28 Noyabr 2018 15:27
2 486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Kənd Təsərrüfatı Nazirliyinin Masallı və Lənkəran rayonlarına təşkil etdiyi media-tur çərçivəsində bir qrup jurnalistlə Bakıdan yola düşdük. Əvvəlcə Masallıda Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) açılışında iştirak etdik, mərkəzlə tanış olduq.

Qeyd edək ki, prezident İlham Əliyevin 31 iyul tarixli fərmanı ilə rayon və şəhər kənd təsərrüfatı idarələri əsasında Dövlət Aqrar İnkişaf Mərkəzləri yaradılıb.

DAİM-lərin yaradılmasında məqsəd Kənd Təsərrüfatı Nazirliyinin yerli bölmələrinin vahid mərkəzdən idarə olunmasını təşkil etmək, fermerlərlə işi gücləndirmək, elektron xidmətlər və innovativ texnologiyadan istifadə ilə bağlı maarifləndirmə işləri aparmaqdır.

Masallıdakı DAİM-də Kənd Təsərrüfatı Nazirliyi və onun tabeli qurumları (Baş Dövlət Texniki Nəzarət Xidməti, Dövlət Baytarlıq Xidməti, Bitki Sortlarınını Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti, Fitosanitar Xidməti) tərəfindən bitkiçilik, heyvandarlıq və texniki nəzarət xidmətləri üzrə ümumilikdə 68 növ xidmət göstərilir.

DAİM-in 52 əməkdaşı var. Burda diaqnostik və bakterioloji laboratoriyalar da fəaliyyət göstərir.

DAİM -in nəzdində yaradılan fermer və koordinasiya şurasının iclasında iştirak edən Kənd təsərrüfatı naziri İnam Kərimov fermerlərlə söhbət edib, onların problemləri ilə maraqlandı.

Daha sonra fermerlərin jurnalistlərlə təmas imkanı yarandı. Çiyələk, noxud, qarğıdalı əkini ilə məşğul olan fermer Rafət Abbasovun sözlərinə görə, belə toplantılar fermerlərə bir yerə yığılaraq problemləri ortaya qoymaq və onların həlli yollarını tapmağa kömək edir: “Zənnimcə, bu görüşlər bölgədə fermerlərin fəaliyyətinə təkan verəcək. Bizim əsas problemimiz tədarük məntəqəsi və tırtıllı texnikanın çatışmazlığıdır, bunu iclasda da səsləndirdik. Məhsuldarlıqda isə hələlik istədiyimizə nail ola bilmirik. Biz fermerlərin amalı odur ki, az əkindən yüksək məhsuldarlıq əldə edib, daxili və xarici bazarda sataq”.

Kartof əkini ilə məşğul olan Yusif İbrahimli deyir ki, fermer və koordinasiya şurasının iclasları qısa müddətdə öz müsbət təsirini göstərir: “Biz ayda bir dəfə yığışıb problemləri müzakirə edir və DAİM-ə təqdim edirik. İl ərzində 30-40 ton kartof yığa bilirik ki, bu da kartofun toxumundan və aqrotexniki qulluqdan asılıdır.

Bizdə kartofun satışı problemi vardı. Bu ildən gömrükdə kartofun idxal rüsumu artırılıb. Hər il may ayında kartof yığımı başlayır ki, fikrimcə, gələn il bu qərar öz effektini göstərəcək. İdxal rüsumu aşağı idi deyə, xaricdən ölkəmizə kartof çox gətirilirdi. Rüsum artırılandan sonra fermerlər yüksək məhsuldarlıq haqqında fikirləşəcək, daxili bazara daha çox məhsul çıxarmağa çalışacaqlar”.

Tur çərçivəsində Lənkərandakı sitrus bağları ilə də tanış olduq.

Burada yetişdirilən hallabonq nadir meyvələrdəndir. Əsasən Yaponiya, Koreya, ABŞ, Fransa və beşinci ölkə olaraq Azərbaycanda, yəni Lənkəranda yetişdirilir.

Sitrus bağlarının aqronomu Xalıq Talıbov deyir ki, hallabonq dünyada dekapon, siorami və sumu adı ilə də tanınır: “Meyvə 1972-ci ildə Yaponiyada kiyomi və mantaqomi portağal sortlarından calaq yolu ilə əldə edilib. 2015-ci ildən Lənkəranda yetişdirilir.

Hazırda gördüyünüz sahə 10 hektardır, 3791 ağac var. Hər ağac 30-40 kilo bar verir. Ölkədə bu meyvəyə tələbat yüksəkdir, çünki nadirdir. Mendeleyev cədvəlinin bütün elementləri onun tərkibində var. İl ərzində yeri yaxşı olsa, 3-4 dəfə məhsul yığırıq. Əkiləndən 2-3 il sonra məhsul götürməyə başlamışıq, təxminən 10 ilə hər ağac 200-250 kilo məhsul verməlidir. Hər meyvənin diametri 8-10 santı, çəkisi 350-400 və 500 qramdır.

Bu yaxınlarda müqavilə imzalamışıq, məhsullarımızı Rusiya bazarına da çıxaracağıq”.

Tərkibinə görə kosmetika sahəsində də istifadəsi nəzərdə tutulan meyvənin kilosu 5-10 manat arasında dəyişir.

Daha sonra çay təsərrüfatı ilə tanış oluruq. Bildiyimiz kimi, cənub bölgəsi öz çayı ilə məşhurdur, burda dadlı və orqanik çay növləri yetişdirilir.

Öz təsərrüfat haqqında məlumat verən “Yaşıl çay” fermer təsərrüfatının rəhbəri Araz Yaqubov deyir ki, təsərrüfat 2016-cı ildə yaradılıb: “Plantasiya 70 hektardır, torpağımızda taxıl, sitrus bitkiləri də əkirik, amma çayçılıq bizim prioritet sahəmizdir. Mini emal seximiz də var”.

Araz Yaqubov deyir ki, çay 7 ildən sonra məhsul verir, 7 il ərzində isə çaya xidmət lazımdır: “İki ildir çaydan məhsul götürürük. Hələlik daxili bazarda satırıq, məqsədimiz Azərbaycanı yerli, təbii məhsulla təmin eləməkdir. Çay əkildikdən 12 il sonra ən yüksək bar vermə fazasına düşür ki, bu zaman hektardan 5 ton çay götürmək olur. Bizim əkdiyimiz "kolxida" mənşəli çay isə bir hektara 10 ton məhsul verir. Ona görə də gələcəkdə ixrac potensialımız artacaq və biz çayı xarici bazarlara da çıxaracağıq.

Düzdür, hazırda bizə xaricdən, xüsusən, Rusiya bazarlarından təklif var ki, məhsulun hamısını onlara verək, amma bizim üçün ilk növbədə daxili bazardır.

Gələcəkdə plantasiyanı 127 hektara çatdıracağıq. Keçən ildən müasir yapon texnologiyası əsasında çay əkirik, sıxlaşdırlmış çay əkini üsulu ilə 10 hektar ərazidə 12-13 hektar çay əkmək mümkündür.

100-ə yaxın işçimiz var, 70-ə yaxını qadındır. Çay elə bitkidir, burda qadınlar işləməlidir, onlar həm çayın becərilməsində, həm də yığımında iştirak edirlər.

Çay ən böyük əmək tutumlu sahədir, heç bir kənd təsərrüfatı məhsulu çay qədər əmək tutumlu ola bilməz. Çay plantasiyasında ilboyu, 12 ay işləmək lazımdır.

Hələ ki bir hektara ton yarım məhsul götürmüşük, amma gələn il 2-2.5 ton məhsul götürməyi planlaşdırırıq”.

Çayın qiymətinə gəlincə, Araz Yaqubov deyir ki, bu çayın kilosu 8 manatdan başlayır, 100 manata qədər davam edir: “Hətta daha baha çaylarımız var ki, biz onları xarici bazar üçün hazırlamışıq. Çünki o çaylar günəş doğmamış bir saat ərzində yığılır və xüsusi texnologiya ilə də hazırlanır. Xarici bazar üçün nəzərdə tutulan bu çayın kilosu 500 manatdır, hətta kilosu 2 min manat çaylar da var”.

Daha sonra feyxoa və kivi plantasiyalarına yola düşürük. Bizi fərdi fermer təsərrüfatının sahibi Rəftarə Şükürova qarşılayır. 13 hektarı əhatə edən bağın 6 hektarında feyxoa, 3.5 hektarında kivi, qalan hissəsində isə taxıl əkilir. Rəfarə xanımın 32 illik müəllimlik stajı var, 4 ildir bu bağa görə peşəsindən uzaqlaşıb: “Hər gün bağa gəlib axşam qayıdıram. 10 ildir bağ salmışam, ağaclar böyüyür, yaşa dolduqca daha məhsuldar olur. Gələcəkdə bağımızdan daha çox gəlir əldə etməyi nəzərdə tutmuşuq”.

Biz orda olarkən feyxoa yığımı idi. Fermer deyir ki, işçilərin sayı mövsümi olaraq dəyişir: “Hazırda feyxoa yığımı getdiyi üçün bağda 30-a yaxın işçimiz var. Feyxoa elə meyvədir ki, ağacda birbaşa yetişmir, hissə-hissə dərilir. Feyxoa yığımından sonra bütün ağaclar bağlanmalıdır, bağlanmasa , qar yağsa bütün ağacları sındıracaq.

Məhsullarımız daxili bazarda satılır. Keçən il feyxoanı Rusiyaya aparıldı, bu il getməyib deyə qiyməti də aşağı olub. Ötən il onu 1manat və ya 1manat 50 qəpiyə satırdıqsa, bu il 50-55 qəpikdən yuxarı verməmişik. Böyük bağdır deyə çoxlu vəsait tələb edir, hələlik rentabelli deyilik.

Bir-iki günə kivi yığımına başlayacayıq, şaxta düşməsə kivini ağacda istənilən müddətdə saxlamaq olar, amma yenə risk edə bilmərik.

Kiviyə qulluq çətin olsa da, gələcəkdə kivi sahəsini artırmaq istəyirəm, çünki Azərbaycanda becərilən kivi tələbatı ödəyəcək səviyyədə deyil”.

Rəftarə Şükürova istədiyi bilgini verən mütəxəssis tapa bilmədiyini də vurğuladı: “İxtisaslı mütəxəssisə ehtiyacımız var. Kurslar təşkil olunsa, orda iştirak edərik”.

Ən böyük feyxoa bağına sahib olan fermer deyir ki, aprel ayından bağa yerli və xarici turistlərin gəlişi gözlənilir.

Beləcə media turumuz günün sonunda başa çatır, xoş təəssüratla Bakıya qayıdırıq.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər