Uşaqların zərərli informasiyalardan qorunması və onlara uyğun materialların hazırlanması günümüzün aktual mövzulardandır.
Bu mövzuda Teleqraf.com-un suallarını media eksperti, Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli cavablandırıb.
- Müşfiq müəllim, uşaqlar üçün zərərli informasiya deyəndə nə başa düşülür və onların qarşısının alınması üçün hansı mexanizmlər var?
- Əksər ölkələrdə uşaqların zərərli informasiyalardan qorunması haqqında qanun qəbul olunub. Çox yaxşı haldır ki, Azərbaycanda da bu istiqamətdə işlər gedir, 2018-ci ilin əvvəllərindən başlayaraq “Uşaqların zərərli informasiyalardan qorunması haqqında” qanunun qəbul olunması üçün müzakirələr keçirilir. Bu qanunun qəbul edilməsinə çox ciddi zərurət var. Elementar statistikanı nəzərinizə çatdırım.
DİN-in açıqladığı statistik məlumatlardan aydın olur ki, 2010-cu ildən 2017-ci ilə qədər ölkədə törədilmiş uşaqlarla bağlı və uşaqların iştirakçısı olduğu cinayət hallarında artım müşahidə olunur. Orta hesabla 7 il ərzində təqribən 15-20 faiz artım var. Bu da ciddi narahatçılıq doğurur.
Bu barədə çıxış edən respublikanın elm adamları, psixoloqları, əlaqədar təşkilatlar müxtəlif səbəblər göstərsələr də, ən çox vurğulanan hal uşaqları öz yolundan dəyişəcək, onların tərbiyəsinə, psixologiyasına, dünyagörüşünə təsir edəcək informasiyaların artması ilə bağlıdır. Bunun əsas səbəbi internetin inkişafı, sosial şəbəkələr, KİV-lərin çoxluğu və informasiya bolluğudur.
Bu statistikanın özü kifayət edir ki, informasiyanın uşaqlara nə qədər mənfi təsir etdiyini görək. Bu baxımdan qanun hazırlanır.
Milli Məclis qanunun ilkin müzakirəsi zamanı çox gözəl praktika həyata keçirdi. Belə ki, QHT nümayəndlərini, media adamlarını, həm də uşaq hüquqlarına aid QHT-ləri dəvət etdilər və birlikdə ilkin baxış keçirdilər, onun üzərində edilən təkliflər nəzərə alındı. Bu qanunun qəbulu daha da sürətləndirilməlidir.
Biz indiyə qədər alışmışıq ki, müəyyən filmlər və verilişlərin üstündə 18+ işarələri qoyulsun.
Qanundakı yenilik bundan ibarətdir ki, təkcə filmlərə və əyləncə verilişlərinə deyil, ümumilikdə uşaqlar üçün əlçatan olan bütün informasiyaların üzərində yaş kataqoriyası müəyyənləşdirilsin.
Beləliklə, bu yazıların neçə yaşdan sonra oxunmasının məqbul olduğu aydın olacaq.
İkincisi, uşaqların yaşlarının da kateqoriyalara bölünməsidir. Elə verilişlər var ki, məsələn 16 yaşlı uşaq üçün normal ola bilər, amma 8 yaşlı üçün yox. Ona görə də, bu informasiyalar 6 yaşa, 12 yaşa, sonra 18 yaşa qədər olan mərhələlərə bölünür. Bu baxımdan qanunun özünü müsbət hal hesab edirik. Bu, tezliklə qəbul olunmalı, ən əsası isə qanunun işləkliyi təmin edilməlidir.
Qanun qəbul olunub bir küncə atılacaqsa, təbii ki, onun heç bir effekti olmayacaq. Qanun işlək olmalıdır.
Bununla yanaşı, həm də uşaqlar haqqında xəbər hazırlanmasının şərtlərini müəyyən edən qanunlar var ki, burada da yetkinlik yaşına çatmayanlar haqqında məlumat verməyin çərçivələri cızılır.
- KİV-lərdə uşaqlar haqında xəbər verilməsini tənzimləyən qanunlar hanısılardır və jurnalistika etikası bu barədə nəyi əhatə edir?
- Biz buna iki kontekstdən baxa bilərik ki, birincisi qanunlardır. Qanunlarda uşaqların bilərəkdən və bilməyərəkdən iştirakçısı olduqları, uşaqların qurban seçildiyi və onların şahid olduqları cinayət hadisələri barədə necə xəbər hazırlamağın şərtləri müəyyən edilib. Hər 3 halda uşaqlarla davranmağın məsuliyyətini müəyyən edən qanunvericilik var.
Bunlardan ilki "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyası, ikincisi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, eyni zamanda Azərbaycan Respublikasının Konstitusiyasıdır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunun 10-11-ci maddələri, eləcə də "Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 11.5.3 maddəsində bu məsələlər diqqətə alınıb. Bunların hər birində uşaqlar haqında materialların necə hazırlanmalı olduğu və yayımı barədə məlumatlar verilir.
Media adamları qanunlarla yanaşı, qanunların yığcam forması olan etik kodeks əsasında fəaliyyət göstərirlər ki, bunula bağlı həm beynəlxalq, həm də yerli sənədlər var. “Azərbaycan jurnalistlərinin peşə davranışı qaydaları”nın 3-cü prinsipi uşaqlar, yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsinin şərtlərini açıqlayır.
Eyni zamanda, məsələnin həssaslığını nəzərə alaraq bir neçə beynəlxalq sənədlər hazırlanıb.
Bilirsiniz ki, Beynəlxalq Jurnalistlər Federasiyası dünyanın jurnalistika standartlarını tərtib edən ən böyük təşkilatıdır. Federasiya bu məsələ üzrə iki sənəd hazırlayıb.
Birincisi “Uşaqlarla müsahibə götürməyin 10 şərti” adlanır. İkinci sənəd isə “Media əməkdaşları üçün uşaqlarla bağlı məlumat bələdçisi”dir. Bunlar xəbər istehsalçısı, jurnalistin yetkinlik yaşa çatmış uşaqlarla bağlı xəbərlər hazırlayarkən hansı nüanslara diqqət yetirməli olduğunu və uşaqlarla davranışı tənzimləyən mühüm sənədlərdir.
Eyni zamanda etik bəyannaməsində uşaqlarla bağlı informasiyalarda həssas davranmaq haqqında bir maddə əlavə olunub. Bunlar imkan verir ki, xəbər istehsalçıları bu materialları oxusunlar və uşaqlarla bağlı material yayarkən hansı nünanslara diqqət yetirməli olduqlarını bilsinlər.
Təəssüf ki, buna əməl etməyənlər çoxdur və biz bunun nəticələrini görürük. İstər uşaqlar haqqında adi materiallar hazırlayanda, istərsə cinayət qurbanı, cinayət iştirakçısı və şahidi olan uşaqlar haqqında materiallar işləyəndə çox ciddi şəkildə qanun pozuntularına yol verilir.
Təəssüf ki, bu cür qanun pozuntularına sosial, onlayn mediada deyil, çox zaman ənənəvi, oturuşmuş media qurumlarında da yol verilir.
Xüsusi olaraq cinayət qurbanı olmuş uşaqların adlarının, soyadlarının, ünvanlarının, ailə tərkibinin təsvirində, cinayət törətmiş şəxslərlə də həmçinin cinayət şahidi olmuş uşaqların dindirilməsi zamanı çox kobud şəkildə qanun pozuntularına yol verilir. Bu baxımdan həm bizim qanunlar həm də, etik kodeks tapdalanır.
- Hansı qanun pozuntularına yol verilir? Cinayət qurbanı olmuş uşaqlardan materiallar necə hazırlanmalıdır?
- Çox ciddi qanun pozuntularından biri cinayət qurbanı olmuş uşaqlar haqqında informasiyaların təqdimatı zamanı yol verilən pozuntulardlr. Bilirsiniz ki, bu hallar daha çox uşaqlara qarşı təcavüzün törədilməsi, oğurluq halları ilə bağlıdır. Uşaqlar bu iki istiqamətdə ya cinayət qurbanı, ya da cinayət iştirakçısı olurlar. Çox təəssüf ki, bu zaman bizim media qurumları bu cür uşaqlar haqqında material hazırlayanda onların adlarını, soyadlarını, ünvanlarını qeyd edirlər. Bu da elə həmin qanunun pozulmasının özü qədər ağır bir hadisədir və ümumiyyətlə yolverilməz haldır.
Çünki onlayn mediada yayılan materiallar bizim data bazalarda yatıb qalır, illərlə qorunur. İstər cinayətin qurbanı olmuş, istərsə də onu törətmiş uşaq illər sonra cəmiyyətə adaptasiya olmaq istəyərsə, o zaman onun ətrafında olanlar onun haqqında axtarış verməklə bu informasiyaları üzə çıxara bilərlər.
Uşaqlıq dövründə bu cinayətlərə qarışmış şəxs tərbiyələndirilmiş, psixoloji gərginliyi aradan qaldırılmış olsa belə, yenidən bu cür informasiyalardan istifadə edərək ona həmin hadisələrin xatırladılması onun əvvəlki vəziyyətə qayıtmasına və sıxıntı keçirməsinə səbəb olur. Bu baxımdan bu hal yol verilməzdir.
Qanunvericiliyə əsasən bu cür cinayət qurbanı olmuş və ya cinayət törətmiş uşaqlar haqqında informasiya hazırlanərkən onların ad və soyadının açıqlanmasına və üzlərinin işıqlandırılmasına yol verilmir. Belə ki, valideynlərinin, qanuni himayəçilərinin, ya da qəyyumluğu olduğu idarə, müəssisənin icazəsi olmadan onlar haqqında detallı informasiya yaymaq qadağandır. Amma son illərin praktikası göstərdi ki, burda da müəyyən problemlər yaşanır. Nümunə kimi deyim ki, bir qız uşağı cinsi təcavüzün qurbanı olmuş, sonra bir media qurumu onun adını, soyadını, fotosunu açıqlamışdı və bundan Mətbuat Şurasına şikayət olunmuşdu. Biz onları dəvət edib danışanda jurnalist özünün haqlı olduğunu bildirdi və simvolik də olsa haqlı çıxdı.
Çünki o, uşağın valideynindən icazə aldığını sübut etdi. Əslində o, uşağın valideyinindən icazə almaqla qanuni davranmışdı, amma hamımız bilirik ki, bu cür detallı təsvir yolverilməzdir.
Nəticə bu idi ki, jurnalist, uşağın valideyininin hüquqi bilgisizliyindən və səhlankarlığından sui-istifadə etmişdi. Biz valideynin buna nə üçün icazə vermiş ola biləcəyini araşdırdıq. Aydın oldu ki, əslində valideyn özü sağlamlığı, hətta əxlaqi durumu yerində olmayan bir adamdır. Məlum oldu ki, yetkinlik yaşa çatmayan uşağın təcavüzə məruz qalmasında valideynin də səhlənkarlığı olub. Əlavə olaraq müəyyən maddi maraqlar qarşılığında jurnalistin şirnikləşdirici vədlərinə uyub informasiyanın detallı yayılmasına icazə vermişdi. Bu cür hallar baş verir.
Bütün bunları nəzərə alaraq, 2016-ci ildə qanunvercilikdə dəyişiklik oldu, bu dəyişikliyə əsasən bundan sonra cinayət törətmiş, cinayət qurbanı olmuş və ya cinayət şahidi olmuş uşaq haqqında informasiya yaymaq üçün uşağın valideyni, qəyyumluqda olduğu şəxslə, idarə ilə yanaşı mütləq o cinayətin istintaq prosesini aparan hüquq-mühafizə orqanlarının da icazəsini almaq lazımdır. O halda onların ad-soyadının işlədilməsinə icazə verilir ki, buna zərurət olsun.
Bu zərurət isə ondan ibarətdir ki, misal üçün, uşaq itkin düşüb, qaçırılıb və axtarışı gedir. Bu kimi hallarda, təbii ki, onun rəsmi adı, soyadı göstərilməlidir ki, onu tapanlar məlumat versinlər. Amma qalan hallarda bu kimi məlumatların verilməsi yol verilməzdir.
Məsələlərdən biri də hadisə şahidi olmuş uşaqların danışdırılmasıdır ki, onlar bilərəkdən və ya bilməyərəkdən cinayətin şahidinə çevrilə bilərlər. Bu yaxınlarda şahid olduq ki, ata yoldaşını beşinci mərtəbədən atıb, qətlə yetirib. KİV-lərdən biri həmin ailənin uşaqlarından şahid kimi müsahibə alırdı. Dəhşətdir və bu qəti şəkildə yol verilməzdir. İstər uşaqlar haqqında beynəlxalq konvensiya, uşaq hüquqları haqqında qanunda, ümumiyyətlə uşaqlardan informasiya alınması üçün bütün etik kodekslərdə göstərilir ki, uşaq yalnız valideynin, himayəçinin, qəyyumluğunda olduğu komissiyanın və eyni zamanda mütləq şəkildə müəllim və psixoloqun yanında dindirilməlidir.
Ümumiyyətlə uşağın dindirlməsinə yol verilmir, amma dindirilərsə, mütləq bu şəkildə olmalıdır ki, ona sualın nə formada veriləcəyi və hansı formada cavab alınacağına nəzarət etsinlər. Sualları müəyyənləşdirib versinlər ki, uşaq psixoloji zərbə altında qalmasın. Çünki o uzun müddət bu zərbələrin təsirindən çıxa bilmir. Çox təəssüf ki, bizim xəbər istehsalçılarımız ağına-bozuna baxmadan, psixoloq, müəllim, hüquq mühafizə orqanlarının nümayəndəsi və digər hallar olmadan birbaşa yaxınlaşıb uşaqlardan açıqlama götürürlər ki, bu da qəti şəkildə yol verilməz haldır.
Məsələnin ikinci tərəfi odur ki, konvensiyada da, uşaq hüquqları haqında qanunda da, etik kodeksdə də göstərilir ki, uşaq ümumiyyətlə valideyn əleyhinə müsahibə verməyə məcbur edilə bilməz. Çox təəssüf, boşanma və digər ağır hallarla bağlı uşaqlardan rəy alınır ki, bu da yol verilməzdir. Zərurət olarsa və bu zərurət də yalnız məhkəmənin hökmü ilə isbatlanarsa, xüsusi bir şəraitdə uşaqlardan rəy alınmasına icazə verilir.
- Belə hallarda informasiyanı yayan xəbər istehsalçısını inzibati cəhətdən hansı cəzalar gözləyir?
- Məsələnin bu tərəfi barədə, yaxşı olar ki, ixtisaslı hüquqşünas məlumat versin. Mən öz bilgim səviyyəsində deyə bilərəm ki, ilk növbədə bu, KİV haqqında qanunun pozulmasıdır. İkincisi, jurnalistin etik kodeksinin, üçüncüsü isə cinayət və inzibatı məcəllənin pozulması deməkdir.
Bu hal KİV haqqında qanunun 10-11-ci maddələrindən, KİV-dən sui-istifadə hallarına yol verilməməsi haqqında bəndlərlə tənzimlənir. Həmin qanuna əsasən, bunlar KİV-dən sui-istifadə halı kimi dəyərləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsi isə sui-istifadə hallarına görə məsuliyyəti müəyyən edir. Sui-istifadəyə yol verilməsi halı əgər ağır hallardandırsa, bu zaman 3 ildən 8 ilədək həbs cəzası və 3 ilədək həmin vəzifəni tutmaqdan məhrum etməklə cəzalandırılır.
Əgər yol verilmiş sui-istifadə halı yüngül haldırsa, min manatdan 2 min manata qədər cərimə və bəzən isə 3 ilə qədər vəzifədən uzaqlaşdırma ilə cəzalandırıla bilər.