25 Dekabr 2018 12:20
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Vüqar Səfərli deyib ki, müsabiqəyə 64 media orqanından 160 yazı təqdim olunub, 19 istiqamət üzrə 6 jurnalistə mükafat verilib.

Vüqar Səfərli Fondun il ərzində 33 qəzeti maliyyəşdirdiyini söyləyib. KİVDF-nin icraçı direktoru qeyd edib ki, layihələr çərçivəsində 6 min səhifədən çox yazı dərc olunub. KİVDF 10 müsabiqə keçirib, ümumilikdə 420 qalib mükafatlandırılıb.

Mükafatlandırılanlar arasında Teleqraf.com xəbər portalının əməkdaşları da var.

Vüqar Səfərli KİV-lərin maliyyələşmə məsələsinə də toxunub: "Elektron KİV-in maliyyələşməsi məsələlərinə gələcəkdə baxılacaq. Bu məsələ ilə bağlı təkliflər dövlət başçısına təqdim olunub. Elə adam var ki, 5 sayt açıb, evdə oturub başqa saytlarda gedən yazıları səhifələrinə yerləşdirir və hesab edir ki mediadır. Həmin adamlar düşünməsin ki, onlara maddi yardım ediləcək. İşçilərinin sayı, ofisi, qeydiyyatı və digər kriteriyalar nəzərə alınacaq. Eynilə qəzetlərdə yazıların neçə faizinin özəl material olduğu məsələsi şərt kimi qoyulacaq.

Bəzi qəzetlər rəsmi agentliklərin məlumatlarını yerləşdirməklə səhifələrini doldururlar. Elə qəzet var ki, 5 işçisi ilə gündəlik olaraq fəaliyyət göstərir. 5 işçi ilə qəzet buraxmaq olar?

Bu gün MDB-nin heç bir ölkəsində Azərbaycandakı qədər qəzet çap olunmur. Bu qədər qəzetə ehtiyac yoxdur. Qəzetlərin əksəriyyəti 2500 tirajı adlaya bilmir. Satışdan, abunədən gələn gəlir, Fondun maliyyə dəstəyi xərclərini ödəyə bilmir.

İnternet media operativliyə görə üstünlüyü ələ alıb. Gənclərin heç 10 faizi qəzet oxumur. Hamının əlində telefon, planşet var və informasiyanı veb səhifələrdən əldə edir. Elə qəzetlər var ki, onların elektron səhifəsi çap versiyadan qat-qat çox izlənir. Süni şəkildə İP artıran media orqanları da var. Ancaq texnologiya inkişaf edib və onları aşkar etmək elə də çətin deyil".

Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müsabiqəyə daxil olan yazıların keyfiyyətinin yüksəldildiyinə diqqət çəkib.

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, uzun zamandır Fondun eksperti qismində çıxış edir və bu dəfə müsabiqəyə təqdim edilən yazılarda professionallığın artdığının, dil və üslub normalarına riayət olunduğunun şahidi olub.

O qeyd edib ki, elektron KİV-lərə maliyyə yardımı ayrılması vacibdir.

KİVDF-nin Müşahidə Şurasının üzvü, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev təklif edib ki, yazılarda plagiatlığın qarşısını almaq üçün plagiat proqramından istifadə olunsun.


Müəllif: Nərgiz

Oxşar xəbərlər