29 Noyabr 2018 19:10
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Los Ancelesdə “Hayastan” Ümumerməni Fondunun illik telemarafonu keçirilib. Bu dəfə “Birlikdə yaradaq” şüarı altında keçirilən pul toplama kampaniyasında xeyriyyə ianələrinin yekun həcmi 11 milyon 109 min 633 dollar təşkil edib. Bu fond vasitəsilə işğal altında olan Qarabağda qanunsuz fəaliyyətlər icra edilir.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, Qarabağdan və cəbhə xəttindən gələn məlumatlar daxildə narahatlığa səbəb olmağa başlayıb:

“Belə ki, Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrinin əsgər və zabitlərini “Hayastan” ümumerməni fonduna pul köçürməyə məcbur edirlər. Zabitlərdən 5000, gizirlərdən 3000, müqaviləli hərbi qulluqçulardan 1000, müddətli xidmət hərbi qulluqçularından isə 100 dram həcmində pul toplamaları və fondun hesabına keçirmələri tələb olunur. Bu təlimata əməl etməyən hərbi qulluqçular bəzi problemlərlə rastlaşır.

Ermənistan mətbuatı bildirir ki, ölkənin Müdafiə Nazirliyi adından hər il müəyyən məbləğ fondun hesabına keçirilsə də, daha sonra həmin pullar hərbi qulluqçulardan toplanır və hər il bu məsələ ilə bağlı narazılıqlar yaranır. Erməni hərbi qulluqçular məcburi pul toplanmasının narazılığa səbəb olduğunu bildirirlər”.

E.Aşırlı qeyd edib ki, hərbçilərdən pul toplanılması məsələsi yalnız Qarabağda dislokasiya olunan hərbi hissələrdə baş verib. Ermənistandakı hərbi hissələrdən bu cür məlumat daxil olmayıb:

“Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan belə bir halın baş verməsini, hər gün cəbhədə duranlardan pul toplanılmasını “dəhşət” adlandırmaqla bu cür fakta malik olmadığını deyərək əlavə açıqlama verməkdən yayınıb. Zənnimizcə, bu məsələ barədə danışarkən 2016-cı ilin aprel döyüşləri zamanı ayrılan ərzaq və digər yardımların yerlərinə çatmadığını da unutmamalıyıq”.

Xatırladaq ki, 2017-ci ildə telemarafonda toplanan pulun həcmi 12 milyon 505 min 456 dollar, 2016-cı ildə 15 milyon 428 min 777 dollar, 2015-ci ildə 10 milyon 378 min 465 dollar, 2014-cü ildə ildə isə 12 milyon 399 min 550 dollar təşkil edib.


Müəllif: Səxavət

Oxşar xəbərlər