18 Dekabr 2018 20:20
2 227
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Yazı

Əvvəli burada:

Məhəmmədəmin Rəsulzadə legioner Süleyman Təkinərə 13.V.1952 tarixli məktubunda yazır: “Doktor İsmayılzadənin sədrliyi ilə Amerikada Azərbaycan Birliyi təşkil olunmuşdur. Birliyin katibi Zahid xandır. İsmayılzadədən bu barədə məktub aldım; özünə müvəffəqiyyət arzuladım”.

Rəsulzadənin qeyd etdiyi Zahid xan Xoyski haqqında arxivimizdə maraqlı bir mənbə var. Bu mənbə Zahid xanın özü tərəfindən yazılmış xatirələridir. Professor Ədalət Tahirzadə vasitəsilə əlimizə çatan bu xatirə haqqında bu il birgə araşdırma yazısı təqdim etmiş, xatirələrdəki doğru və yanlışları dəyərləndirmişik.

(Xatirələrin geniş təhlili üçün bax: Ədalət Tahirzadə, Dilqəm Əhməd. “Zahid xan Xoyskinin (1910-2001) xatirələri və bəzi gerçəklər”. “Azərbaycan Cümhuriyyəti: tarixi, siyasi və ədəbi-kulturoloji müstəvidə: elmi məqalələr toplusu”, Bakı, 2018)

Bu yazımızda həmin məqalədən Zahid xanın Amerikaya necə mühacirət etməsi ilə bağlı hissəni təqdim edəcəyik.

***

Zahid xan Xoyski Azərbaycan Cümhuriyyətinin baş naziri olmuş Fətəli xan Xoyskinin qardaşı Hüseynqulu xanın oğludur.

Hüseynqulu xan 22 sentyabr 1870-ci ildə Gəncədə doğulub. O, Gəncə valisinin köməkçisi işləyib. Çar ordusunda göstərdiyi xidmətlərə görə müxtəlif ordenlərlə (3-cü dərəcəli müq. Stanislav, 3-cü dərəcəli müq. Anna, 2-ci dərəcəli müq. Stanislav, müq. Aleksandr Nevski) təltif olunub. Gəncədə yaşadığı müddətdə ictimai-siyasi həyatda fəal iştirak edib. 1917-ci ildə Bakıda toplanan Qafqaz Müsəlmanları Qurultayına qatılıb. Bolşeviklərin Azərbaycanı istilasından sonra Türkiyəyə mühacirətə gedib.

Hüseynqulu xan 1955-ci ildə İstanbulda vəfat edib, Fəriköy məzarlığında dəfn olunub. Məzarının yanında həyat yoldaşı Şirinbəyim Xanxoylunun (1878-1957), qızı Valiyə Kazımbəylinin (?-1947) və nəvəsi Əli Fərid Kazımbəyin (1924-2012) məzarları var.

Xatirələrdən öyrənirik ki, Zahid xan Hüseynqulu xan oğlu Xoyski 25 sentyabr 1910-cu ildə Gəncədə doğulub. Anası Cavad xanın nəslindən olan Əbülfət xanın qızı, ana tərəfdən Fətəli şah Qacarın nəvəsidir. Fətəli xan və Rüstəm xan Xoyskilər onun əmiləridir.

Zahid xan da 1920-ci il Gəncə üsyanında olub. Ailəlikcə həbs ediliblər. Ailə 1921-ci ildə Batuma, oradan İstanbula gedib. Valiyə xanım Zahid xanın böyük bacısı, Gəncə üsyanının başçılarından Cahangir bəy Kazımbəylinin yoldaşıdır. Zahid xan ailəsi ilə 1930-1944-cü illərdə Varşavada bacısı Valiyə xanımgildə yaşayıb. Onlar Varşava xəstəxanasındakı alman əsiri azərbaycanlılara hər cür yardımda bulunublar.

Sovetlər 1944-cü ildə Varşavaya girərkən Zahid xan ailəsi ilə Almaniyaya, 1945-ci ildə Avstriyanın Tirol şəhərinə köçüblər. Müharibədən sonra İtaliyada yerləşiblər. Romada Cahangir bəyin evində qalıblar.

Cahangir bəy öz mənzilində Azərbaycan Yardım Komitəsini təşkil edib. Komitə Roma ətrafındakı ingilis düşərgəsində bulunan və sovetlərə təslim ediləcək 100-dən çox azərbaycanlı əsirin xilasına çalışıb. Komitənin bu məqsədlə Misir kralı Fərruxa müraciətindən sonra 1947-nin noyabrında şahzadə Əmir İbrahim Romaya, Cahangir bəygilə gəlib, ingilislərlə danışıq aparıb. Nəticədə ingilislər gizlicə azərbaycanlı əsirləri qatara mindirərək Neapol limanına göndərib. Zahid xan şəxsən şahzadə Əmir İbrahim ilə Qahirəyə gedərək bu xeyirxahlığına görə Azərbaycan Komitəsi adından kral Fərruxa minnətdarlıq bildirib.

Xatirələrdən bunu da öyrənirik ki, Komitə Stalinə təslim olunacaq (təbii ki, bununla da həyatları məhv ediləcək) ingilis əsiri azərbaycanlıları xilas etməkdən ötrü Valiyə xanımı təyyarə ilə İstanbula göndərib. Təəssüf ki, Türkiyə hökuməti Sovetlərdən çəkinərək bu işə yaxın düşməyib. Valiyə xanım Romaya qayıdarkən içində onun da bulunduğu təyyarə 26 noyabr 1947-ci ildə Yunanıstan (Afina) üzərində dağa çırpılaraq məhv olub və Valiyə xanım da burada həyatını itirib.

1951-ci ildə Zahid xan xanımı və 7 yaşlı qızı ilə birgə Neapol ətrafındakı Bagnoli düşərgəsində uzun müddət qaldıqdan sonra Amerikaya getməyə icazə ala bilib. 7 noyabr 1951-ci ildə Nyu-Yorka gəliblər. Burada Polşa Komitəsi onlara yardımçı olub. İki ildən sonra Zahid xan hökumətin hərbi təyyarə zavodunda mühəndis kimi işə düzəlib.
Zahid xan Xoyski 2001-ci ildə Nyu-Yorkda vəfat edib.

Xatirələrdə Xoyskilər ailəsinin mühacirət həyatına da ayrıca bölmə həsr edilib. Buradan öyrənirik ki, ailəyə Qacar dövləti kömək edib. Zahid xan yazır ki, 1921-ci ildə Bakıdan İran səfiri gəlib bizə saxta İran pasportları verdi. Noyabr ayının ilk günlərində gecə vaxtı gizli olaraq Gəncəni tərk edib Bakıdan Batuma gedən mühacirlərə qoşulduq. Batumdan gəmi ilə, nəhayət, İstanbula yetişdik, atamızı tapıb mühacir həyatına başladıq:

“Maddi vəziyyətimiz çox çətindi. İlk dövrlərdə bizə Nuru paşa yardım etdi. Sonradan atam Polşaya, Varşavaya getdi. 1924-cü ildə Polşanın başçısı marşal Pilsudski ilə görüşdən sonra atamı Polşa ordusuna qəbul etdilər. 1926-cı ildə atam geri, İstanbula döndü. (Marşal Pilsudskinin xüsusi əmri ilə İstanbulda ona təqaüd maaşı verilmişdi).

Polşa ordusunda bizim iki polkovnik: bir mayor və iki mülazim vardı (polk[ovnik] Cahangir bəy Kazımbəyov, polk[ovnik] İsrafil bəy Seyfəliyev. Bizim zabitlər II Dünya müharibəsi dövründə Polşa ordusunda düşmənlə vuruşdular. (Cahangir bəy mənim böyük bacım Valiyə xanımın əri idi)”

Zahid xanın Gəncədə başlayan həyat yolu Amerikada bitib. Xatirələrində Amerikaya necə getməsi barədə qiymətli məlumatla üzləşirik. Qeyd edib ki, 1951-ci ildə mən və ailəm (arvadım, 7 yaşındakı qızım) Neapol ətrafındakı Bagnoli düşərgəsində uzun müddət qaldıqdan sonra, nəhayət, Amerikaya getmək icazəsi ala bildik. Almaniya limanından Nyu-Yorka hərəkət edən “mühacirlər gəmisi” ilə 11 gün dənizdə qaldıqdan sonra 7 noyabr 1951-ci ildə çox böyük zəhmətlərdən sonra cibimdə ancaq 1 dollarla Nyu-Yorka gəldik.

“Sahildə sabahdan axşama qədər qaldıqdan sonra, nəhayət, polis vasitəsilə Polşa Komitəsini tapdıq və onlar bizimlə məşğul oldular. İlk iki il çox böyük zəhmət çəkdik. Nəhayət, mən hökumət əsgəri təyyarə fabrikində mühəndis vəzifəsinə qəbul edildim. Bura gəldiyimiz gündən bir neçə gün sonra Vaşinqtondan FBI-ın bir agenti gəlib mənimlə uzun-uzadı danışdıqdan sonra, Vaşinqtondan Konqresdən biri gəlib mənlə Azərbaycan haqqında danışdı. Sən demə, nə Konqres, nə o dövrdə olan hökumət adamlarının Azərbaycan haqqında heç bir məlumatları yox idi. Onlar üçün ancaq SSRİ mövcud idi. 1954-cü ilin oktyabr ayında məni rəsmən Vaşinqtona dəvət etdilər. Məni dəvət edən: Investigation of Communist Take-Over and Occupation of the Non-Russian Nations of the USSR.

Azərbaycan haqqında ümumi bir məlumat verdim, onların suallarına cavab verdim. Üstəlik Azərbaycan Demokratik Respublikası haqqında və Azərbaycan tarixi haqqında qısa məlumat verdim...”
Zahid xan Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənova yazdığı 9 iyun 1992-ci il tarixli məktubunda ondan mühüm bir məsələdə kömək istəyib:

“Vaxtilə mən Amerika təbəəsi olduğum zaman mənim rəsmi şəxsiyyət vəsiqəmə milliyyətimi rus kimi yazdılar. Mən buna dərhal etiraz etdim, fəqət fayda vermədi. Dedilər ki, Azərbaycan, Qafqaz Rusiyadır, sən russan. Mən artıq qocaldım. 83 yaşına girdim, ömrümə çox qalmayıb. Rus olaraq ölmək istəmirəm. Ona görə də Sizdən azərbaycanlı olduğuma dair rəsmi pasport və ya bir vəsiqə vermənizi çox təvəqqi edirəm”.

(Davamı var)


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər