Toyundan iki gün əvvəl Lənkərandan qaçıb Bakıya gələn Günəş Mənsimovanın nişanlısından xəbər var.
Teleqraf.com ANS TV-ə istinadən xəbər verir ki, 17 gün nişanlısını axtarıb onu ANS-də tapan Nazim Həsənov Günəşin dediyi heç bir iddianı qəbul etmir. Əksinə onunla tanışlığa Günəşin cəhd etdiyini, 3 il ərzində bir-birlərini çox sevdiklərini və narazılıqların isə qaçmış gəlinin kaprizləri və internet sevdası səbəbindən baş verdiyini deyir.
Nişanlısını axtaran Nazim Həsənovun sözlərinə görə, “O, dediklərinin çoxunu yalan deyir. Axırıncı dəfə internetə girirdi, onda bir-iki sillə vurmuşam. Yoxsa onu zorlamaq yalan deyir”.
Günəşin bizimlə söhbəti zamanı "Nişanlısı haqqında efirə verə bildiyimiz və verə bilmədiyimiz iddiaları, itkin gəlinin nəinki onunla, hətta ailəsilə görüşmək istəmədiyini Nazimə çatdırdıq. Bundan sonra nə olacaq, nə fikirləşirsən?" sualımıza isə müsahibimizin cavabı belə oldu.
Nazim Həsənov deyir ki, daha mən də onu istəmirəm: “Beləsindən nə desən gözləmək olar. Yenə qaçar, gecə başımı kəsər. O, istəmirsə, mən də istəmirəm”.
Günəşin qayınatası Fəxrəddin Həsənov isə gənclərin faciəsinin səbəblərini öz ailə üzvlərində görür. Ağsaqqalın dediyinə görə, Günəşin toydan iki gün qabaq qaçmasının günahı onun həyat yoldaşı və qızındadır.
Bəyin atası Fəxrəddin Həsənov söylədi ki, Günəş mənə mənim qızımdan da artıq idi: “Bu zərbəni bizə kim endirdi, mən bilmədim. Qızım endirdi, yoldaşım endirdi, bilmirəm. Çünki atasına demişdi, ata mən ərə getməmiş 3 nəfər var aramda. Nəcibə, Qənirə bir də Nazim. Nəcibə oğlanın anasıdır, nə üçün təzyiq göstərir qıza, kim ixtiyar verib ona”.
Valideynlərinin göz yaşlarına, iddialara baxmayaraq artıq həddi buluğa çatmış Günəş Lənkərana, evlərinə qayıtmaq istəmir. O, təhsil almaq öz gələcəyini paytaxtda qurmaq fikrindədir. Valideynlərindən və keçmiş nişanlısından isə onu rahat buraxmağı, daha nigaran qalmamağı xahiş edir.
Qeyd edək ki, Günəş Mənsimzadə avqust ayının 6-sı toyundan iki gün qabaq Lənkəranın Havzava kəndindən Bakıya qaçıb. Yalnız 17 gün sonra onu tapan ailənın ANS-ə müraciətindən sonra 18 yaşlı qız tapılıb.