Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri Tehranın “Perspolis” komandası tərəfdarlarının Azərbaycan türklərini təhqir etməsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, aidiyyəti qurumlara müraciət edən millət vəkilli təhqirə yol verən klub azakeşlərinin cəzalandırılmasını tələb edib.
Hadi Bahduri hüquq mühafizə orqanlarının verdiyi vədə əməl etmədiyini deyib:
“Əvvəlcədən elan olunmuşdu ki, stadionda təhqirə yol veriləcəyi halda, qarşılaşma dayandırılacaq. “Perspolis” tərəfdarları təhqirə başladı, lakin oyun dayandırılmadı.
Stadionun ümumi aurası və hakimin qərəzi də, “Traktor”a qarşı yönəlmişdi. Görüntülərdən də məlum olur ki, hakimin ofsayt qərarı düzgün deyildi. Hakim bu barədə məsləhətləşməli və “Traktor”un vurduğu qolu qeydə almalıydı. “Traktor” bu vəziyyətdə 1 xal qazanmağı bacardı. Buna görə də, komandaya təşəkkür etmək lazımdır”.
Azərbaycanlı millət vəkili İran Baş Prokurorluğundan “Azadi” stadionunda baş verənlərə görə, diqqət ayırmağı tələb edib:
“Böyük Azərbaycan millətinin təhqir olunması qəbuledilməzdir. Təhqir edənlər qarşılığını almalıdır. Ölkənin Baş Prokurorluğu təhqirə yol verənləri cəzalandırmaqla yanaşı, gələcəkdə belə halların qarşısını birdəfələlik almalıdır”.
Qeyd edək ki, “Traktor” və “Perspolis” arasında görüş noyabrın 25-də Tehranın “Azadi” stadionunda keçirilib. Qarşılaşma 0:0 hesabı ilə başa çatıb.