28 Noyabr 2018 19:40
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 28-də Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Şuranın göstərdiyi xidmətlərin keyfiyyətinin, QHT-lərin hesabatlıq vəziyyətinin və yeni elektron xidmətlərinin müzakirəsinə dair ictimai dinləmə keçirib. 500-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda Azay Quliyev ictimai dinləmənin keçirilmə səbəbləri haqda fikirlərini açıqlayıb.

İctimai dinləmənin keçirilməsinin ikinci mühüm səbəbi QHT-lərin hesabatlıq vəziyyətini müzakirə etməkdir. Azay Quliyev xüsusi vurğulayıb ki, Şuranın qəbul etdiyi qərarların QHT-lər tərəfindən daha geniş şəkildə mübahisələndirməsinə imkan yaradılması, QHT-lərin həmin layihələrin vacibliyi, ictimai əhəmiyyəti və effektivliyi barədə fikir və rəylərini öyrənmək və gələcək qərar qəbulu zamanı nəzərə almaqdır. Bu məqsədlə ictimai dinləmə xüsusi önəm daşıyır və QHT təmsilçilərinin fikirləri əhəmiyyətlidir.

İctimai dinləmənin keçirilməsinin üçüncü mühüm səbəbi Şuranın göstərdiyi xidmətlərin keyfiyyətini müzakirə etməkdir. Bəllidir ki, ilk dəfə tətbiq olunan bu proqram və elektron xidmətlərin həm də böyük ictimai əhəmiyyəti var. “Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi”, “Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti”, “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi”, “Konsultativ dəstək üzrə onlayn xidmət”, “Apelyasiya komissiyasının iclasında onlayn iştirak” proqram və elektron xidmətləri ilk dəfə tətbiq olunacaqlar. İlk dəfə tətbiq olunan bu elektron xidmət və proqramlar, Şura fəaliyyətində şəffaflığı daha da artırır, Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asan edir, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını alır, Şuranın qərar qəbuletmə prosesində vətəndaşların bilavasitə iştirakı, ictimai nəzarət və ictimai iştirakçılığın təmin edilməsini daha da açıq nümayiş etdirir. Burada qeyd olunmalı vacib məqam, yenilik, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulunun yeni tətbiqlərdən sonra tamamilə elektronlaşdırılması və acıq, vahid baza üzərindən aparılmasıdır.

“Mən istərdim ki, hər 3 məsələ ilə bağlı QHT lərlə müzakirə aparam və onların fikir və rəylərini öyrənim”-deyən Şura sədri Azay Quliyev qeyd edilən yenliklərlə bağlı ətraflı məlumat verib. O, öncə tədbir iştirakçılarına Şurada indiyə qədər mövcud olan elektron xidmətlər haqda məlumat verib.

Qeyd olunub ki, Şuranın təklif etdiyi elektron xidmətlərdən:
1. Layihələrin qəbulu (e-ərizə);
2. Layihələrin ekspertizası (Ekspertiza);
3. Apelyasiya müraciətlərinin qəbulu (Apelyasiya);
4. Hesabatların qəbulu (E-hesabat);
5. Dövlət orqanları tərəfindən QHT-lərə qrant verilməsinin Şura ilə razılaşdırılması (Şura ilə layihələrin razılaşdırılması);
6. Elektron müraciət (E-müraciət);
7. qhtxeber.az saytı elektron informasiya proqramları mövcuddur.
2019-cu ildən etibarən tətbiq ediləcək yeni xidmətlər isə aşağıdakılardır:
1. Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi
2. Müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidməti
3. Layihələrin idarə edilməsi və e-hesabat proqramı
4. QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi
5. Konsultativ dəstək üzrə onlayn xidmət
6. QHTinnovasiya.az saytı
7. Apelyasiya komissiyasının iclasında onlayn iştirak
8. “QHT Şurası” mobil tətbiqetmə proqramı

Daha sonra yeni yaradılan xidmətlər və proqramlar haqda ətraflı məlumat verilərək, ictimiyyətə təqdim olunub.
İctimaiyyətə təqdim olunan 8 yeni xidmət “mövcud vəziyyət”, “təklif olunan format” və “proqramın (yeniliyin) üstünlükləri” formasında qruplaşdırılaraq şərh edilib.

“Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradacaq. Belə ki, qiymətləndirmədə iştirak üçün hər bir vətəndaş, Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “Vətəndaşların layihələri qiymətləndirməsi” bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədəmüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir.

Şura tərəfindən təqdim edilən ikinci yenilik- müqavilə bağlanması üçün sənədlərin elektron qəbulu və e-növbə xidmətidir. Təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır. Bu xidmət vasitəsilə qrant müqaviləsinin bağlanması üzrə aidiyyatı sənədlərdə müvafiq düzəlişlərin aparılmasını və müqavilənin imzalanması üçün dəqiq vaxtın müəyyənləşdirilməsini, beləliklə, bütün prosesin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsini təmin edilir. Bununla da, Şura ilə QHT arasında müqavilə bağlanması üçün zəruri olan sənəd dövriyyəsi tam şəkildə elektronlaşır. Şura ilə QHT-lər arasında kommunikasiyanı daha rahat və asanlaşdırmaq, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını almaq, şəffaflığı daha da artırmaq elektron xidmətin digər üstünlüyüklərindəndir.

Layihələrin idarə edilməsi və e-hesabat proqramı Şuranın təqdim etdiyi növbəti yenilikdir. Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə e-hesabat proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin, Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə, 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək. Bu proqrama görə, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılacaq və vahid baza üzərindən aparılacaq. Bundan başqa, proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək. QHT-lər Şuranın bütün elektron xidmətlərinə vahid şifrə ilə giriş imkanı əldə edəcəklər. Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda QHT-lərin e-mail ünvanlarına avtomatik olaraq göndəriləcək ki, bu da qarşılıqlı əlaqələrin operativliyini yüksəldəcək və kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq.

Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri “QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi” proqramıdır. Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlıq vəziyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin, hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə, Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər. Hesabatın təqdim olunma müddəti Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur.
Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:
1. 5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir;
2. 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir;
3. 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;
4. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.

“Konsultativ dəstək üzrə onlayn xidmət” Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Belə ki, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti onlayn formada təşkil edəcək. Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək. Müzakirə olunacaq mövzu barədə QHT-lərə sosial şəbəkələr vasitəsilə məlumat veriləcək. Onlayn konsultativ xidmət hər həftənin müəyyən günü (indiki halda çərşənbə günü, saat 15:00-dan 16:00-dək) təşkil olunacaq. Bundan başqa, QHT nümayəndələri onları maraqlandıran sualları istənilən zaman Şuranın rəsmi facebook səhifəsinin ismarıc qutusuna ünvanlaya bilər.

QHTinnovasiya.az saytının yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların ardan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etməkdən ibarətdir. Saytın strukturu əsasən İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı və Təlim Bankı bölmələrindən ibarət olacaq.

Şura tərəfindən təkilfi oluna növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların Apelyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır. Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apelyasiya komissiyası qrant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq.

Şuranın təklif etdiyi sonuncu yenilik “QHT Şurası” mobil tətbiqetmə proqramı haqdadır. Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumun cssn.gov.az rəsmi internet saytı, qhtxeber.az informasiya portalı, e-qht.az elektron xidmətlər portalı və eləcə də, Şuranın facebook, tvitter və youtube sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan “QHT Şurası” ifadəsini yazaraq telefona yükləmək olar. Proqramın ən böyük üstünlüyü oflayn rejimdə asanlıqla istifadəsinin mümkünlüyüdür. Bu proqram vasitilə QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır, qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir. Bununla da Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.

Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov təmsil etdiyi qurumun cari ildə keçirdiyi müsabiqələr çərçivəsində icra olunan layihələrin hesabatlılıq vəziyyətini təhlil edib. O, 2018-ci il üçün Şuraya layihə təqdim etmiş QHT-lərlə bağlı bəzi problemləri qeyd edib. F. Qurbanov icra olunan layihələrin proqram hissəsi üzrə problemlərdən danışarkən təlim və tədbirlərin, iaşə xidmətlərinin təşkili, layihə üzrə sənədləşmələrin aparılması, layihələr çərçivəsində hazırlanan materialları keyfiyyəti, layihə üzrə tədbirlərin planlaşdırılması, nəşr məhsulları, film və sosial çarxların hazırlanması, KİV-lərlə əlaqələrin zəif qurulması və hesabatların dolğun tərtib olunmasındakı problemlərdən bəhs edib.

Maliyyə hesabatı üzrə çatşışmazlıqlardan danışan icraçı direktor əmək müqavilələrinin elektron sistemə daxil edilməsində, əmək haqlarının və vergi ödənişlərinin vaxtında ödənilməsində, ezamiyyə xərclərinin təyinatı üzrə istifadəsində, təqdim olunan maliyyə sənədlərində, sair xidmətlər üzrə təqdim olunan diplom və sertifikatlarda, xidmət göstərən hüquqi şəxslərlə bağlı və s. uyğunsuzluq və problemlər haqda məlumat verib.

Daha sonra tədbirdə iştirak edən Vergilər Nazirliyinin Vergi Siyasəti Departamentinin Vergi qanunvericiliyi idarəsinin direktoru Əvəz Quliyev vergi məcəlləsinə 2019-cu ildən təklif edilən əsas dəyişikliklərin istiqamətləri üzrə geniş təqdimatla çıxış edib.

Təqdimatdan sonra Şura üzvü Sahib Məmmədov, QHT sədrləri Əhməd Abbasbəyli, Səadət Bənənyarlı, Vüsalə Hüseynli, Niyaməddin Orduxanlı, Rauf Zeyni, Rasim Məmmədov, Bahar Qasımova, Bəxtimşah Tağıyeva, Mətanət Əsgərqızı, Şaban Nəsirov, Məhluqə Rəhimova, Ziba Nəbiyeva, Akif Kərimov, Məhəmməd Quluzadə, Büllur Məmmədova, Esmira Orucova, Növrəstə Yusifova, Faiq İsmayılov, Eyyub Hüseynov, Maral Zamanova, Çingiz Nəzərov, Mirzə Məmmədbəyov, Aydınxan Əbilov yeniliklərlə bağlı fikir və rəylərini bildirib, Vergilər Nazirliyinin nümayəndəsinə onları maraqlandıran suallarla müraicət ediblər. QHT təmsilçilərini maraqlandıran bütün suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər