Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində "Tıq-tıq xanımın saxta babası" adlı uşaq tamaşası nümayiş olunub.
Teleqraf.com xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və ssenari müəllifi Zəhra Quliyevadır.
Uşaqlarla yanaşı, böyüklər tərəfindən də maraqla izlənilən tamaşada Tıq-tıq xanım obrazını Azərbaycan Dövlət Kukla Teatrının "Oyuq" studiyasının 6 yaşlı aktrisası Nuray Rəhman canlandırıb. Digər yadda qalan obrazları isə Mədəniyyət Mərkəzinin aktyorları ilə birgə DTX əməkdaşlarının övladları oynayıb.
Tamaşada Tıq-tıq xanımın Yeni il bayramı üçün Şaxta babanı axtarması zamanı başına gələn hadisələrdən bəhs edilir. Səhnə əsərində Tıq-tıq xanımın ən böyük arzusu Şaxta babanı tapmaq və onun Qar qızı olmaqdır. Bütün hadisələr də bu axtarış vaxtında cərəyan edir.
Tamaşanın ərsəyə gəlməsində çoxlu sayda geyimlər, aksesuarlar, eləcə də işıq avadanlıqlarından istifadə edilib.
Qeyd edək ki, tamaşa 4 seansla iki gün davam edəcək.