İmişlidə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb
Teleqraf.com xəbər verir ki, bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və İmişli Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb.
İki gün davam edəcək konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İmişli Rayon İcra Hakimiyyətinin rəhbər işçiləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət fəalları, həmçinin dini icma sədrləri, din xadimləri və ilahiyyatçılar iştirak edir.
Konfransda dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, eyni zamanda, tolerantlıq mühitinin, milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi barədə müzakirələr aparılıb.
İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış edərək, son illər ölkəmizin bütün bölgələrində olduğu kimi, İmişlidə də dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği istiqamətində görülən işlərdən danışıb.
V.Hacıyev bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyevin siyasəti nəticəsində xalqın keçmişinə, adət-ənənələrinə, dininə dövlət səviyyəsində qayğı göstərilməyə başlanılıb, etiqad, inanc azadlığı bərqərar olub. O, ölkəmizin dinlərarası dialoq və əməkdaşlıq sahəsindəki təcrübəsinin bütün dünyada məqbul bir model kimi yüksək qiymətləndirildiyini söyləyib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması istiqamətində görülən işlərdən danışaraq, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib.
Vurğulayıb ki, ulu öndərin dövlət-din münasibətləri sahəsindəki nümunəvi siyasəti onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırılır. Azərbaycandakı dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir.
M.Qurbanlı gənc nəslin milli ruhda tərbiyə edilməsinin vacibliyinə də toxunub.
O, bu sahədə dövrün tələblərinə uyğun islahatların aparılmasının, savadlı milli kadrların hazırlanmasının və milli-mənəvi dəyərlərimizin təbliğ və təşviq edilməsinin dövlət-din münasibətlərinin tənzimlənməsi işinə müsbət nəticələr verəcəyini qeyd edib.
Çıxışında dinin siyasiləşdirilməsi cəhdləri barədə də danışan Dövlət Komitəsinin sədri dünyanın bir çox ölkələrində din amilindən istifadənin vətəndaş müharibələrinə, terror hadisələrinə, eyni dinə etiqad edən insanlar arasında qarşılıqlı nifrətə gətirib çıxardığını deyib.
O, DQİDK-nın milli maraqlarımıza zidd olan yad dini ideologiyaların yayılmasının, eləcə də dini təəssübkeşliyin dini təkəbbürə, sonra fanatizm və ekstremizmə çevrilməsinin qarşısının alınmasında qabaqlayıcı amil kimi mütəmadi olaraq maarifləndirmə tədbirləri təşkil etdiyini vurğulayıb.
Sonda çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Adıgözəl Bəşirov dövlətin dinə və din xadimlərinə qayğısından bəhs edib, diqqət və qayğıya görə bölgə dindarları adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.