Bakıda müxtəlif profilli muzeylər var, bu dəfə yolumuzu İstiqlal Muzeyinə salmağa qərara aldıq.
27 yaşlı muzeyin cümhuriyyət dövrünə gedib çıxan tarixi var. Çünki bu, Azərbaycanın ilk dövlət muzeyidir. 1919-cu il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin birinci ildönümü münasibətilə elə parlament binasında təşkil olunan İstiqlal Muzeyi cəmi bir neçə ay fəaliyyət göstərib.
1920-ci ilin 28 aprelində sovet işğalından sonra muzey fəaliyyətini dayandırıb.
71 il sonra müstəqilliyimizlə birlikdə yenidən fəaliyyətini bərpa edərkən “İstiqlal” adını alıb.
7 minədək eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 20 minə yaxın eksponat var. Bunu bizi muzeydə gülərüzlə qarşılayan elmi ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova deyir: “Azərbaycan İstiqlal Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzey Azərbaycan xalqının qədim zamanlardan indiyə qədər öz istiqlaliyyəti, müstəqilliyi uğrunda apardığı mübarizə yolunu əks etdirir”.
Muzeydə 6 zal fəaliyyət var. Onları bir-bir gəzirik.
1-ci zalda Azərbaycanın dövlət rəmzləri, ölkəmizin üçrəngli bayrağı, dövlət gerbi, himni və Konstitusiyasını əks etdirən sənədlər, Azərbaycanın xanlıqlara bölünməsinə, vətənimizin işğalı uğrunda Rusiya ilə İran arasında gedən müharibələrə (1804-1828), Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin bağlanmasına dair materiallar yer alıb.
2-ci zal XIX əsrin ikinci yarısından XX əsrin əvvəlinədək olan dövrü əhatə edir. Azərbaycanda elm və mədəniyyətin inkişafı, neft siyasəti, 1918-ci il 31 mart soyqırımına həsr olunmuş fotofaktlar, arxiv materialları, sənədlər nümayiş etdirilir.
Zalda Azərbaycan Xalq Cümhuriyyətin yaranması və parlament haqqında məlumat verilir.
Azərbaycanın ictimai-siyasi həyatında xüsusi rol oynamış Əli bəy Hüseynzadəyə məxsus əşyalar da burda nümayiş olunur.
3- cü zalda Cənubi Azərbaycanda baş vermiş milli-azadlıq hərəkatlarından - 1905-1911-ci illər Məşrutə, 1917-1920-ci illər Şeyx Məhəmməd Xiyabani, 1941-1945-ci illərdəki “21 Azər” hərəkatlarından (Seyid Cəfər Pişəvərinin başçılığı ilə) məlumat almaq olar.
Buradakı materialların bir çoxu “21 Azər” hərəkatının iştirakçısı olmuş tarixçi Lütfəli Ərdəbilinin köməyi ilə toplanıb. Zalda həmçinin Cənubi Azərbaycanın görkəmli şəxsiyyətləri, şair və yazıçıları, elm xadimlərinin portretləri nümayiş etdirilir.
4-cü zal iki hissəyə bölünür. Birinci hissədə 1930-cu illərdə repressiya məruz qalmış görkəmli şəxsiyyətlər haqqında eksponatlar, ikinci hissədə isə İkinci Dünya müharibəsi zamanı ölkəmizin qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdiyi şücaəti əks etdirən materiallar var.
Burada xüsusilə nümayiş olunan silah, partladılmış mərmi, çap maşını, səhra telefonu xüsusi maraq doğurur.
Bildiyimiz kimi, 1988-ci ildən başlayaraq erməni Azərbaycan xalqına qarşı ərazi iddiasına başlayıb. Ölkədə etiraz hərəkatı və müstəqillik uğrunda mübarizə start götürüb. Beləliklə, 5-ci zalda milli azadlıq hərəkatı, 20 Yanvar faciəsi, Xocalı qəliamına dair fotolar, müxtəlif sənədli materiallar nümayiş etdirilir.
Bu zalda həmçinin Qarabağ müharibəsində ərazi bütövlüyümüz uğrunda canından keçib, şəhidlik zirvəsinə ucalan milli qəhrəmanlarımızın şəkilləri, onların bəziləri haqqında məlumat, onların şəxsi əşyaları, hərbi geyim formaları var.
Axırıncı zalda isə müstəqil Azərbaycanın dövlət və ordu quruculuğunu, xarici siyasətini, iqtisadiyyatını, Azərbaycanın tarixi üçün çox əhəmiyyətli olan “Əsrin müqaviləsi”ni (1994), ölkəmizin mədəniyyətini, beynəlxalq təşkilatlarda iştirakını əks etdirən fotoxronika nümayiş olunur.
Ölkə prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən materiallar da diqqəti cəlb edir. Azərbaycanın inkişafı, müstəqillik dövründə əldə olunan nailiyyətlər, elm, səhiyyə, neft sənayesi, Heydər Əliyev Fondu haqqında ətraflı məlumat verilir.
Bəlli olduğu kimi, ölkəmizin işğal olunmuş ərazilərində digər mədəniyyət müəssisələri ilə yanaşı, 22 muzey qalıb, onların zəngin eksponatları qarət olunub. Yaxın vaxtlara qədər onlardan Cəbrayıl və Füzuli rayonlarındakı tarix-diyarşünaslıq muzeylərinin xilas olunmuş eksponatları burda nümayiş olunub.
Sonra Füzulu rayonuna aid eksponatlar rayonda yaradılmış yeni tarix-diyarşünaslıq muzeyinə verilib.
Şöbə müdiri deyir ki, son vaxtlar muzeyə gələnlərin sayı artıb: “Nəinki öz vətəndaşlarımız, əcnəbi qonaqların gəlişində də artım müşahidə olunur.
Gələn qonaqları daha çox Azərbaycanın tarixi, istiqlaliyyəti maraqlandırır. Qonaqlara muzeydəki sənədlər, kitablar, arxiv materiallardan ibarət eksponatlarla yanaşı Azərbaycanın tarixi haqqında da məlumat veririk.
İlin əvvəllərində əməkdaşlarımız profilimizə uyğun müəssisələrlə müqavilələr imzalanıb. Amma biz gənclərlə daha çox işləyirik. Vətənimizlə bağlı müsabiqə və tədbirlər keçirir, sərgilər təşkil edir, istedadlı gəncləri, məktəbliləri üzə çıxarırıq”.
Ən maraqlı eksponatınız hansıdır, soruşanda şöbə müdiri deyir ki, buradakı eksponatların hamısı dəyərlidir: “Bütün eksponatlar böyük zəhmət və əziyyət hesabına muzeyə daxil olur və fondda saxlanılır. Əslində eksponatlarımız daha çoxdur, amma yerimiz azdır deyə hamısını sərgiləyə bilmirik.
Eksponatların çoxunu arxivlərdən əldə edirik. Bəzən görkəmli tarixçilər əcnəbi arxivlərdə aşkara çıxardıqları materialların nüsxələrini bizə hədiyyə edirlər. Bəzən materiallar isə şəxslərin övladları, yaxın qohumları tərəfindən muzeyə verilir”.
Qeyd edək ki, Azərbaycan Dövlət Din Tarixi Muzeyinin Azərbaycan İstiqlal Muzeyinə birləşdirilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.
Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.
Hazırda bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.
Bir sözlə, İstiqlal Muzeyi xalqımızın tarixi, istiqlaliyyətinin öyrənilməsi baxımından olduqca vacib təbliğat yeridir.
Foto: Səfiyar Məcnun