17 Dekabr 2018 13:17
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda sosial şəbəkələrdə insanların dini fikirlərini azad şəkildə ifadə etməsi üçün tolerant mühit var. İndi tolerant həyatımıza ən böyük təhlükə islam adı ilə yaradılan dini icmalardır. Bu gün Azərbaycanın iqtisadi inkişafı bir çoxlarının xoşuna gəlmir. Buna qarşı qarayaxma kampaniyaları aparırlar.

Teleqraf.com xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda deyib.

“Bəziləri “İslam dini qrupları” vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışırlar. Bu qrupların kitablarının ölkəmizə daxil olmaması üçün Dini Komitə yetərincə ciddi addımlar atır. Azərbaycan jurnalistikası da dövlətçilik mövqeyində dayanır. Bunu biz Nardaran, Əbu Bəkir məscidi ilə bağlı məsələlərdə müşahidə etdik.

Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlılar sosial şəbəkədə yanlış məlumat yaymaqla pozuculuq yaratmaq istəyirlər. Məqsədləri sosial şəbəkə vasitəsilə saylarını artırmaqdır. Dünyanın bir çox ölkələri bu problemdən əziyyət çəkir. Mətbuat Şurası olaraq biz də bu mövzu ilə bağlı qanun üzərində işləyirik. Bu məsələlərin tənzimlənməsi məktəbdən başlanmalıdır. Məktəbdə savadlı, milləti sevən vətəndaş yetişdirsək, gələcəkdə bu problemlərin sayı azalar. Baş verən hadisələrin qarşısını almaq üçün qanunvericilik bazasını təkmilləşdirməliyik”, - Amaşov bildirib.

“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə bildirib ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətimizin və mətbuatımız üçün faydalıdır:

“Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var və onlar burada öz fikirlərini bölüşürlər. Bəzən təhqirlər və aşağılama hallarına da rast gəlirik.

Bəzən görürsən ki, şəhidlərlə bağlı xoşagəlməz məqamlara rast gəlirik. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər