Teleqraf.com saytının suallarını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, əməkdar jurnalist, yazıçı-publisist Səyyad Salahlı (Aran) cavablandırıb.
Müsahibəni təqdim edirik:
– Səyyad müəllim, sizinlə söhbətimiz Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi günə təsadüf edir (müsahibə noyabrın 21-də götürülüb-red.) Partiyanın yaranmasını şərtləndirən amilləri necə sadalamaq olar?
– Yeni Azərbaycan Partiyasının yaranması zamanın tələbi idi. O zaman Azərbaycanda çox qarışıq vəziyyət əmələ gəlmişdi. Siyasi situasiya tələb edirdi ki, yeni bir partiya yaransın, eyni zamanda Naxçıvan Ali Məclisinin sədri, böyük mütəfəkkir, dahi siyasətçi, XX əsrdə Azərbaycan xalqının və dövlətinin yetirdiyi ən böyük ictimai-siyasi xadim və dövlət adamı Heydər Əliyev hakimiyyətə gəlsin. Hadisələrin inkişafı da məhz buna səbəb oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. 1993-cü ilin əvvəllərindən, yanvar ayından isə artıq respublikada ilk təşkilatlar yaranmağa başladı. 15 iyunda isə məlum hadisələrlə əlaqədar xalqın tələbi ilə Heydər Əliyev Azərbaycana dəvət edildi və o, Milli Məclisin sədri seçildi. Sonrakı hadisələr isə artıq hamıya bəllidir.
Bayaq qeyd etdiyim kimi, Yeni Azərbaycan Partiyasının yaradılması zərurət, xalqın istəyi idi. Eyni zamanda Azərbaycandakı son dərəcə qarışıq, dolaşıq ictimai-siyasi şərait bunu labüd etdi. Qısa zamandan sonra Yeni Azərbaycan Partiyası ən güclü siyasi təşkilat kimi formalaşdı və Azərbaycanın indiki uğurları dahi Heydər Əliyevin adı ilə bağlıdır, həm də Yeni Azərbaycan Partiyasının nailiyyətidir, qələbəsidir. Sonrakı hadisələr isə artıq hamıya bəlli olduğundan əlavə şərhə ehtiyac görmürəm.
– İstədik partiyanın yaradılma prosesi barədə danışasınız. Hansı çətinliklər vardı, hansı əngəllər yaradılırdı?
– Yeni Azərbaycan Partiyasının Bakıda təsis konfransı keçirməsinə keçmiş hakimiyyət, yəni AXC-Müsavat hakimiyyəti heç cür imkan vermədi. Partiyanın yaranmasını istəyən təşəbbüs qrupunun üzvləri məcbur olub Naxçıvana getməyə başladılar və ayrı-ayrı reyslərlə muxtar respublikaya yola düşdülər. Demək olar ki, təşəbbüs qrupunun əsasən, Bakıdakı üzvləri getdilər. Lakin eyni zamanda respublikanın bölgələrindəki nümayəndələri, aparıcı fiqurları bu işdə böyük rol oynadılar. Məsələn, Quba-Qusar bölgəsini Asya Manafova, Şəki-Zaqatala bölgəsini Nəzir Əhmədov, Mil-Muğanı Səyyad Aran, cənub bölgəsini Şirvan Əbilov, Qarabağ bölgəsini Ağdamdan Tofiq Vəliyev, Yevlaxdan isə Mustafa Əhmədov təmsil edirdi. Bax, bu cür müxtəlif coğrafi bölgələrin nümayəndələri də var idi. Amma əsas nümayəndələr Bakıdan, Naxçıvandan və qismən də Sumqayıtdan idi. Beləliklə, biz ayrı-ayrı reyslərlə Naxçıvana yola düşdük və noyabrın 21-də təsis konfransı keçirildi. O vaxtadək gedən nümayəndələr isə orda olduqları müddətdə artıq partiyanın proqram və nizamnaməsinin üzərində işi başa çatdırdılar. Çünki noyabrın 18-dən etibarən ayrı-ayrı reyslərlə Naxçıvana getmişdik.
Partiyanın yaranmasında çox böyük xidmətləri olan insanlar var. Bunlar Əli Nağıyev, Ziya Bünyadov, Fərəməz Maqsudov, Səfiyar Musayev, Kərim Kərimov, Sirus Təbrizli, Murtuz Ələsgərov, Eldar İbrahimov, Şahlar Əsgərov, Hacıbala Abutalıbov, Xeyrəddin Qoca, Misirxan Vəliyev, Zahid Qaralov, Rizvan Vahabov, Maksim Musayev, Vaqif Əliyev və digərləridir. Bax bu adamlar çox böyük fəallıq göstərdilər.
Heydər Əliyev soyuq havada kostyumda oturmuşdu
Noyabrın 21-i çox yağışlı, soyuq bir gün idi. Konfrans Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında keçirilirdi. O dövrdə Naxçıvan işıqsız idi, elektik enerjisi çox cüzi verilirdi. Dram Teatrı olduqca soyuq idi. Zal ağzınacan dolmuşdu. Bütün iştirakçılar – 550 nəfər nümayəndənin hamısı paltoda, papaqda, şərfdə oturmuşdu. Təbii ki, hamı üşüyürdü. Ancaq möcüzə indi danışacağım məqamdadır və bütün dahiləri fərqləndirən xüsusiyyətlər Heydər Əliyevin də simasında özünü göstərdi. Heydər Əliyev olduqca soyuq bir havada teatrın səhnəsində kostyumda tək oturmuşdu. O yalnız əllərini bax, bu cür ovuşdurmaqla (əllərini ovuşdurur-müəll.) özünü o soyuqdan qoruyurdu. Beləliklə, təxminən saat 18:00-da başlayan konfrans saat 23-ə, 23:30-dək davam etdi. Amma Heydər Əliyev bir dəfə də olsun papağa, paltoya ehtiyac görmədi. Bunun üçün xüsusən, köməkçisi Bəylər Eyyubov tərəfindən təşəbbüslər göstərildi. O kürkə bənzər bir şey gətirib ulu öndərin çiyninə salmaq istədi. Ancaq ulu öndər onu görən kimi əlinin arxası ilə rədd etdi. Sonra isə projektoru yaxına çəkmək istədi ki, ayaqlarına bir qədər isti olsun. Ona da icazə vermədi və baxışları ilə Bəylər Eyyubovu bu hərəkəti etməkdən yayındırdı. Hamıdan nazik o geyinmişdi, amma hamıdan şux, hamıdan sağlam, həyat eşqi güclü görünən də məhz Heydər Əliyev idi. Zaldakılar isə hamısı bir-birinə qısılıb soyuğu birtəhər ötüşdürmək istəyirdilər.
Gecə yağış yağa-yağa şəhidlərin məzarını ziyarət etdik
– Adətən, təsis konfransları qurultaylara nisbətən tez yekunlaşır. Ancaq Yeni Azərbaycan Partiyasının təsis konfransı ilə bağlı bunu demək olmur. Konfransın bu qədər uzun çəkməsi nə ilə bağlı idi?
– Çünki respublikanın əksər rayonlarından nümayəndələr gəlmişdilər, orda çıxış etdilər. Eyni zamanda ulu öndər partiyanın nizamnaməsi, proqramı və sair haqqında geniş məlumat verdi. Bu istiqamətdə müzakirələr oldu. Sonra isə partiyanın mərkəzi orqanları seçildi. Siyasi Şura üzvlüyünə namizədlərin hamısı bir-bir səsə qoyuldu və qarşıda duran vəzifələrlə bağlı da Heydər Əliyev geniş nitq söylədi. O nitqdə demək olar ki, bizim bütün gələcək fəaliyyətimiz izah olundu, şərh edildi. Ordan çıxandan sonra isə biz hamımız yağış yağa-yağa gecə şəhidlərin məzarına əklil qoyduq. Çünki biz dərhal partiyanın yaradılması prosesini həyata keçirmək, eyni zamanda elan etmək istəyirdik. Şəhidlərin məzarını ziyarət etdikdən sonra yenə gecə Naxçıvan Ali Məclisinə gəlib yenicə seçilmiş Siyasi Şuranın üzvlərindən 11 nəfər İdarə Heyətinin üzvünü seçdik. Heydər Əliyev orda bir daha geniş nitq söylədi.
– Səyyad müəllim, Naxçıvana ayrı-ayrı reyslərlə getdiyinizi bir neçə dəfə vurğuladınız. Niyə nümayəndə heyətinin üzvləri hamısı eyni təyyarədə deyil, ayrı-ayrı reyslərlə uçmaq qərarına gəlmişdi?
– Çünki bütövlükdə uçmağa icazə verilmirdi və Naxçıvana uçan təyyarələrin tərkibi o zaman yoxlanılırdı. Necə deyərlər, buna nəzarət edilirdi. Heydər Əliyevin partiyasının yaranması haqqında şayiələr artıq ölkədə dolaşırdı. Təbii ki, belə bir partiyanın yaranmasını istəmirdilər. Bilirdilər ki, o, ən güclü partiya olacaq və gələcəkdə hakimiyyətə iddialı ola bilər. Heydər Əliyevin xarizması, nüfuzu xalq arasında olduqca böyük idi və xalq bu partiyanın yaranmasını gözləyirdi. Yəni, hadisələrin qarşısını almaq üçün Heydər Əliyev tərəfdarlarının Naxçıvana bir yerdə uçması prosesin pozulmasına gətirib çıxarardı.
– Bu yaxınlarda professor Şahlar Əsgərovla müsahibəmiz zamanı o dedi ki, Naxçıvana müxtəlif qruplar şəklində getməkdə məqsəd Heydər Əliyev tərəfdarlarının hamısının olduğu təyyarənin vurula biləcəyinə dair mətbuatda səslənən fikirlər olub...
– Bəli, mümkün idi. Bu, Heydər Əliyev tərəfdarlarını aradan götürmək üçün real variant idi.
– Bəs sonra yaradılan əngəllərlə bağlı nə deyə bilərsiniz?
– Naxçıvandan qayıtdıqdan sonra artıq qruplar müəyyənləşdirildi ki, respublikanın rayonlarına çıxmaq və Yeni Azərbaycan Partiyasının yerlərdə ilk təşkilatlarını yaratmaq lazımdır. Beləliklə, partiyanın tanınmış nümayəndələrindən ibarət qruplar respublikanın rayonlarına çıxdı. Respublika üzrə ilk təşkilatımız 13 yanvar 1993-cü ildə Biləsuvarda yaradıldı. Partiyanın ilk təşkilatının yaradılması üçün Şahlar Əsgərov, Ağabəy Əsgərov və adını unutduğum daha bir nəfər getmişdi. İkinci təşkilat yanvarın 15-də Sabirabadda təsis olundu. Ora mən, Zahid Qaralov və yenə də daha bir nəfər getmişdi. Üçüncü təşkilat günün ikinci yarısında Qubada yarandı. Bununla Yeni Azərbaycan Partiyası respublikanın rayonlarında təşkilatlanmağa başladı. Artıq iyunun 15-dək bir çox rayonlarda təşkilatlar yaranmışdı. Aydın məsələdir ki, iyunun 15-dən, yəni Heydər Əliyev Bakıya gəlib Milli Məclisə sədr seçiləndən sonra partiyanın rayon təşkilatlarının yaradılması prosesi sürətlə getməyə başladı və 1993-cü ilin iyunun axırınadək respublikanın 90 faizində Yeni Azərbaycan Partiyasının ilk təşkilatları yarandı. 1999-cu ildə isə ilk qurultayımızı keçirdik.
– Səyyad müəllim, sizinlə müsahibə zamanı ulu öndərlə keçirdiyiniz görüşlərdən bəhs etməmək düzgün olmazdı. Ona görə də istərdik bu barədə danışasınız...
– Ulu öndərlə Naxçıvanda və Bakıda bir çox görüşlərim olub və mən böyük Heydər Əliyevlə həm 1994-cü il martın 6-11-də Çin səfərinə, həm də 1997-ci il 27 iyul-5 avqust tarixində ABŞ səfərinə getmişəm. Bu görüşlər və səfərlər zamanı ulu öndəri yaxından müşahidə etmək imkanım olub. Axı, o siyasətçi idi, biz onu həmişə siyasətçi kimi görmüşük, qəbul etmişik. Ancaq Heydər Əliyevin arxa planda qalan çox unudulmaz və dahiyanə keyfiyyətləri var idi. Əvvəla, olduqca diqqətli idi. İkincisi, son dərəcə səmimi və təbii söhbətləri ilə qarşısındakı müsahibin ürəyinin ən dərinliklərində saxlamış sözlərini, sirlərini, demək istəmədiyi fikirlərini də dedirtməyə qadir bir şəxs idi. Nümayəndə heyətinin tərkibindəki hər bir adamı tərcümeyi-halına, ailə üzvlərinədək yaxından tanıyırdı. Bəzən elə suallar verirdi, insan özü heyrət edirdi ki, o bu məsələni hardan bilir. Çox ciddi şeylər var, mən indi onları deyə bilmirəm. Amma ya təşkilatda, ya da başqa bir yerdə baş vermiş məsələləri o, heyrətamiz şəkildə xatırladırdı.
(Söhbətimizin bu yerində S.Salahlının mobil telefonuna zəng gəlir. Müsahibimiz telefon zənginə cavab verir)
İndicə gördünüz ki, telefonuma zəng gəldi. Bu, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Vəliməmmədova idi. O məni Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü münasibətilə təbrik edirdi. Əlbəttə, bu gün bizim hər birimiz, təkcə bir fərd olaraq yox, Azərbaycan dövləti və Azərbaycan xalqı üçün unudulmaz və tarixi bir gündür. Bizim hansı uğurlara imza atdığımız, necə xoşbəxtliyə, tərəqqi və yüksəlişə nail olmağımız barədə hesab edirəm ki, mənim nəsə deməyim artıqdır. Çünki hər şey xalqın gözləri önündədir. Azərbaycan aqrar və geridəqalmış bir ölkə kimi unudulmaqda və dünyanın ümumiyyətlə fikir vermədiyi, o qədər də saymadığı bir ölkə idi. Amma Heydər Əliyev qısa müddətdə dünyanın Azərbaycanı tanımasına nail oldu, dünyanı buna məcbur etdi. Eyni zamanda ondan sonra gələn Heydər Əliyevin həm siyasi, həm də mənəvi varisi İlham Əliyev Azərbaycan dövlətinin şöhrətini daha da yüksəklərə qaldırdı. Bizi dünyada söz sahibi olan ölkələrdən biri etdi. Məlumdur ki, biz Cənubi Qafqazda ən böyük ölkəyik, ən böyük iqtisadi potensiala malik dövlətik. Biz Avropanı neft və qazla təmin edirik və bir çox dünya dövlətləri bu gün Azərbaycandan asılıdır. Biz Azərbaycanı gətirib, bax belə bir səviyyəyə çatdırdıq.
Heydər Əliyev məni və daha iki nəfəri məşhur ürək cərrahına göstərib dedi ki...
– Qeyd etdiniz ki, bu görüşlər və səfərlər zamanı ulu öndəri yaxından müşahidə etmək imkanınız olub. Bu barədə bir qədər ətraflı danışmağınız maraqlı olar...
– Çox maraqlı xatirələr var. Bilmirəm hansını deyim. Məsələn, onun diqqəti, fenomenal yaddaşı haqqında çox adamlar danışırdı. Mən də sizə bir söz deyim. ABŞ səfərindəyik, avqustun ayının 1-də Arlinqton Milli Məzarlığına gedirik. Orda çox təntənəli tədbir oldu. Heydər Əliyev avtomobilə əyləşdiyi anda qəfildən dayandı və geri çevrildi, diqqətlə nümayəndə heyətini nəzərdən keçirib o vaxtkı mətbuat katibini yanına çağırdı və adı ilə soruşdu ki, filankəs hardadır? Biz ya 50, ya da 51 nəfər idik. Təsəvvür edin, o bu böyük nümayəndə heyətindən kiminsə tədbirdə iştirak etmədiyini dərhal hiss etdi.
Sonra məşhur ürək cərrahı Maykl Debeyki ilə görüş oldu. O, bir çox tanınmış adamların ürəyini köçürmüşdü. Onunla görüş təxminən 15 dəqiqə nəzərdə tutulmuşdu. Amma o qədər gözəl söhbətlər oldu ki, görüş bir saata yaxın çəkdi. İndi ayrılırıq və Debeyki bizi liftin önündə yola salır. Deməli, Heydər Əliyev birdən nümayəndə heyətinə göz gəzdirdi. Mən qəribə bir şəkildə hiss etdim ki, o, nəsə deyəcək və bu söz mənə də aid olacaq. Hiss etdiyim üçün yavaşca sivişib arxa plana keçmək istədim. Əhval-ruhiyyəsi çox yüksək səviyyədə idi. Mənə amiranə şəkildə dedi ki, yerində dur və mən yerimdə durdum. Heydər Əliyev dedi ki, “Cənab Debeyki, siz görkəmli cərrahsız, böyük həkimsiz, dünya səviyyəsində tanınan bir insansınız. Mənin nümayəndə heyətimin bəzi üzvlərinin problemləri var”. Bu zaman mən qəti olaraq bildim ki, söhbət nədən gedəcək. Məni, sonra adlarını çəkmək istəmədiyim daha iki nəfəri, ümumilikdə 3 nəfəri göstərib dedi ki, siz bunların başına tük əkə bilərsinizmi? İnanırsız, daha gülməkdən uğunub getdik. Demə, mənim bu hərəkətimi, yəni arxaya çəkilib nümayəndə heyətinin içində görünməz olmaq istəyimi bəzi dostlarım sezibmiş. Dedilər ki, sən nədən bildin? Dedim, hiss etdim ki, söhbət bu olacaq. Onu da deyim ki, Maykl Debeyki görüşdən olduqca razı qalmışdı.
Debeyki sonradan Bakıya gəldi və Hövsanda “Əliyev-Debeyki” xəstəxanası açıldı. Mən bunu o zaman mətbuatdan oxumuşdum, bilmirəm indi o xəstəxana fəaliyyət göstərir, yoxsa yox. Yəni, Heydər Əliyev Debeykidə elə dərin iz buraxdı ki, dediyim kimi 15 dəqiqəlik görüş təxminən 1 saata yaxın davam etdi. Ayrılanda Heydər Əliyev ona bir kitab bağışladı. Dedi, burda Azərbaycan nefti, onun çıxarılması və tarixi haqqında yazılıb. Əlavə etdi ki, düzdür, siz insan kapillyarlarını dəyişərək onun yaşaması üçün böyük işlər görürsünüz. Bu kitabın hamısını oxumağa da vaxtınız çatmayacaq, amma hərdən bir vərəqləyərsiniz. Debeyki dedi ki, bu kitab mənim üçün son dərəcə əziz və qiymətli olacaq. “Bəli, mən insan damarlarını dəyişdirərək bir insanı yaşatmağa xidmət edirəm, sizin neftiniz isə dünya arteriyalarında dövr edərək dünyanın bir çox ölkələrinin yaşamasına səbəb olur. Ona görə bu kitab qiymətlidir”, – deyə Debeyki bildirdi. Yəni, xatirələr onlarladır. Elə bilirəm, bu kifayət edər.
– Xalq yazıçısı, Milli Məclisin deputatı Elmira Axundovanın müəllifi olduğu “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatın “Ömrün Naxçıvan aşırımları” adlı V cildində sizin də xatirələrinizə yer ayrılıb. İstərdik, “Qoşa çırağın işığında və ya gecə 3-ə 8 dəqiqə işləmiş” sərlövhəli müsahibənin necə ərsəyə gəlməsini bizim oxuculara da danışasınız...
– Ulu öndərlə ən böyük söhbətim və götürdüyüm ən böyük müsahibə “Qoşa çırağın işığında və ya gecə 3-ə 8 dəqiqə işləmiş” sərlövhəli müsahibədir. Bu müsahibə 1992-ci ilin oktyabrında “Səs” qəzetinin iki nömrəsində ardıcıl çap olunub. Deməli, may ayının 28-də “Ümid” körpüsünün açılışı olmuşdu. Bir çox adamlar, o cümlədən “Səs” qəzetinin baş redaktoru Ağabəy Əsgərov da açılışda iştirak etmişdi. Növbəti dəfə Naxçıvana yardım aparmaq məsələsi ortaya çıxdı və Ağabəy mənə dedi ki, getmək istəyirsənmi? Dedim, məmnuniyyətlə. Onda bir həftə idi ki, “Səs” qəzetində işləyirdim. İyunun 26-da yola düşdük, Naxçıvan Ali Məclisinə getdik. Nümayəndə heyətinin tərkibində jurnalist kimi mən, akademik Nadir Seyidov, Fikrət İsmayılov və Məzdək Hüseynov da var idi. Ali Məclis sədrinin köməkçisi Ramizə yaxınlaşdıq. Yeri gəlmişkən, qeyd edim ki, Ramiz bu gün də Vasif Talıbovun köməkçisidir. Çox istedadlı, qabiliyyətli bir oğlandır. Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının keçmiş sədri, rəhmətlik Fikrət İsmayılov irəli durub dedi ki, Bakıdan gəlmişik. Ramiz xəbər verdi, Heydər Əliyev bizi qəbul etdi. Hamımızla çox mehribancasına görüşdü, müxtəlif söhbətlər oldu. Mən çıxanda dedim ki, Heydər bəy, mən həm də sizdən intervü götürməliyəm.
Bir kitabı var idi, açıb baxdı, dedi ki, hə, belə bir şey nəzərdə tutulub. Axşam işdən sonra gələrsən. Biz çıxdıq, Naxçıvanda bəzi müxalif partiyaların nümayəndələri ilə şəhərdə görüşümüz oldu, söhbətləşdik, mübahisələr oldu. Sonra Naxçıvanın tarixi yerlərini gəzdik. Axşam 6-nın yarısında Ali Məclisdə oldum. Gördüm ki, bu nədir, sanki iş günü yenicə başlayır. Qəbul otağı adamlarla doludur. Bir az döyükdüm, sağa-sola baxdım. Fikirləşməyə başladım ki, saat 6-dır, iş vaxtı qurtarır, mən neyləyim? Deyib ki, işdən sonra gələrsən. Əgər gəlməsəm, biabırçılıq olar. Deyər ki, bu nə məsuliyyətsiz adamdır. Amma adamları da görürəm, nə edəcəyimi bilmirəm. Məcbur olub köməkçisi Ramizə yaxınlaşıb dedim ki, “qardaş, mən gəlmişəm e...” Başını qaldırıb üzümə baxdı, dedi ki, siz tezdən Fikrət müəllimlə gələn nümayəndə heyətinin tərkibində idiniz də... Dedim, bəli. Mən “Səs” qəzetindən Səyyad Aranam, Heydər Əliyevdən intervü götürməliyəm. O da kitabına baxdı, dedi ki belə bir şey nəzərdə tutulub. Dedim, indi mən gəlmişəm. O, heç nə başa düşməyərək mənə baxdı. Dedim, Heydər Əliyev dedi ki, işin axırında gələrsən. Dedi, nə-nə? Dedim, Heydər Əliyev dedi ki, işin axırında gələrsən. İndi də işin axırıdır, 6-ya 25 dəqiqə qalıb. Baxıram ki, burda xeyli adam var, mən bildirmək istəyirəm ki, gəlmişəm, Heydər Əliyev bunu bilsin. Yoxsa deyər ki, bu nə məsuliyyətsiz jurnalistdir.
Bir də gördüm gecənin tən yarısı bir nəfər bağırır: “Said, Said”
Ramiz qarnını tutub güldü, ağzını tutub otaqdan çıxdı. Sol tərəfə döndü. “Ay Allah, ay Allah” deyərək özünü saxlaya bilmir və gülür. Mən də bunun ardınca çıxdım ki, bu niyə belə edir, burda nə gülməli söz oldu ki? Bunun ardınca getdim, gördüm ki, içəridə bir nəfər də var. Təbii ki, Vasif Talıbovu tanımıram. Vasif müəllim onda Heydər Əliyevin köməkçisi funksiyasını yerinə yetirirdi. Onun otağının qapısı Heydər Əliyevin belə demək mümkünsə, istirahət otağına açılan qapı ilə üzbəüz idi. Vasif müəllim, hərdən içəri girib yəqin ki, çaydan-zaddan hazırlayırdı.
Ramiz içəri girdi, Vasif müəllim ona acıqlandı ki, ə, nə gülürsən, dişlərini ağardırsan? Dedi ki, bundan soruş, bundan soruş. “Ay Allah, ay Allah öldüm” deyib divana yıxıldı. Vasif müəllim dedi ki, ə özünü ələ al, bu nə deməkdir? Yenə qayıtdı ki “bundan soruş, bundan soruş”. Vasif müəllim soruşmamış mən dedim ki, çox qəribə işdir, bilmirəm burda nə baş verir. Mən nə gülməli söz dedim ki? Mən Heydər Əliyevdən intervü götürməliyəm, özü də təsdiq elədi ki, bəli, bu doğrudur, mən intervü götürməliyəm. İndi də mən gəlmişəm və deyirəm ki, işin axırıdır. Adam da nə qədər çoxdur. Qoy Heydər Əliyevə bildirsin ki, Bakıdan həmin jurnalist gəlib. Bu dəfə də Vasif müəllim ürəkdən güldü.
Amma Vasif müəllim ciddi adam olduğu üçün özünü tez yığışdırdı, qoluma girdi, dəhlizdən keçirdi, məni pilləkənlərlə aşağı düşürə-düşürə dedi: “Yoldaş jurnalist, bizdə işin axırı gecə saat 12-dən sonradır. Sən get, 1-də, 2-də gələrsən”. Mən heyrətlə ona baxdım, öz-özlüyümdə dedim ki, nə işə düşdüm. Bunlar nə danışır? Biri elə deyir, biri belə deyir. Necə yəni, get, gecə 12-dən sonra gələrsən?! Mən bu fikirdə ikən Vasif müəllim bir nəfəri çağırdı, dedi ki, müxbiri qonaq evinə apar. Axşam da 12-dən sonra ardınca gedib bura gətirərsən. Mənim matım-qutum qurudu, heç bir söz deyə bilmədim. Ümumiyyətlə, heç nə başa düşmədim. Gördüm sürücü qapını açıb “müəllim, otur” deyir. Mən heç nə başa düşməyərək, maşına oturdum və sürücü məni Naxçıvan Ali Məclisinin qonaq evinə apardı. Qonaq evinin Aleksandr (Saşa) adlı sırf Naxçıvan ləhcəsi ilə danışan komendantı var idi. Saşa dedi, buyur bu da sənin otağın, dincəl.
Bir saata kimi vaxtımı ötürdüm. Vaxt da getmir axı. Naxçıvan şəhər stadionu qonaq evinə yaxın idi. Getdim ora. Bir az o tərəf-bu tərəfə qaçdım, hərəkət etdim. Gözümə köhnə bir top sataşdı. Topu götürüb çiləməyə başladım. Bir qədər də vaxtımı belə keçirdim. Sonra topu 11 metrlik zərbə nöqtəsinə qoyub 10-15 dənə qapıya qol vurdum və sair. Artıq yoruldum və qonaq evinə gəldim. Hardasa saat 9 olardı. Yatağa uzandım. Görünür, yorğunluq səbəbindən və başıma gələn bu anlaşılmaz işə görə məni yuxu aparıb. Bir də gördüm gecənin tən yarısı bir nəfər bağırır: “Said, Said”. Ayıldım, yenə də səs gəlir. Fikir vermirəm. Mən “Said” deyiləm axı... İndi mən anlamıram, mənə çatmır ki, rus Saşa mənim adımı tələffüz edə bilmir. Bir də gördüm səs artıq qapının ağzındadır. Qışqırır ki, “Mən kiminləyəm, Said, Said. Qalx da. Sənin ardınca gəliblər”.
Mən qalxdım, dedim kim gəlib? Dedi “mən nə bilim, çıx qapıya görərsən”. Çıxdım qapıya gördüm ki, həmin sürücüdür. Dedim nədir ki? Dedi, heç nə, sənin dalınca gəlmişəm. Bay, birdən hər şey yadıma düşdü. Tez qayıdıb blaknotumu, diktofonumu götürüb gəldim. Ali Məclisə çatanda divardakı saata baxıb gördüm gecə saat 1-dir. Yenə də gördüm ki, qəbul otağı doludur. Demə, indi də rayon icra hakimiyyətinin başçıları, bir sözlə, yerli hakimiyyətin nümayəndələri belə demək mümkünsə, sabahkı gün üçün tapşırıqlarını almağa gəliblər. Mən də oturub xeyli gözlədim. O gün mən Heydər Əliyevin qəbuluna düşə bilmədim. Ramiz dedi ki, artıq saat 3-dür, sədr evə gedəcək, sən də get, sabah yenə gecə 12-dən sonra gələrsən. Mümkün olsa, qəbuluna düşərsən. Aşağı düşdüm, həmin sürücü məni yenidən apardı. Birisigün səhər geri qayıtmalıydıq. Mən günorta özümü Ramizin yanına çatdırıb dedim ki, “Ramiz bu gün də olmasa, sabah tezdən biz gedirik, mən intervü ala bilməyəcəm, xahiş edirəm mənə kömək elə”. Dedi ki, “çalışarıq, get 12-dən sonra gələrsən”. Artıq bu dəfə təəccüblənmədim, vəziyyəti anladım. Getdim və deyilən vaxtda geri qayıtdım. Mən içəri girəndə, ilk sualımı verəndə 3-ə 8 dəqiqə işləmişdi. Onu qeyd etdim.
– Bəs qoşa çıraq nə deməkdir?
– Ali Məclisdə elektrik enerjisi yox idi. Heydər Əliyev bir çırağın işığında işləyirdi. Təsəvvür edirsiz? Məni aydın görsün deyə, səsləndi ki, Ramiz, o çırağını götür, bura gətir. Gətirəndən sonra dedi ki, qoy müxbir tərəfdən. Mənim tərəfdən qoydurdu ki, sifətimi görə bilsin. Biz qoşa çırağın işığında söhbət etdik. Heydər Əliyevdən ilk intervüm beləcə alındı.
– Heydər Əliyevin Naxçıvandakı iş prinsipinin başqa hansı özəllikləri var idi?
– Mən onun Naxçıvandakı iş prinsipini öz gözləri ilə görmüş adamam. Deməli, Heydər Əliyev təxminən saat 10-a qalmış işə gəlirdi, şikayətçiləri Ali Məclisin qabağında qəbul edirdi. Rəhbər vəzifəli şəxslər də hamısı orda olurdu, aidiyyatı üzrə o adamlara tapşırıq verə-verə şikayətə gələnləri qəbul edirdi. Saat 10-da işə başlayırdı. Düz axşam 7-dək sərasər işləyirdi. Heydər Əliyev günorta nahar eləmirdi. Saat 7-də gedirdi, hardasa 8-in yarısı nahar edirdi. Bir də qayıdırdı, bir də gecə saat 3-də qaldığı evə dönürdü. Bunun nəticəsində Naxçıvanın təhlükəsizliyi axıradək qorundu.
Heydər Əliyev bizə çoxlu nəsihətlər edirdi. Xüsusən, noyabrın 21-də. Gecə saat 1-dir, 2-yə işləyib. Artıq noyabrın 22-dir. Dedi ki, siz hamınız gələcəkdə böyük insanlar olacaqsınız. Yüksək vəzifələr daşıyacaqsınız. Sizin qəbulunuza çoxlu insanlar gələcək. Onların bir çoxunun xahişini yerinə yetirə bilməsəniz də, onları diqqətlə dinləyin. Onları heç vaxt oturduğunuz xidməti kreslolarda qarşılamayın. Kimliyindən asılı olmayaraq, ayağa durun, o böyük, geniş, yaraşıqlı kabinetlərinizin ən azı ortasında onları qəbul edin. Yenidən qayıdıb xidməti kreslonuzda oturmayın. Sizin iş masanızın qarşısında balaca bir miz olacaq. Orda həmin adamla üzbəüz oturun. Nə qədər fikirli, dalğın, yorğun, xəstə olsanız da, bunu qarşınızdakı adama bildirməyin. Onunla səmimi, doğma adam kimi söhbət edin. Dərhal çay gətirdin. Çay gətiriləndən sonra əlinizi qəndə atmayın. Masanızın üstündə şokoladlar doldurulmuş büllur qabdan bir şokolad götürün. Bəlkə sizin qarşınızdakı heç bir aydır şokolad yemir. Siz qənd götürsəniz, o da məcbur olub qəndə əl atacaq. Qənddən başlamayın, şokoladdan başlayın.
– Yəni, o məqamlara kimi nəsihət edirdi, hə?
– Bizə nələri demirdi? Bütün şeyləri başa salırdı. Bizə həyatı öyrətdi. Hamımızın, bütün o zamankı Siyasi Şura üzvlərinin həyat məktəbi Heydər Əliyevlə başladı. Biz o məktəbdən keçdik. Allah ona rəhmət eləsin. Necə dahi idi, necə hər şeyi əvvəlcədən görürdü...