Azərbaycan dilinin saflığının qorunması ilə əlaqədar KİV-də aparılan monitorinqlər mütəmadi olmalıdır. Yetişən nəslin beynində, barmaq və göz yaddaşında sahman yaradana qədər monitorinqlər davam etməlidir. Heç bir ziyalı kənarda qala bilməz, hamı münasibətini bildirməlidir. Bu dil televiziya və ya qəzet rəhbərinin deyil, hamımızın dilidir və onun qorunması hər birimizin borcudur.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan Dillər Universitetində “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bir neçə il əvvəl KİV-də dilin təmizliyinin qorunub saxlanması istiqamətində işlərə başlanıldı: “O vaxt ortaya belə məsələ çıxdı ki, türk cizgi filmləri və seriallarının Azərbaycan məkanını zəbt etməsindən irəli gələrək, dilimiz korlanmağa başlayıb. Bu məsələni həyəcan təbili kimi çaldıq və cənab Prezident İlham Əliyev bu məsələyə ən yüksək səviyyədə diqqət göstərdi. Serialların çəkilməsi üçün xeyli pul ayrıldı, hər televiziya üçün ayrıca məbləğ müəyyən olundu və televiziyaların özü seriallar çəkməyə başladı. Onun məzmununun tamaşaçını qane edib-etməməsi başqa məsələdir. Çünki onların bəzilərinin səviyyəsi bizi qane eləmədi. Seriallara pul ona görə ayrılmışdı ki, həm dilin saflığı qorunsun, həm də material olsun, bizim insanlar Azərbaycanın istehsal etdiyi seriallara baxsın. Birinci növbədə vətənpərvərlik mövzusunu, müstəqillik dövründə prokuror, müstəntiq, ailə xanımı, müəllim, neftçi obrazlarını əsas qoymuşduq. Bu məsələləri şou üzərinə yönəltsələr də, hər halda bir formalaşma oldu. Əsas problem ondan ibarət idi ki, Azərbaycan dili türk dilinin içində əriyib gedirdi. Biz çox basqı gördük, “niyə bizim dilimizi bizə tərcümə edirsiniz” kimi mesajlar, zənglər gəlirdi, məktublar alırdıq. Beynəlxalq Mətbuat Mərkəzində böyük tədbir keçirdik, məsələnin məğzinin nədən ibarət olduğunu izah elədik ki, dilimiz əriyib gedir”.
Sona Vəliyeva hesab edir ki, dilimizin türk dilinin içərisində əriməsi müstəqillik dövründə aldığımız ən böyük zərbə ola bilərdi: “Ona görə də bu addımı atdıq. Düşünürəm ki, çox doğru elədik. Bəzən telekanallarda dilimizin normalarının pozulduğunu eşidəndə, dərhal televiziya rəhbərliyinə zəng edib məsələyə münasibətimi bildirirəm. Ötən gün eşidirəm ki, ədalı bir xanım “adapteyşn olunmuş” ifadəsini işlətdi. Bu, Azərbaycan dilinə bir ziyalının vurduğu zərbədir. İngilis dilindən çoxlu sayda sözlər var ki, dilimizdə işlənir. Aparıcının efirdə hər dəqiqə “okey” sözünü işlətməsi dilimizə zərbə vurur. Azərbaycançılığın qorunmasında üç əsas amil var - Azərbaycan insanı, məkanı və bir də dilimiz. Bu üç komponent bir yerdə azərbaycançılığın həm də dövlətçiliyin ideologiyasına çevrilməsində rol oynayıb. Düşünürəm ki, bu məsələlərdə ziyalı olaraq öz səsimizi qaldırmalı, dərhal münasibətimizi bildirməliyik. Qəzetdə, jurnalda gördüyümüz orfoqrafik, üslub səhvləri, yerində olmayan alınma sözlərlə bağlı iradlarımızı həm yazılı bildirməli, həm də zəng edib çatdırmalıyıq. Bəzən baxırsan ki, sözün Azərbaycan dilində gözəl ifadəsi olduğu halda, işlətmirik. Bir az ədalı, sanki daha “ziyalı” görünmək istəyirik kimi təəssüratlar olur. Həm də qəzet rəhbəri olduğum üçün hər planlaşdırmada deyirəm ki, alınma sözlərin dilimizdə heç bir qarşılığı yoxdursa, işlədə bilərik, qarşılığı varsa, dilimiz çox zəngindir, öz sözlərimizdən istifadə edək. Bəzən kimlərsə rusdilli olduqlarını deyir və bununla da qürur duyurlar. Rusdilli ol, rus dilini gözəl bil, amma birinci növbədə Azərbaycan dilini gözəl bilməlisən. Bu, sənin üstünlüyündür”.
Sona Vəliyeva vurğulayıb ki, ölkə rəhbəri rus dilində təhsil alıb və ali məktəbi Moskvada bitirib: “Dilimizdə elə arxaik sözlər var ki, cənab prezident onları dilə qaytarır, fikrin qüvvətləndirilməsi üçün təkrirlərdən yerində istifadə edir. Bir cümlədə eyni sözdən ikinci dəfə istifadə etmir, o sözün dilimizdəki başqa ifadəsinə müraciət edərək fikri qüvvətləndirir. Bu kimi keyfiyyətlər, dilin zənginliyindən istifadə etmək həm natiqin, həm də aparıcının, KİV rəhbərinin ziyalılığına və savadlılığına dəlalət edir”.