“Çap mediasından imtina edilməsi təkcə Azərbaycanla bağlı məsələ deyil. Bu, bütün dünyada belədir”.
Azərbaycanda nəşr olunan qəzetlərin əksəriyyətinin bağlanacağı ilə bağlı yayılan məlumatlar barədə Teleqraf.com-a danışan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli belə deyib.
Y.Məmmədli bildirib ki, dünyada çap mediasından imtina edilməsi tendensiya halını alıb: “Bu, bir çox ölkəni əhatə edən prosesdir. Səbəbi də insanlar arasında internet mediasının populyarlığı ilə bağlıdır. Qəzet oxuyanların sayı əvvəlki qədər deyil. Artıq elektron media bütün dünyada öz yerini möhkəmlədib. Ənənəvi media artıq öz yerini elektron mediaya – saytlara verir.
Amma bu o demək deyil ki, qəzetçilik tamamilə sıradan çıxır, yaxud öz yerini tamamilə itirəcək. Mən bu fikirdəyəm ki, qəzetçilik tam sıradan çıxmayacaq. Lakin qəzetlərin tirajları xeyli aşağı düşəcək, çap olunan qəzetlərin sayı azalacaq. Amma bu qəzetlər internet versiyası formasında fəaliyyətlərini davam etdirəcəklər. Başqa sözlə, qəzet sıradan çıxmır, onun forması sıradan çıxır”.
Qeyd edək ki, son günlərdə Azərbaycanda fəaliyyət göstərən bir sıra qəzetlərin öz fəaliyyətlərini dayandıracağı ilə bağlı məlumatlar yayılıb. Çapını dayandıracaq qəzetlərin fəaliyyətlərini internetdə davam etdirəcəyi ehtimal olunur.