20 Dekabr 2018 09:28
1 203
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com televiziya eksperti, professor Qulu Məhərrəmli ilə müsahibəni təqdim edir.

- Ölkə başçısının Dövlət Dil Komissiyasının yanında Monitorinq Mərkəzinin yaradılması haqda sərəncamından sonra KİV-də dilin saflığı, ədəbi dilin normalarının qorunmasına dair monitorinqlər intensivləşib. Ümumilikdə son zamanlarda media orqanlarında dillə bağlı pozuntuların artmasını nə ilə izah etmək olar?

- Əslində bu çatışmazlıqların səbəbi dili yaxşı bilməmək, ana dili və cəmiyyət qarşısında məsuliyyət hiss etməməklə bağlıdır. Dili yaxşı bilən adam ondan istənilən şəraitdə - şifahi danışıqda da, yazıda da qaydalara uyğun şəkildə istifadə edir. Təəssüf ki, dil daşıyıcılarımız nə orta və ali məktəbdə, nə də praktikada buna layiqincə yiyələnir...

Əslində çox adam şikayətlənir ki, dil orta məktəbdə yaxşı öyrədilmir. Bu fikirlə qətiyyən razı deyiləm. Azərbaycan dili və ədəbiyyatı orta məktəbdə ən yaxşı tədris olunan fənlərdəndir. Sadəcə sonradan davamlılıq pozulur, həm də Azərbaycan dilini oxumaq xatirinə öyrənəndə mənimsədiyin bilikləri itirirsən. Onu öz ruhuna hopduranda, həyat normana çevirəndə müəyyən nəticə olur. Televiziya və radioya da bunu aid etmək mümkündür.

Əvvəllər niyə bu qədər pozuntu yox idi? Çünki tələbkarlıq vardı, mediada, qəzetdə, televiziya və radioda daha çox peşəkarlar çalışırdı. Dil qüsurları müzakirə olunur, pozuntulara görə ciddi tənbeh tədbirləri görülürdü.

Düzdür, bir səbəb də odur ki, dil materialı həddən artıq çoxdur, informasiyanın həcmi, saytların sayı artıb, bunların hamısında peşəkarlar çalışmır axı. Reportyor gəlir, dil bilgisi, informasiya hazırlamaq təcrübəsi yoxdur, yazıb verir, digər filtrlər işləmir, redaktor baxmır, material redaktə olunmur, faktlar dəqiqləşdirilmir, sözlərin yerində olub-olmadığı yoxlanılmır, elə olduğu kimi də səhifəyə qoyulur. İş düzgün qurulmur, sistem doğru çalışmır.

Belədə əlbəttə, nöqsanlar həddən artıq çox gedir. Baxırsan ki, yaxşı saytdır, amma ciddi dil qüsurlarına yol verir, söz sırası, yaxud leksik tələb pozulub. Bunlar hamısı bilgisizlikdən və məsuliyyətin lazımi səviyyədə olmamasından irəli gəlir.

Monitorinqlərə gəlincə, intensivliyin artması yaxşıdır, digər tərəfdən ortada bir kampaniyaçılıq da hiss olunur. Kampaniyaçılıq şəxsən məni qorxudur. İşin sonunda, nəticəsində konkret səmərə olmalıdır. Qloballaşma şəraitində ana dilinin işlənməsi ilə bağlı prezidentin 2013-cü ildə sərəncamı vardı, dövlət proqramı qəbul olunmuşdu.

O proqramda göstərilirdi ki, televiziya kanallarında dil şuraları yaradılsın. Bəs o dil şuraları hanı?

Ana dili elə bir şeydir ki, nə məhsul istehsalıdır, nə tədbir nümayişidir, insanın içindən, qəlbindən, mahiyyətindən, dilə, Vətənə sevgisindən əmələ gəlir. Ona görə də dillə bağlı kampaniyaçılığa qətiyyən yol vermək olmaz.

Bəli, rəsmi sənədlər qəbul olunub, bunlar hamısı aktualdır, dövrün çağırışlarıdır. Bunun üzərində ciddi iş görülməli, konkret addımlar atılmalıdır ki, o, effekt versin. Azərbaycan dili 20-dən çox sahədə uğurla işlənir. Dilin işləndiyi müxtəlif sahələrdə onun effektiv və qüsursuz işlənməsinə çalışmaq lazımdır. Önəmli olan budur.

- Sizcə, dil qüsurlarına mütaliə kasadlığının nə kimi təsiri var?

- Mütaliənin azlığı özünü hansı halda göstərə bilər? Bizdə xəbər leksikası dərin və zəngin olmur. Mətndə xüsusən ənənəvi, şablonlaşan, stereotipləşən feillər işlənir. Analitik yazılarda, müsahibələrdə, esselərdə, köşə yazılarında müəllifin dil duyğusu, söz ehtiyatı nə dərəcədədir? Söz ehtiyatı zəngin olanlar da, bəsit və quru olanlar da var. Xüsusən, müsahibələrdə suallar boş qazan kimi taqqıldayır. Yəni dilin havası, melodiyası, rəngi görünmür. Onda hiss edirsən ki, müsahibə götürənin mütaliəsi zəifdir, dil duyğusu, leksik lay haqqında təsəvvürü yoxdur.

Azərbaycan dilində danışan insanlara qulaq asanda ona görə zövq alırsan ki, həm söz ehtiyatları genişdir, gözəl məna kəsb edən sözləri tapıb işlədir, həm də həmin sözləri yaxşı yazır və ya tələffüz edirlər. O zaman dilin melodiyası, rəngi, intonasiyası görünür.

Əks halda məlum olur ki, adamlar az kitab oxuyur, mütaliəsi zəifdir, fikirlərin ifadəsi olduqca bəsitdir. Dilin qaynaqları mütaliə, lüğətlərlə işləmək, çoxlu informasiya qəbul edib, istənilən fikri fərqli formada ifadə etmək bacarığıdır. Bunlar olmayanda dil də, yazı da kasad görünür.

- Nəriman Qasımoğlu deyir ki, niyə şagirdlərimiz Füzulinin "Məni candan usandırdı..." qəzəlini deyəndə "Məni cannan usandırdı..." deməlidirlər? Onun fikrincə, artistlərimiz bunu onlara səhnə dili qəbilindən zərurət kimi təlqin ediblər və anlaşılandır ki, bu, yalnız səhnə dilinin özəlliyi olaraq da qavranılmalıdır, daha ədəbi dilimizin normativi kimi yox. Onun fikirlərini bölüşürsünüz?

- Nəriman Qasımoğlu orfoqrafiya qaydalarının müzakirələrində də aktiv iştirak edənlərdən biridir. Onun dilə baxışı çox sağlamdır. Şəkilçilərin, qrammatik formaların tələffüzü ilə bağlı mübahisələr var. Mənə elə gəlir ki, orfoepiya sözlüyü yenidən işlənəndə həmin çatışmazlıqlar aradan qaldırılmalıdır.

1930-cu illərdə də "candan" deyirdik. Bülbülün 1940-50-ci illərdə oxuduğu mahnılar var ki, sözlər yazıldığı kimi tələffüz olunub. Bir çox keçmiş müğənnilər sözləri bu cür tələffüz edib.

Orfoepiya qaydaları təsdiq olunub. MTRŞ-nın son monitorinqində irad tutulmuşdu ki, [dövlət] yox, [dö:lət] deyilməlidir. Ümumiyyətlə, bu nöqsanın aparıcıların ayağına yazılması doğru deyil. Çünki hələ ki orfoepiya qaydalarında bəzi mübahisəli məqamlar var.

Tələffüzün əsas şərti asanlıqdır. Sözləri dilin orqanlarını çətinliyə salmadan ifadə etmək lazımdır. Kazım Ziya və başqaları bu işlə məşğul olub. "Candan" sözü [cannan] kimi deyiləndə dil rahat hərəkət edir. Bunu əsas götürərək, bu qaydaları düzəldiblər. Orfoepiya qaydaları sözün [cannan] deyilməsini tələb edir. Bu mənim və ya Nəriman Qasımoğlunun istəyi ilə olmamalıdır.

Sözün sonunda "r" hərfinin yazılışı və deyilişi mütləq vacibdir. Çünki zaman şəkilçilərinə "r" əlavə etməyəndə onlar bir-birinə qarışır. "R" bəzən yaxın zaman effekti yaradır. Məsələn, "gəlmişdi" ilə "gəlmişdir" arasında müəyyən məna fərqi var. Ona görə də "r" mütləq deyilməli və yazılmalıdır. Bu məsələdə Nəriman Qasımoğlu ilə tam razıyam.

Nəriman bəyin fikirlərinin içində razılaşdıqlarım da var, mübahisəli hesab etdiyim məqamlar da var. Bir fikri ilə tam razıyam ki, orta məktəblərdə 2-3-cü siniflərdə orfoepiya qaydaları çaşqınlıq yaradır. Ona görə orfoepiya Azərbaycan dili dərsliklərində tədricən öyrədilməlidir.

Metodikaya yenidən baxmaq lazımdır ki, tədris necə aparılsa şagirdlərdə çaşqınlıq yaratmaz. Orfoepiya qaydalarında bəzi müddəalarında zamanın havası duyulmur. Onlara yenidən baxmaq lazımdır.

- AMEA Dilçilik İnstitutununm direktoru Möhsün Nağısoylu jurnalistlərin dil normalarına görə attestasiyadan keçməsivacibliyini vurğulayır. Sizin bu məsələyə münasibətiniz necədir?

- Hərdən Möhsün Nağısoylunun jurnalistlərə tövsiyəsini görürəm. Dil problemləri ilə bağlı günahın çoxunu jurnalistlərin boynuna yıxmaq doğru deyil. Bir çox yanlışlıqlar AMEA Dilçilik İnstitutunun özündən qaynaqlanır. Yəni norma və qaydalar dəqiq olmalıdır. Dilçilik İnstitutunun redaksiyalarda attestasiya aparmaq istəyi mənə həmişə gülməli görünür. Redaksiyada attestasiyanı o strukturun rəhbəri və ya peşə sahəsinə baxan müəyyən qurum apara bilər.

Dil əlbəttə, jurnalistikada əsas silahlardan biridir, jurnalist ədəbi dili mükəmməl bilməlidir. Ümumiyyətlə, dil normalarını bilməyən şəxsi niyə redaksiyaya işə götürdükləri şübhəli görünür. Xüsusən, televiziya və radioya mükəmməl dil bilgisi, yaxşı tələffüzü olan adamlar götürülməlidir. Radio dili şifahi ədəbi dilə əsaslanır. O sözdə həqiqət var ki, jurnalistlər yazılarını çox oxumalıdır. Amma küt adam yazını 30 dəfə də oxusa, eyni səhvi buraxacaq. Məqsəd odur ki, yazılar diqqətlə hazırlansın.

Hörmətli Möhsün müəllim bilmir ki, jurnalistlər materialları necə operativ və rəqabət şəraitdə hazırlayır? Xəbəri tez çatdırmaq uğrunda yarış gedir. Amma onlayn media bizə imkan verir ki, səhvləri düzəldə bilək.

Mən ərk etdiyim reportyorların yazılarında gözümə yanlışlıq dəyəndə özlərinə bu barədə bildirirəm, dərhal düzəldirlər. Bu da mənə xoş olur.

Dil nizamlı olmalıdır, mənanı, tendensiyanı, faktı, hadisəni doğru-dürüst əks etdirməlidir. Yanlış söz, yerinə düşməyən ifadə xəbəri korlayır və xəbər müəllifi haqda da yanlış təsəvvür yaradır. Arzulayıram ki, dilçilərin də, jurnalistlərin də məqsədi dilin şəffaf, nizamlı, qaydalara uyğun olsun.

Dilçilərin jurnalistləri və ya əksinə irad tutub ittiham etməsiylə normal nəticəyə nail olmaq mümkün deyil.


Müəllif: Nərgiz

Oxşar xəbərlər