12 Dekabr 2018 20:39
2 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Yazı

1931-ci ildə İstanbulda çap olunan “Azəri Türk” dərgisinin 32-ci sayında "Vəzifə və vicdan borcu" adlı məqalə dərc edilib. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvü Məhəmmədsadıq Aranın məsul müdiri olduğu dərgidəki yazıda belə bir qeyd verilib:

"Bir gün idarəxanamıza cır-cındır içində pərişan bir gənc gəldi. Salamlaşmaq istəyəndə utanaraq qapqara əlini uzatdı və danışdı.

Azərbaycanın Şəki şəhərindən Molla Həsən oğlu İsmayılmış. Azərbaycan Hərbiyyə Məktəbi tələbələrindən imiş. 1923-cü ildə məktəbdə baş verən bir hadisədə iştirak etdiyi üçün məktəbi tərk etmiş, ardınca İstanbula mühacirət etmiş. Bu uzun müddət ərzində səfalət içində yaşamış, nəhayət gəmilərdə kömür fəhləliyi edərək aclığa qarşı mücadilə etmiş, gecələr də xarabalıqlarda yatarmış... Elə gözütox halı vardı ki, qarşısındakına “mən türkəm, hərbçiyəm, heç kimə əyilmərəm” fikrini təlqin edirdi. Bir həftə ərzində kimlik və pasport məsələləri həll edildi, paltar və xərclik verildikdən sonra Amerikaya səfəri təmin edildi”.

Jurnalda şəkli də verilən şəkili İsmayıl Molla Həsən oğlunun Amerikadakı həyatı barədə başqa bilgimiz yoxdur, amma azərbaycanlıların Cümhuriyyətin işğalından sonra yeni qitəyə can atması geniş şəkildə olmasa da, davam edib.

Amerikaya gedən ilk azərbaycanlı isə 1912-ci ildə Ellis adasına gələn Mirzə Əli Əkbər olub. Nyu-York şəhərinin yaxınlığındakı Ellis adasına 1892-1954-cü illərdə güclü axın olub. Elə ilk azərbaycanlının da ABŞ-a gəlişi bu dövrə təsadüf edib. “Amerikanın səsi” radiosunun araşdırmasına görə, Mirzə Əli Əkbər ABŞ-a gələndə 40 yaşı olub: “O, son yaşayış yeri Azərbaycan ərazisi olan ilk Ellis miqrantı kimi tarixə düşüb. Baxmayaraq ki, sənəddə Bakı, Rusiya kimi qeyd edilib. Dövlət sənədlərində onun yəhudi kimi qeydə alındığı göstərilir. Məlumatda deyilir ki, 25 milyon mühacirdən biri olmuş Mirzə Əli Əkbər sonuncu dəfə Liverpul limanını tərk edib və 1912-ci il iyunun 7-də Ellis adasına çatıb”.

Uzaq Çiliyə doğru

Azərbaycan Cümhuriyyətinin işğalından sonra azərbaycanlı siyasətçilərin, hərbçilərin bəziləri Amerika qitəsinə gedə biliblər. Onlardan biri Abbas bəy Atamalıbəyovdur.

Abbas bəy 1895-ci ildə doğulub. Sankt-Peterburq Politexnik İnstitutunda hərbi dəniz mühəndisliyi ixtisasına yiyələnib. Zaqafqaziya Seyminin üzvü olub. 1918-ci ildə sosialist blokunun təmsilçisi kimi Azərbaycan parlamentinin üzvü seçilib. 1919-cu ilin sentyabrında Parisə ezam edilib və Sülh konfransına göndərilən nümayəndə heyətinin tərkibində katib funksiyasını yerinə yetirib. 1923-cü ildə Paris Siyasi Elmlər İnstitutunu bitirib.”Prometey” hərəkatının fəallarından olub. 1941-1945-ci illərdə Almaniyada yaşayıb, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin xətti ilə alman əsirliyində olan azərbaycanlıların saxlanma şəraitinin yaxşılaşdırılması, müharibədən sonra isə onların yaşamaq üçün Türkiyəyə göndərilməsi sahəsində xidmətləri ilə fərqlənib. Abbas bəy 1948-ci ildə Çiliyə köçüb və 1966-cı ilə qədər orada yaşayıb, bir müddət Türkiyə səfirliyində katib funksiyasını yerinə yetirib. 1966-cı ildə həyat yoldaşı Reyhan xanımın Çilidə vəfatından sonra Misirin İsgəndəriyyə şəhərində beynəlxalq şirkətdə çalışan oğlunun yanına, 1967-ci ildə isə ABŞ-ın Klivlend şəhərinə köçüb. 1971-ci ildə ABŞ-ın Klivlend şəhərində vəfat edib.

2008-ci ildə Abbas bəyin oğlu Qalib Atamalıbəyov Azərtaca müsahibəsində ABŞ-a köçmələri ilə bağlı bunları danışıb: “Yadımdadır, atam ABŞ Prezidenti Vudru Vilsonla görüşdüklərini danışardı. Onlar konfransda Azərbaycan Xalq Cümhuriyyətinin de-fakto tanınmasına nail olmuşdular. Lakin, təəssüf ki, Cenevrədə Millətlər Liqasında müstəqil Azərbaycanı de-yure tanımaq haqda tələbləri qəbul edilmədi. O vaxt artıq bolşeviklər hakimiyyəti ələ keçirmiş və nümayəndə heyəti daha heç bir şey edə bilməmişdi. Bundan sonra atamın həyatı asan olmamışdır. Təbii ki, o, mühəndislik təhsilini dayandırmaq məcburiyyətində qalmışdır. Azərbaycana dönə bilməyən atam Parisdə qiymətli daşlar üzrə ekspert kimi işləməyə başlamışdır. Lakin siyasi fəaliyyətini də davam etdirirdi. Xatırlayıram, İkinci Dünya müharibəsi zamanı o, alman tərəfi ilə işləyərək, əsir düşərgələrindəki azərbaycanlıları azad etməyə çalışırdı. Atam əvvəl inanırdı ki, Azərbaycan yenidən müstəqil olacaqdır. Lakin Sovet İttifaqı möhkəmləndikdən sonra ümidini itirdi. Mən böyüyüb kimyaçı mühəndis oldum. İşimlə bağlı müxtəlif ölkələrdə yaşadım. 1947-ci ildə Çiliyə köçəndə valideynlərimi də yanıma gətirdim. Daha sonra biz Birləşmiş Ştatlara gəldik. Beynəlmiləl ailəmiz var. Həyat yoldaşımla Serbiyada tanış olmuşam. Oğlum Misirdə, qızım isə ABŞ-da anadan olmuşdur. Lakin biz Vətənimizin Azərbaycan olduğunu unutmuruq. Bir neçə il əvvəl Vaşinqtondakı Azərbaycan səfirliyinə müraciət edib Azərbaycanda olan qohumlarımı axtarmaq qərarına gəldim. Ana babam general İbrahim ağa Vəkilov idi. Onun nəvəsi, dayım qızı, pedaqoji elmlər doktoru Leyla Vəkilovanı tapdım. O, məni Azərbaycana dəvət etdi. Səfərim çox həyəcanlı oldu. Vətəni görmək, təbii ki, mənim üçün böyük xoşbəxtlik idi”.

Borçalıdan Buenos-Ayresə

Ömrünü Amerika qitəsində başa vuran mühacirlərdən biri polkovnik Vəli bəy Yadigardır. Vəli bəy 1898-ci ildə Borçalının Təkəli kəndində zadəgan ailəsində doğulub. İlk hərbi təhsilini 1909-1916-cı illərdə Tiflis hərbi gimnaziyasında alıb. 1916-cı ildən Əlahiddə Qafqaz Korpusunun süvari hissələrində xidmət etməya başlayıb. I Dünya müharibəsini Qafqaz cəbhəsində qarşılayan gənc kornet cəbhəyə göndərilib, məşhur Brusilov hücumunda iştirak edib. 1920-ci ildə bir çox hərbçilərlə birlikdə Türkiyəyə, oradan Polşaya mühacirətə gedib, polyak ordusunda xidmətə qəbul olunub. Vəli bəy Polşada “Armiya Krayova” xalq ordusunda əməliyyat şöbəsində süvari rəisi, 10-cu əlahiddə atıcılıq diviziyasının komandiri olub. 1939-cu ildə Hitler Almaniyası Polşaya hücum edəndə onlara qarşı vuruşub, Varşava üsyanında iştirak edib. Müharibədən sonra Vəli bəy Argentinaya mühacirət edib, 1971-ci il dekabrın 13-də Buenos-Ayresdə vəfat edib. Öz vəsiyyəti ilə Polşada təkrar dəfn edilib.

İlk təşkilat

Azərbaycanlı mühacirlər Amerikaya getdikdən sonra ictimai-siyasi təşkilatlar da qurublar. Ankarada çap olunan “Azərbaycan” jurnalında belə bir qeyd verilib: “20 aprel 1952-ci ildə Amerikanın Nyu York şəhərində yaşayan azərbaycanlılar Azərbaycan mədəniyyətini yaymaq və köməyə ehtiyacı olan azərbaycanlılara maddi və mənəvi yardım etmək məqsədilə “Azərbaycan Birliyi” adlı dərnək qurublar. Dərnəyin başqanlı Dr. Hacıağa İsmayılzadədir”.

Jurnalın növbəti sayında verilən qeyddən öyrənirik ki, 1 iyun 1952-ci ildə “Azərbaycan Birliyi” təşkilatı tərəfindən Nyu Yorkda 28 may tədbiri keçirilib.

Davamı olacaq

(Növbəti yazımızda Amerikada qurulan bu ilk təşkilatın necə fəaliyyət göstərməsi ilə bağlı mühacir Məhəmməd Altunbayın “Amerikada gördüklərim” adlı məqaləsini təqdim edəcəyik)

Qaynaqlar:
1. “Azəri Türk” jurnalı. Sayı 32. 1931-ci il.
2. “Azərbaycan” jurnalı. Sayı 3. 1952
3. Müsəllim Həsənov. “Qərib məzarlar. Fransa”, Bakı, 2016.
4. Qalib Atamalıbəyovun Azərtaca müsahibəsi. 31.05.2008.
5. Emil Quliyev. “Amerikaya gələn ilk azərbaycanlı kim olub?”. Amerikanın səsi. 25.09.2015





Müəllif: Dilqəm Əhməd