“Deputat Qüdrət Həsənquliyevin şeyxülislam və Dini Komitənin sədrinə açıq məktubunu müsbət qiymətləndirirəm”.
Teleqraf.com xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev deyib.
Ekspert Azərbaycanın bir sıra bölgələrində qız uşaqlarının məktəblərdən yayınması hallarına diqqət çəkib: “Bu, yaxşı çağırışdır. Qızların ən çox məktəbdən yayınma halları Cənub bölgəsinə təsadüf edir. Bunu Dövlət İmtahan Mərkəzinin statistik təhlilləri də göstərir. Şəmkir rayonunun məktəbləri ilə cənub bölgəsinin qardaşlaşan məktəbləri layihəsinə start vermək lazımdır.
Bilik Fondu indiyə qədər bu məsələyə diqqət etməyib. Onda mollalar da, sivil cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər”.
Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri, Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.
Deputat məktubda qız uşaqlarının məktəbdən yayınması hallarına toxunub: “Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət quruculuğuna öz töhfələrini verməlidirlər”.