Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini qurumlar və sosial media” mövzusunda konfrans keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən komitə sədri Mübariz Qurbanlı hazırda 909 dini icmanın qeydiyyatdan keçdiyini bildirib:
"Qeydiyyatdan keçən yalnız 32-si qeyri-müsəlman, qalanları isə islam dininə aid icmalardır".
Sosial medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyini deyən Mübariz Qurbanlı bu məsələdə maarifləndirməyə ehtiyac olduğunu vurğulayıb: "Dini icmalar dini maarifləndirmədə yaxından iştirak edir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələdə Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə çalışır.
Mətbuatımız da dini maarifləndirmədə yaxından iştirak edir. Bir vaxtlar insanlar fikirlərini qəzet vasitəsilə ictimailəşdirirdisə, bu gün onlar bunu sosial şəbəkədə edirlər. Sosial medianın müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var. Hətta bəzi ölkələrdə bunu qanunvericiliklə tənzimləyirlər.
Bəziləri bunu azad fikrin məhdudlaşması kimi qəbul edir. Lakin danılmaz faktdır ki, sosial medidada bəzən dezinformasiyalar baş alıb gedir. Bu mövzu bizim ölkədə də diqqət mərkəzindədir".