20 Dekabr 2018 23:57
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab prezidentin “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” dünən imzaladığı sərəncam əhalinin aztəminatlı təbəqəsinə dövlət qayğısını nümayiş etdirən növbəti addım, növbəti xoş jestdir”.

Bunu Teleqraf.com-a açıqlamasında “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisadçı ekspert Fikrət Yusifov deyib.

O qeyd edib ki, sosial məsələlərin həlli ölkə başçısının gündəmində hər zaman ən öncül yerdə dayanır:

“Cənab prezidentin builki prezident seçkilərindən dərhal sonra imzaladığı birinci fərman da torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş şəxslərin vərəsələrinin maddi vəziyyətinin yaxşılaşdırılması haqqında olub. Təbii ki, bu addım müsbət bir addım kimi dəyərləndirilməlidir. Əhalinin aztəminatlı təbəqəsinin maddi vəziyyətinin, onların ümumiyyətlə həyat şəraitinin yaxşılaşdırlması istiqamətində gələn ilin dövlət büdcəsində də tədbirlər nəzərdə tutulub. Bu istiqamətdə işlər yenə də davam edəcək”.

F.Yusifov qeyd edib ki, ölkə iqtisadiyyatının imkanları genişləndikcə, qeyri-neft sektorunun inkişafı sürətləndikcə dövlətin bu yöndə tədbirləri daha da güclənəcək:

“Hesab edirəm ki, əhalinin aztəminatlı təbəqəsi yaxın illər ərzində bu tədbirlər nəticəsində həyat şəraitinin yaxşılaşdığını öz gözləri ilə görə biləcəklər. Ümumiyyətlə, ölkə prezidenti sosial məsələlərin həllini hər zaman diqqət mərkəzində saxlayıb. Bu çərçivədə əhalinin aztəminatlı təbəqəsinə maddi qayğı göstərilməsi də istisnalıq təşkil etməyib. Biz bu istiqamətdə növbəti addımların şahidi ola biləcəyik. Çünki bir daha qeyd etmək istərdim ki, sosial məsələlərin həlli hər zaman ölkə prezidentinin gündəmində dayanan ən aktual məsələ olub”.

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 19-da “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulur. Birdəfəlik yardım üçün 2018-ci ilin dövlət büdcəsindən ümumilikdə 5 milyon manat ayrılacaq.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər