26 Avqust 2014 17:03
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər üçün Təhsil Mərkəzi milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısının alınması üçün ilk dəfə olaraq, “Azərbaycan mədəniyyətini tanıyaq!” virtual təbliğat kampaniyasına başlayıb.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, bu gündən etibarən start götürən kampaniya Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir.

Kampaniya çərçivəsində Azərbaycanda və xaricdə fəaliyyət göstərən sosial media vasitələrində təbliğat işinin təşkili, müxtəlif xalqlar tərəfindən mənimsənilmiş mədəni dəyərlərimizin geri qaytarılması üçün faktların toplanması, onların ictimailəşdirilməsi və yeni media vasitələri ilə yayılması, müxtəlif xarici dillərdə mədəniyyətimizlə bağlı yazıların hazırlanması və işıqlandırılması nəzərdə tutulur. Eyni zamanda Azərbaycanın müxtəlif regionlarından yeni foto-video materiallar hazırlamaq və yaymaq, sosial şəbəkə istifadəçilərinin (xüsusilə əcnəbilərin) Azərbaycanla bağlı şəkil və musiqilər paylaşmasını təşviq etmək də kampaniyanın tərkib hissəsidir.

Mərkəzin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, kampaniyanın bu gün başlaması heç də təsadüfi deyil. Bu gün Beynəlxalq Azərbaycan muğamı və musiqisi günü kimi qeyd olunur:

“Təbii ki, Azərbaycan musiqisinin ən dəyərli nümunələrindən olan muğamın qorunması, yaşadılması və dünyaya tanıdılmasında bu gün doğum gününü qeyd edən, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın müstəsna xidmətləri var. Xatırlatmaq yerinə düşərdi ki, məhz onun və dövlət başçısı cənab İlham Əliyevin səmərəli fəaliyyətinin nəticəsi olaraq, hələ 2003-cü ildə Azərbaycan muğam sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Heydər Əliyev Fondunun təşkil etdiyi və 2009-cu ildən keçirilən Respublika Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Festivalı həm muğam sənətinə üz tutan gənclərin sayını xeyli artırıb, həm də milli muğam musiqimizi dünyaya tanıdıb. Bunun nəticəsidir ki, 2010-cu ildə Kanadada keçirilən Beynəlxalq Niaqara Musiqi Festivalının rəhbərliyi tərəfindən 26 Avqust - Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək yolu üzərində yerləşən ölkələrin musiqisi günü elan olunub. Bu, bir daha görülən işlərin miqyasından və uğurundan xəbər verir. Biz gənclər də bu cür uğurlara söykənərək və stimul alaraq, yeni kampaniyaya start veririk. Düşünürük ki, bu kampaniya milli musiqimizin və sənət nümunələrinin başqa xalqlar tərəfindən mənimsənilməsinin qarşısını almaqla yanaşı, xarici auditoriyalara çıxaraq, Azərbaycan mədəniyyətini təbliğ edəcək və onu daha çox tanıdacaq. Hazırda sosial mediadan demək olar ki, bütün dünya istifadə edir. Bu çox gözəl vasitədir ki, vaxt itirmədən daha çox əcnəbini Azərbaycan mədəniyyəti barədə məlumatlandıraq və imkan verməyək ki, ölkəmizi sevməyən bir sıra qüvvələr dünyaya yalan informasiyalar yaysın. Çünki növbəti il Azərbaycanda Birinci Avropa Oyunları keçiriləcək və xeyli insan bu tədbirə qatılacaq. Bu baxımdan kampaniyanın ciddi əhəmiyyəti ola bilər. Fürsətdən istifadə edib, ölkə gənclərini, QHT-ləri və kütləvi informasiya vasitələrini, eləcə də diaspora təşkilatlarımızı bu kampaniyada yaxından iştiraka dəvət edirik”.

Qeyd edək ki, kampaniya sosial şəbəkələrdə “Insight into Azerbaijani culture!/ Azerbaycan medeniyyetini taniyaq!” adlı qrup daxilində başlayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər