Bako Saakyanı Fransa, ABŞ və Rusiyaya heç kim dəvət etmir. Bu səfərlər onun öz təşəbbüsüdür və xüsusilə dekabrın 9-da Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkiləri ərəfəsində dünyaya nümayiş etdirmək istəyir ki, Dağlıq Qarabağ bir tərəf kimi danışıqlarda iştirak etməlidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Fikrət Sadıqov deyib.
Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin başçısı kimi özünü qələmə verən Bako Saakyanın ATƏT-in Minsk Qrupunun 3 həmsədr ölkəsinə – Fransa, ABŞ və Rusiyaya bu yaxınlarda etdiyi səfərlərə münasibət bildirən Fikrət Sadıqov Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı Nikol Paşinyanın Dağlıq Qarabağın danışıqlarda iştirak etməklə bağlı cəhdlərini xatırladıb:
“Saakyan sanki Paşinyanın bu “ideyasını” həyata keçirmək məqsədilə həmsədr ölkələrə gedib, özünü orda nümayiş etdirir. Digər tərəfdən həmsədrlərin regiona səfər zamanı Xankəndini ziyarət etmələri heç də o demək deyil ki, onlar Bako Saakyanın danışıqlarda müstəqil tərəf kimi iştirak etməsinin tərəfdarıdırlar.
Qətiyyən belə deyil. Sadəcə olaraq, onlar regiona gəlir, Azərbaycan və Ermənistan dövlət başçıları ilə görüşür və burda ikən gedib onlara da bir baş çəkirlər. Məqsəd də odur ki, onların da bir fikrini öyrənsinlər, vəziyyətə baxsınlar və sair”.
Politoloq qeyd edib ki, B.Saakyanın həmsədr ölkələrə, xüsusilə Fransa və ABŞ-a getməsinin bir sıra digər səbəbləri də var:
“Saakyan həmin ölkələrə gedib zəngin erməni diasporunun nümayəndələri ilə görüşür və faktiki olaraq onlardan pul dilənmək üçün bir sıra addımlar atır. Burda digər məsələ də var. Düzdür, Saakyanla Paşinyanın münasibətləri yaxşı kimi görünür. Amma reallıqda Ermənistanın yeni hakimiyyətinin başçısı kimi Paşinyanla Saakyanın münasibətləri o qədər də yaxşı deyil.
Saakyan Serj Sərkisyanın adamıdır. Bunu hamı bilir. Bako Saakyan o ölkələrə getməklə onlardan müəyyən dəstək almağı düşünür. Məqsəd odur ki, Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra onu bir fiqur kimi vurmasınlar, saxlasınlar və bundan sonra da oradakı separatçı rejimə başçılıq etsin”.
F.Sadıqov əlavə edib ki, digər reallıq da B.Saakyanı nə Paris, nə Vaşinqton, nə də Moskvada rəsmi səviyyədə heç kim qəbul etməməsindən ibarətdir:
“Onu hansısa nazirliyin nümayəndəsi heç qapısına yaxın da buraxmır. Düşünürəm ki, bundan sonra da buraxmayacaq. Bunlar sadəcə görüntü xarakteri daşıyan səfərlərdir. Bu səfərlərin Dağlıq Qarabağ probleminin həllinə heç bir təsiri yoxdur. Burda bir məqam da var. Fransa və ABŞ onun faktiki olaraq saxta pasportuna viza möhürü vururlar. Halbuki onlar Saakyanın kim olduğunu bilirlər. Bax bu, ikiüzlülük, ikili standartlardır. Moskvaya vizasız gedirsə, bu ölkələrə viza ilə gedir axı... Ona görə də düşünürəm ki, biz düzgün edərək bu ölkələrə etirazımızı bildirdik”.