdə Firudin Cəlilov müəyyən səbəblərdən iştirak edə bilmədi.

Noyabrın 20-21-də keçirilən II Millətlərarası Çağdaş Türk Əlifbaları Simpoziumuna bu dəfə Azərbaycanı Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi Türk filololgiyası kafedrasının professoru Rüfət Rüstəmov və AMEA Nəsimi adına Dilçilik İnstitutu Türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə elmləri doktoru Elçin İbrahimov təmsil etdilər.

Simpoziuma Azərbaycan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Başqırdıstan və uyğur türklərinin təmsilçiləri qatıldı. Simpoziumun açılış proqramı Professor Nəcməddin Ərbakan Mədəniyyət Mərkəzində baş tutdu. Açılış proqramında Mərmərə Universitetinin rektoru Professor Erol Özvar, Mərmərə Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun direktoru Professor Okan Yeşilot, Türk Dil Qurumunun sədri Professor Gürer Gülsevin çıxış etdilər.

İki gün davam edən simpoziumda ümumilikdə 8 iclas keçirildi, 33 elmi məruzə təqdim olundu. Simpoziumda müzakirə edilən əsas məsələlərdən biri Qazaxıstanda son dövrlərdə həyata keçirilən əlifba islahatı və türk xalqlarının müasir əlifba problemləri oldu. Simpoziumun sonunda iştirakçıların imzası ilə ortaq bəyannamə qəbul olundu, türk dünyası ortaq əlifbasının latın hərfləri əsasında hazırlanması bir daha yekdilliklə təsdiq və tövsiyə edildi. Həmçinin bəyannamədə “Ortaq əlifba”ya türk dövlət və toplumlarının müvafiq qurumlarında baxılması və tətbiqi istiqamətində müəyyən vaxtlarda toplantılar keçirilməsi tövsiyə edildi.

Beləliklə, 27 il sonra bir daha türk xalqlarının ortaq əlifba məsələsi müzakirə edildi. Bu prosesin bu qədər uzun çəkməsi narahatedici məsələ olsa da, bütün hallarda müsbət nəticənin əldə edilməsi baxımından vacibdir.

Simpoziumun sonunda türk dünyasının müxtəlif bölgələrindən gələn alimlər üçün boğazda gəmi turu təşkil edildi. Orada fərq etdim ki, cəmi 5-10 dəqiqə kifayətdir ki, türk dil ailəsinin müxtəlif qollarında danışanlar bir-birilərini başa düşsünlər...

Sadəcə ortaq yazı məsələsi qalır. Latın qrafikalı əlifba da buna görə vacibdir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər