Azərbaycanda ilk fermer kooperativi yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov bu prosesin məqsəd və gələcək inkişafı ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
- Araz müəllim, fermer kooperativlərinin yaranmasında əsas məqsəd nədir?
- Məlumdur ki, “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli qanunu qəbul edilib və həmin qanunun tətbiqi barədə prezidentin 2016-cı il 18 iyul tarixli Fərmanının icrası ilə əlaqədar “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” hazırlanıb.
Ümumiyyətlə, kooperativlərin yaranmasında əsas məqsəd ölkədə pərakəndə əkinin qarşısını almaq və intensiv əkin sisteminin qurulması, torpaqlardan səmərəli istifadə olunması , xırda və fərdi təsərrüfatlardan gələcəkdə daha iri təsərrüfatlara keçmək, əkin sisteminin yaxşılaşdırılmasına dəstək olmaqdır.
Kənd Təsərrüfatı Nazirliyində aparılan struktur dəyişikliyi nəticəsində fermerlərlə daha yaxın təmasın qurulması, onların problemlərini və çağırışlarını qarşılamaq üçün yeni fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi yaradılıb.
Biz şöbə olaraq 5 aydır fəaliyyət göstəririk, bu beş ayda 10 günü çıxmaq şərti ilə 4 ay 20 gün sırf bu kooperativlərin yaranması ilə bağlı yerlərdə maarifləndirmə işi apardıq. Bir çox kəndləri gəzdik, vətəndaşların bəziləri ümidsizliyə qapıldı, onlara motivasiya verib maarifləndirdikdən sonra bu iki kənd, yəni Sabirabad rayonun Beşdəli və Yaxadəllək kəndlərinin sakinləri könüllü bizə qoşuldu.
Bu iki kəndin 1100 hektar torpağı var ki, bunun 850 hektarı kooperativə qoşuldu. Bu da hardasa 133 ailədir, amma 198 dövlət aktıdır.
Bilirsiniz ki, torpaqların bölgüsü zamanı hər bir vətəndaşa pay torpağı verilib. Qeyd etdiyim kəndlərdə 198 akt kooperativdə birləşib. Yəni burda alqı-satqı məsələləri və rəhmətə gedənlər öz təsirini göstərib ki, 198 akt 133 ailənin əlində birləşib.
Kənd təsərrüfatında mütərəqqi texnologiyaların inkişafı xırda torpaq sahələrində mümkün deyil, ona görə də gələcəkdə kütləvi əkinə getmək lazımdır. Vətəndaşın biri meyvə, tərəvəz, digəri isə yonca əkir, meyvə, tərəvəz əkənin suyu su tələb etməyən yonca sahəsinə keçir ki, bu da vətəndaşlar arasında narazılıq yaradır.
Hazırda həmin kooperativdə 850 hektar əkin sahəsi var, onu 5 yerə bölüb, ortalama 170 hektarda 5 adda məhsul əksək, həm onun suvarması, həm də aqrotexniki qulluğu asanlaşacaq. Bir də var bir torpaq payında - 85 sot sahədə əkin əkəsən, burda nə traktor, nə kombayn fırlana bilir, nə də ərazinin suvarılmasında düzgün metodologiya tətbiq olunur. Bu amillər kooperativləşmənin sürtələnməsi tələbi qoyur.
Bununla vətəndaşlar daha çox gəlir əldə edə bilər və gələcəkdə kooperativləşmənin özü sürətlənər, nəticədə ixtisaslaşma gedər.
- Azərbaycanda ilk olan “Birlik” İstehsal Kooperativinin yaradılmasında beynəlxalq təcrübədən istifadə olunubmu?
- Biz daha çox Hollandiya, İsrail, qonşu Türkiyə, eyni zamanda Hindistan modelini araşdırmışıq. Bu gün bizə ən uyğunu İsraildəki “moşav” modelidir ki, orda vətəndaşların pay torpağından yaranıb. Artıq 10 gündür Sabirabadda İsraildən dəvət olunmuş ekspertlərlə torpaqların analizlərinin götürülməsi ilə məşğul idik.
Qeyd elədiyim kimi, iki kəndin pay torpağı olan 1100 hektardan 850 hektarı kooperativdə birləşib, amma biz 1100 hektarın hamısını götürdük ki, gələcəkdə vətəndaşlar qoşulanda ekspertləri yenidən bura çağırmayaq . Ona görə 1100 hektarda metr yarımlıq 10 quyu qazılıb, torpağın beş qatından analizlər götürülüb. Artıq analizlər Kənd Təsərrüfatı Nazirliyinin xüsusi laboratoriyalarına göndərilib. Ekspertlərimiz noyabrın 20-si ölkəni tərk etdilər.
Hətta elə ərazilər oldu ki, yarı metrdən su çıxdı. Amma elə ərazi də olurdu, 1.60 metr qazırdıq, su çıxmırdı. Bunların hamısını təhlil ediləcək, hətta çıxan qrunt sularından belə, analiz üçün nümunələr götürüldü. Laboratoriyanın cavabları bilinəndən sonra biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də iş aparırıq, onlardan aqro- iqlim məlumatlarını alırıq.
Məsələn, Sabirabad rayonu üzrə 10 illik aqroiqlim məlumatlarını alacağıq. Torpaqların analizlərinin nəticəsi, ötən ilki məhsuldarlıq, torpağın əkin tarixi, yəni vətəndaşlar 3-5 il ərzində nələr əkiblər, bunların hamısını İsrailə göndərəcəyik. Müzakirələr aparılacaq.
850 hektarın bəzisi əkilib. Keçən mövsümdən əkilmiş 71 hektar pambıq sahəsi var. Artıq dekabrın əvvəlləri və ortalarına doğru o sahə də boşalır. Çalışacağıq ki, yaza kimi bütün məlumatları ekspertlərlə müzakirə edib, burda 3-4 növ daha verimli, bazar tələblərinə uyğun məhsullar istehsal olunsun. Suvarma, qrunt suları, relyef hamısı nəzərə alınıb. Sonda hər bir şirkətə biznes-plan hazırlanır ki, bu kooperativ üçün də biznes-plan tərtib ediləcək.
- Gələcəkdə başqa rayonlarda da kooperativlər yaradılacaqmı?
- Bu, pilot kooperativdir. Hər bir pilot layihənin isə nailiyyəti də, uğursuzluğu da ola bilər. Biz çalışacağıq ki, ekspertlərin dəstəyi ilə heç bir problem olmasın. Gələcəkdə kooperativləşmənin stimullaşdırılması, yayılması üçün qanunvericiliyə əlavə və təkliflər də verəcəyik. Eyni zamanda gələcəkdə vətəndaşların kooperativlərdə birləşməsinə üçün subsidiyalar, maliyyə dəstəyi, istehsal və emal üçün güzəştli kreditlər nəzərdə tutulur.
Azərbaycanda elə tropik bitkilər var ki, bitmir, amma biz analizlər əsasında görürük ki, nəzəri baxımdan bu bitkiləri yetişdirmək üçün imkanlar var. Düzdür, tropik bitkilər Azərbaycanda spesifik məhsul deyil, bizdə limon, mandarin, apelsin yetişdirilir, amma tropik bitkiləri Azərbaycanda yetişdirməklə bağlı pilot layihələr həyata keçirə, bunun üçün xüsusi qrant ala bilərik. Ümumiyyətlə, torpaq resurslarına, suvarmaya dair informasiya və məsləhət dəstəyi alacağıq . Əsas məsələ təlim-tədrisdir.
Bundan başqa, heyvandarlıq kooperativləri yaradılanda onlara mütəmadi baytarlıq xidməti göstəriləcək, ola bilər, istehsal kooperativi yaradılsın, əkinlə məşğul olan kooperativ fəaliyyət göstərsin, bununla yanaşı vətəndaşlar heyvandarlıqla da məşğul olsunlar. Bütün sahələrə dəstək nəzərdə tutulur.
- Kooperativlərin yaranması kənd təsərrüfatının inkişafına və iqtisadiyyata necə təsir edəcək?
- Birincisi, Azərbaycanda kooperativlər çoxalanda onların ixtisaslaşması da aparılacaq. Ən son texnologiya hesabına bazar tələblərinə uyğun məhsul istehsal olunacaq, vətəndaşlar yüksək gəlir əldə edəcəklər. Xaricə məhsul ixrac olunacaq. Bu da ölkəyə valyuta axınına gətirəcək, iqtisadiyyatımıza dəstək olacaq.
Torpaqların səmərəli istifadə prioritetə çevriləcək. Biz kiçik ərazilərdən yüksək məhsuldarlıq əldə etməli, bununla yanaşı bazara rəqabət qabiliyyətli məhsul çıxarmalıyıq. Elə etməliyik ki, məhsullarımız Rusiyada və ya Avropa ölkələrində batmasın, vətəndaşlara ziyan dəyməsin. Bunların hamısı sistemli, planlı şəkildə aparılmalıdır.