Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə Dostluq Qrupunun rəhbəri, millət vəkili Arif Rəhimzadə onu Rusiya meyilli deputat olmaqda ittiham edən şəxslərə cavab verib.
Publika.az-a açıqlamasında A.Rəhimzadə Rusiya-Azərbaycan münasibətləri ilə fikirlərinin dəyişməz olduğunu bildirib.
O, Rusiya ilə Azərbaycan arasında müəyyən problemlərin olduğunu və bunu heç kəsin inkar etmədiyini deyib: “Ümumiyyətlə, təkcə Rusiya ilə deyil, hətta qardaş dediyimiz ölkə ilə də bəzi problemlərimiz var. Çünki hər bir ölkə öz maraqlarını güdür. Ola bilsin ki, Rusiya ilə münasibətlərdəki problemlər digərlərlə müqayisədə daha çoxdur. Ancaq Rusiya ilə problemləri daha da şişirdib vəziyyəti çətinləşdirmək lazım deyil. Bu, heç kəsin xeyrinə deyil. Biz Rusiya ilə münasibətlərdə yaxşı cəhətləri və birgə fəaliyyət göstərə biləcəyimiz imkanları axtarmalıyıq. Vəziyyəti çətinləşdirmək bizə nə fayda gələcək? İndi Vəfa Quluzadə və digərləri mənim fikirlərimlə bağlı nə deyirlərsə, bu, onların öz işləridir”.
A.Rəhimzadə Türkiyənin yeni seçilmiş prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə Ermənistan prezidenti Serj Sərkisyanın dəvət olunmasına toxunub: “Mənim yuxarıda dediyim məsələlərdən biri də bununla bağlıdır. Türkiyə ilə Ermənistan arasında vəziyyət yaxşı deyil. Ermənilər neçə illərdir ki, Türkiyəyə qarşı uydurma erməni soyqırımı iddiasını irəli sürüblər. Ermənilər Türkiyəyə qarşı yalan ittihamlarla çıxış edirlər. Ancaq bütün bunlara baxmayaraq, Türkiyə Sərkisyanı ölkəsinə dəvət edir və düşünür ki, bəlkə adam olar. İndi vəziyyət belədir. Konfrantasiya (qarşıdurma, ziddiyyət - red) ilə heç nəyi qəbul etmək mümkün deyil. Konfrantasiya ilə o ölkələr nəyəsə nail ola bilər ki, qarşı tərəflə eyni gücdə olsunlar və onları nəyəsə məcbur edə bilsinlər”.