“Neçənci dəfədir ki, “ÇİN” ödəmə kartı alıram, pozuram, rəqəmlər də pozulur, ucqar bir yerdə hara müraciət edəcəyimi də bilmirəm, məcbur olub atıram, pulum da batır”.
Ucqar rayonlardan birində bu faktla rastlaşan oxucularımızdan birinin Teleqraf.com-a dediyinə görə, “Bakcell” mobil operatorunun abunəçisidir və ödəmə kartları alarkən dəfələrlə bu problemlə üzləşib.
Oxucunun dediyinə görə, eyni faktla “Sim-kart”larla istifadə zamanı da rast gəlib. Eyni zamanda “Sim-Sim” istifadəçilərinin balansına toplanan xalların avqust ayının 1-dən istifadəsinin dayanması ilə bağlı da oxucumuz şikayətləndi. Qeyd edək ki, avqust ayının 1-dək “Azercell“ mobil operatorun xidmətindən fəal istifadə edən abonentlərin balansına daha çox bal toplanaraq yekunda onlara hədiyyə edilirdi. Bu, kampaniya avqust ayının 1-dən abonentlərə heç bir elan edilmədən dayandırılıb.
Məsələ ilə əlaqədar hər iki mobil operatorun mətbuat xidməti ilə əlaqə saxladıq.
“Bakcell” MMC-dən bildirildi ki, ödəmə kartlarında şifrənin yararsız hala düşməsi abunəçinin şifrəni gizli saxlayan boyanı kobud şəkildə pozması zamanı baş verir: “Belə hallar baş verdikdə, abunəçi zədələnmiş ödəmə kartını Xidmət Mərkəzinə və ya hər hansı Bakcell rəsmi diler dükanina təhvil verməklə qısa zaman ərzində kartın balansa yüklənilməsinə nail ola bilər”.
Qeyd edək ki, “Cin-kart”ların ləğvi və balansa yükləmənin bütünlükdə post-terminallar vasitəsilə elektron xidmətlə aparılması ilə bağlı da məlumatlar var. Bütövlükdə elektron xidmətə keçilməsinin isə mobil şirkətlər üçün maddi baxımdan daha əlverişli olması səbəb göstərilir. Kartların da əksər vaxt bu üzdən keyfiyyətsiz olması və əhalinin elektron xidmətə uyğunlaşdırılması da ehtimal edilir. Onu da bildirək ki, son vaxtlar əksər hallarda 1, 2 manatlıq “Cin-kart”lar defitsit olub.
Şirkətdən bildirildi ki, abunəçilərin rahatlığı üçün balans artırılması ödəniş kartları ilə yanaşı elektron ödəmə üsulları vasitəsilə də mümkündür. Bakcell abunəçiləri ödəmə kartları ilə yanaşı onlayn ödəmə, ATM, E Top- up xidməti, ödəmə köşkləri, bank filialları kimi alternativ ödəmə üsullarından da istifadə edirlər və bu kimi ödəmə metodlarından getdikcə daha çox abunəçi istifadə edir: “Lakin bununla yanaşı ödəmə kartları abunəçilər tərəfindən çox geniş istifadə olunur və onun dövriyyədən çıxarılması müzakirə mövzusu deyil. Bir müddət əvvəl bazarda müşahidə olunmuş ödəmə kartlarının çatışmazlığı kartların ölkəyə gətirilməsi zamanı şirkətdən asılı olmayan səbəblərdən baş verib. Buna baxmayaraq, Bakcell şirkəti qısa zaman ərzində yaranmış vəziyyətin aradan qaldırılması üçün əlindən gələni edib və hazırda kartların bazarda yayılması lazımi şəkildə həyata keçirilir”.
“Azercell” Telekom-un mətbuat xidmətindən də birinci problem eyni cür izah olundu. Sonra isə bildirildi ki, Sim-kartlar pozularkən iti alətdən istifadə edilməməsi və ehtiyatla pozulması tövsiyə olunur: “Belə problem yarandıqda isə “Azercell” müştəri xidmətləri, yaxud ekspress poçtuna yaxınlaşıb o kartı təqdim etsələr, əməkdaşlarımız onların balansına yükləmə aparar. İstənilən halda müraciət olunsa, problem aradan qalxar”.
Avqustun 1-dən abonentlərə elan etmədən balansa xalların toplanması kampaniyasının dayandırılmasına gəlincə, “Azercell” əməkdaşı bildirdi ki, növbəti aydan abonentlər üçün yeni cəlbedici kampaniyaya başlandığına görə, bu kampaniya dayandırılıb: “Amma fakruralı xətt abonentləri üçün bu kampaniya açıqdır. “Simkart” istifadilərimiz üçün isə yeni kanpaniyalar başlanacaq”.
SEVİL