26 Noyabr 2018 14:40
459
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat naziri Şahin Mustafayev Özbəkistanın Azərbaycandakı səfiri Şerzod Fayziyevlə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı üçün möhkəm hüquq-müqavilə bazası yaradılıb.

Hazırda Azərbaycanda tranzit, ticarət, sənaye və xidmət sahələrində Özbəkistan kapitallı 30-dan çox şirkət fəaliyyət göstərir. Azərbaycanın Özbəkistanda, eləcə də Özbəkistanın Azərbaycanda milli sərgiləri təşkil edilib. Bu ilin 9 ayında Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 2 dəfə, ölkəmizin Özbəkistana ixracı 3 dəfə artıb.

Nazir Şahin Mustafayev iki ölkə arasında sənaye, kənd təsrrüfatı, turizm, ticarət və s. sahələrdə əlaqələrin genişləndirilməsi imkanlarını, Azərbaycanın qeyri-neft məhsullarının Özbəkistana ixracının daha da artırılması üçün böyük potensialı diqqətə çatdırıb.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın əlverişli geostrateji mövqeyi və böyük tranzit potensialı barədə danışan nazir Özbəkistanla nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu vurğulayıb.

Görüşdə nəqliyyat-tranzit əlaqlərinin genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun, nəqliyyat dəhlizlərinin, Bakı Beynəlxalq Ticarət Limanının imkanlarından daha geniş istifadə edilməsi, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin təşviqi barədə müzakirələr aparılıb.

Səfir Şerzod Fayziyev ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına önəm verdiyini, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı qeyd edib, işgüzar görüşlərin, aparılan müzakirələrin, biznes forumların iqtisadi əlaqələrin inkişafında rolunu vurğulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər