Şakira İspaniyada vergi qaçaqçılığında ittiham olunur.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Barselona prokurorluğu vergi ödəməkdən yayınma ittihamı ilə 41 yaşlı Şakiraya qarşı iddia açacaq. Bu barədə “El Pais” qəzeti xəbər verib.
14 dekabrda vergi xidməti müğənni ilə əlaqədar istintaqı tamamlayıb və məlum olub ki, Şakira 2012-ci ildən 2014-cü ilə qədər ölkədə ildə 183 gündən çox yaşadığını gizlədib. Yəni həmin dövrdə əldə edilən gəlirlərə görə vergi ödəməkdən yayınıb. Borcun ümumi həcmi 16,3 milyon dollardan çoxdur.
Qanuna əsasən, əgər bir nəfər İspaniyada altı ay, üstəgəl bir gün qalarsa, o, yerli sakin sayılır və dünyanın hər hansı bir ölkəsində əldə etdiyi gəlirə görə vergi ödəməli olur. Eyni zamanda yüksək gəlir vergisi təxminən 50 faizdir.
Faktiki olaraq ispan futbolçusu Jerar Pike və uşaqları ilə birlikdə Barselonada yaşamasına baxmayaraq, ulduzun yaşayış yeri kimi Baham adalarını göstərdiyi iddia edilir.
Lakin yaxın mənbələr iddia edir ki, müğənni özünü günahkar hesab etmir. Şakira İspaniya vergi orqanları ilə problemləri olan ilk məşhur deyil. Futbolçular Kristiano Ronaldo və Lionel Messi, tennisçi Rafael Nadal və opera müğənnisi Montserrat Kaballe eyni problemlə üzləşib.