20 Dekabr 2018 14:27
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda qış turizmi mövsümü başlayıb, qarşıdan isə Yeni il gəlir.

Dövlət Turizm Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kənan Quluzadə qış turizminin hazırkı durumu ilə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Kənan müəllim, qışda və Yeni il tətili günlərində istirahət üçün hara üz tutmaq məsləhətdir?

- Son illərdə formalaşan ənənəvi istiqamətlər var, bura Şahdağ-Tufandağ zonasıdır. Amma turistlərin aktiv gəldiyi digər məkanlar da var, misal üçün, şimal, şimal-qərb zonasını bura adi etmək olar. Yəni təkcə Tufandağ yox, Şəki, Qax, Zaqatala, Balakən zonası da turistləri cəlb edir.

Hətta cənub zonasına da daxili və xarici turistlərin ziyarəti çoxalıb. Ümumilikdə götürəndə Azərbaycanda turizmin konkret ünvanları formalaşıb. Bu o demək deyil ki, digər regionlar kənar qalıb, başqa rayonlarda da artım hiss olunur.

- Azərbaycana ən çox turist hansı ölkələrdən gəlir?

- Əslində bizim məqsədlərimizdən biri də odur ki, Azərbaycanda turizm mövsümsüz olsun. Yəni bütün obyektlər dörd fəsildə işləsin. Misal üçün, Şahdağ Yay-Qış kompleksi yayda da bağlanmır. Bu proses genişlənəcək ki, qoyulmuş sərmayələr il boyu gəlir gətirə bilsin.

11 ayın nəticələrə görə, Azərbaycan ən çox Rusiyadan turist gəlir, bu, 30 faizdən artıqdır. Onların müəyyən hissəsi öz həmvətənlərimizdir ki, turizm xidmətlərindən tam istifadə etmirlər, çünki öz evləri var. Biz bunu da nəzərə alırıq.

Ümumən 11 ayın nəticələrinə görə, ölkəyə turist gəlişində 6 faiz artım var. Orta Şərq və Asiyadan çox ciddi artım olub. Hindistan, Pakistan, Körfəz ölkələrindən, İsraildən, MDB məkanından da artımı qeyd etməliyik. İran istiqamətindən isə azalma var. Bu, İrandan çıxışla bağlıdır, yəni Azərbaycanda qəbulla bağlı problem yoxdur. İrandan ümumi olaraq dünyanın hansısa yerinə insanların çıxışı məhdudlaşıb.

- 2018-ci ildə turizm sahəsində hansı yeniliklər olub?

- Bu il turizm sahəsində struktur dəyişiklikləri ili idi, prezidentin qərarı ilə Dövlət Turizm Agentliyi yaradıldı, strukturu müəyyən olundu, Azərbaycan Turizm Bürosunun fəaliyyəti genişləndirildi.

Dekabrın ilk günlərində 6 ölkədə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri fəaliyyətə başlayıb ki, bu ölkələr Çin, Hindistan, Səudiyyə Ərəbistanı, BƏƏ, Almaniya və Rusiyadır. Növbəti ilin sonuna qədər rəsmi nümayəndəliklərin sayı 10-a çatdırılacaq.

Turistlərin cəlb olunması üçün 18 prioritet bazar seçilib. Söhbət Asiya ölkələri, Uzaq Şərq, o cümlədən Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Pakistan, Körfəz ölkələrindən gedir. 2016-c i ildə prezident tərəfindən təsdiqlənən “Turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” var. Həmin yol xəritəsinə əsaslanaraq ölkədə turizm konsepsiyası formalaşdırılıb. Bu konsepsiya 2018-2023-cü illəri əhatə edir. Sənəddə nəzərdə tutulub ki, Azərbaycana gələn turistlərin sayı iki dəfə artacaq.

Azərbaycanın yeni turizm brendi təsdiq olundu, artıq dünya ictimaiyyətinə nümayiş etdirildi və bu proses davam edəcək. Azərbaycan Turizm Bürosu 2020-ci ilin sonuna qədər 20 beynəlxalq sərgiyə qatılacaq.

Azərbaycan turizminin təbliğatı xaricdə aparılır. Daxili turistlərin artımı və onların məmnunluğunun təmin edilməsi məqsədi ilə infrastrukturun genişləndirilməsi, müxtəlif büdcəli turizm xidmətləri imkanının formalaşdırılması, kadr potensialının gücləndirilməsi və püxtələşməsi kimi işlər görülür. Bu kompleks və hər detalı vacib məsələdir. Turizm sənayesinin qarşısında qoyulan əsas məsələ odur ki, ölkəyə gələn turistlərin sayı artsın və geriyə dönüş təmin olunsun.

- Ölkədə fəaliyyət göstərən turizm şirkətlərində xidmət qənaətbəxşdirmi?

- Ölkə rəhbərinin qərarı ilə 2015-c ildən turizm sənayesində xüsusi razılıqlar ləğv edilib. Hər bir kəs lisenziyasız turizm şirkəti açıb işlədə bilər. Hazırda bu şirkətlərin sayı 2 mindən çoxdur. Bu şirkətlərin hamısı üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmirlər, yəni buna imkanları olmur. Bəzən kimsə istəyir ki, turizm şirkəti qursun, amma otelçilik, marşrut, turlar və bələdçiliklə bağlı bu xidmətləri göstərməyə bilik və imkanları çatmır. Nəticədə ümumi sənayeyə zərər vurur və ölkənin imicinə xələl gətirirlər.

Turist gəlib ölkədə istədiyi xidməti ala bilməyəndə filan şirkət bunu göstərə bilmədi demir, o, ümumi ölkədən narazı qalır. Bunun üçün həm ictimai, həm də dövlət orqanları səviyyəsində müzakirə gedir ki, turizm şirkətlərinin fəaliyyəti ilə bağlı hansısa bir nəzarət mexanizmi olsun. Bu sahədə sistemləşdirmə aparılmalı, kateqoriyalar müəyyənləşdirilməlidir ki, hər hansı şirkətlə əlaqə yaradanda onun fəaliyyəti, xidməti ilə bağlı artıq konkret fikir əldə edə bilsin.

- Otellərdə, ümumi olaraq turizm xidmət sahəsində ortalama qiymətlər neçədir?

- Qiymətlər fərqlidir. Bu istiqamət və göstərilən xidmətlərlə bağlıdır. Otellər Assosiasiyasından bizə verilən məlumata görə, bu il qiymətlər yüksək deyil. Hər büdcəyə uyğunlaşdırılmış qiymətlər var. Amma qlobal baxanda dövlət strukturu olaraq biz qiymətlərə müdaxilə etmirik və edə bilmərik. Qiymətləri bazar formalaşdır.

Biz sadəcə tövsiyə edirik ki, həm Azərbaycan vətəndaşları, həm də xaricdən gələn turistlər üçün mümkün qədər qiymətləri yüksək yox, əlçatan etsinlər. Belədə qoyduqları sərmayə və turist axını da davamlı olacaq.

Həm vətəndaşlarımız öz ölkəsində istirahət etmək hüququndan bəhrələnəcək, həm də Azərbaycana xaricdən turizm axını güclənəcək.

Düzdür, müəyyən mexanizmlər var ki, biz qiymətlərə dolayı yolla təsir göstərə bilərik. Az ulduzlu otellərin tikilişi ilə bağlı fikirlər var ki, regionlardakı 3 və ondan aşağı ulduzlu otellərə güzəştlər olsun. Vergilərə və ya sahibkarların güzəştli kreditləşməsi məsələsinə baxılsın. Bunlar da dolayı yolla qiymətlərə təsir göstərə biləsi üsullardır.

Başlıcası odur ki, Azərbaycan turizm sənayesi indi formalaşır. Qoyulan tapşırıqlardan ən mühümü odur ki, bu sahədə sağlam rəqabət mühiti hökm sürsün. Bazar iqtisadiyyatının başlıca qanununa görə, sağlam mühit olan yerdə tələb və təklif qiymətləri özü sabitləşdirir.

Xidmət göstərən şirkətlərin sayı artdıqca rəqabət yaranacaq və bu da reallığa uyğun qiymətlərin formalaşmasına səbəb olacaq.

- Yayda ərəb turistləri Bakıda və rayonlarda tez-tez görmək mümkün idi, indi vəziyyət necədir?

- Dekabrın 1-dən Azərbaycanda qış turizmi mövsümü başlayıb. Hələ dağlara o qədər də qar yağmayıb. Ona görə rəqəmlərdən danışmaq tezdir.

Amma rəqəmlərin dinamikası göstərir ki, Körfəz ölkələrindən gələn turistlərin sayı bu il də artıb və növbəti il rəqəmlər daha böyük olacaq.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər