3 Dekabr 2018 18:23
1 738
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Ordusunun günü-gündən artan hərbi potensialı və qüdrəti Ermənistan tərəfinə məlumdur. Hətta o dərəcə məlumdur ki, Ermənistanın sabiq müdafiə naziri Vigen Sərkisyan xalqa müraciət edərək “Qarabağdakı qardaşlarımızı və ordu rəhbərliyini seçkiqabağı mübarizəni bir anlıq unutmağa çağırıram. O, 12 gün sonra bitəcək və biz rəqibimizlə, onun çox güclü 100 minlik ordusu ilə üz-üzə qalacağıq”, – deyə bildirib”.

Bunu Teleqraf.com-a siyasi analitik Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, Ermənistanın sabiq müdafiə naziri açıq-aydın Azərbaycan Ordusunun hərbi potensialından və gücündən bəhs edir:

“Bununla yanaşı, İrəvanda Rusiya və Ermənistanın siyasi dairələrinin nümayəndələrinin iştirakı ilə keçirilən yeni yaradılmış “Lazarev klubu”nun ilk iclasında MDB Ölkələri İnstitutunun direktor müavini Vladimir Yevseyev çıxışı zamanı Azərbaycan ordusunun hərbi potensial və qüdrət baxımdan Ermənistan ordusundan nə dərəcədə üstün olduğuna dair önəmli məqamlara toxunub. Belə ki, o, çıxışı zamanı Azərbaycanın hərbi gücünün istər kəmiyyət, istərsə də keyfiyyət baxımından Ermənistandan daha üstün olduğunu qeyd edib. V.Yevseyev məhz Rusiyanın Ermənistana verdiyi “İskəndər” əməliyyat-taktiki raket komplekslərinin bu ölkəni Azərbaycanın təhdidlərindən qoruduğunu xüsusilə diqqətə çatdırıb”.

E.Aşırlı əlavə edib ki, V.Yevseyevin belə fikirlər səsləndirməsinin arxasında duran bir neçə əhəmiyyətli səbəb var:

“Təbii ki, biz Yevseyevin bu açıqlama ilə çıxış etməsini Rusiya hökumətinin Ermənistan rəhbərliyi ilə bağlı yaranmış narazılığından irəli gəldiyini ifadə edə bilərik. Çünki son vaxtlar Ermənistanda Rusiya əleyhinə geniş təbliğat aparılır. Bu da Moskvanı və oradakı erməni lobbisini narahat etməyə bilməz.

Burda xüsusi bir məqam da diqqət çəkir. ABŞ-ın Los-Anceles şəhərində keçirilən “Hayastan” Ümumerməni Fondunun illik telemarafonu zamanı Rusiyada yaşayan erməni diasporu tərəfindən fonda heç bir maliyyə yardımı göstərilmədi. Bir sözlə, Yevseyev öz çıxışı ilə Rusiyanın təsir dairəsindən ayrılıb Qərbə meyl etmək istəyən Ermənistanın hazırkı rəhbərliyinə xatırlatmağa çalışdı ki, bu günə qədər sizi Azərbaycan ordusunun gücündən və təhdidlərindən qoruyan Rusiya idi, lakin siz Qərbə doğru getməyə davam etmək istəyirsinizsə, o zaman öz ölkənizin məhv olmasını izləyəcəksiniz”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər