28 Dekabr 2018 09:12
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropada məskunlaşmış bəzi azərbaycanlıların Azərbaycan dövlətinə və onun simvollarına qarşı 2018-ci il ərzində eşitdiyimiz, şahidi olduğumuz və etik normalardan tamamilə kənara çıxan fikirləri, ittihamları çox ciddi narahatlıq doğurur. Azərbaycan ictimaiyyətində belə münasibət sərgiləmələrindən dolayı xaricdəki bu cür soydaşlarımıza sözün həqiqi mənasında dərin nifrət formalaşıb”.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib.

Onun sözlərinə görə, cəmiyyətimiz hesab edir ki, heç bir siyasi hədəf, heç bir siyasi məqsəd etik normaları bu dərəcədə aşmağa imkan verə, ona haqq qazandıra bilməz. Hər kim müxalifətçilik etmək, ölkədə demokratiya, insan haqları uğrunda mübarizə aparmaq istəyirsə, bunu ilk növbədə etika və tərbiyə çərçivəsində etməlidir:

“Təkrar edirəm, heç bir siyasi məqsəd etik normanı aşmağa, siyasi mübarizəni tərbiyəsiz davranışların kompleksinə çevirməyə ixtiyar və haqq vermir. Ona görə də bu yanaşmalar, xüsusilə Vidadi İsgəndərlinin hərəkətləri Azərbaycan ictimaiyyətində haqlı olaraq dərin nifrət və qəzəb doğurur”.

Bu məsələdə Fransa hakimiyyətinin mövqeyinə gəldikdə isə A.Quliyev deyib ki, Fransa hakimiyyəti konkret bir mövqe nümayiş etdirməlidir:

“Azərbaycanla bütün sahələrdə normal münasibətlərin olmasına rəğmən, Fransanın iş adamlarının, biznes strukturlarının Azərbaycan iqtisadiyyatında fəal iştirakına şərait yaradıldığı bir vaxtda Fransa hökuməti bu dərəcədə lüzumsuz tolerantlıq göstərməməlidir. Çünki bu şəxslər məhz Fransanın himayəsi altında Azərbaycanın dövlət rəmzlərini təhqir etməklə məşğuldurlar. Bu halda Fransa hökuməti özünün prinsipial mövqeyini ortaya qoymalı və həmin şəxslərin himayə edilmədiyi ilə bağlı mövqe nümayiş etdirməlidir. Azərbaycan cəmiyyətində əsaslı şübhələr var ki, Fransa hakimiyyəti onları məqsədli şəkildə himayə edir. Hətta Azərbaycana düşmən olan müəyyən qüvvələrin onları yönəltdiyi ilə bağlı çox ciddi şübhələr var. Belə olan şəraitdə Fransa hökuməti Azərbaycan cəmiyyətinə nümayiş etdirməldir ki, bizim ölkəmizin dövlət rəmzlərini təhqir edən həmin şəxslərin himayə olunması Fransa hökümətindəki müəyyən dairələrin işi deyil, Fransa hökuməti bu himayəçiliklə məşğul olmur. Əks halda əlbəttə, Azərbaycanda ictimaiyyətin münasibəti Fransanın özünə, hökumətinə, dövlətinə, prezidentinə köklü şəkildə dəyişə bilər. Nəzərə alaq ki, bu adamlar, məsələn, Vidadi İsgəndərli ölkədə siyasi fəaliyyətlə məşğul olmayıb, o siyasi təqiblərə məruz qalmayıb. Belə adamı himayə altına almağın nə məna kəsb etdiyini, əlbəttə, Azərbaycan ictimaiyyəti Fransa hökumətindən yəqin ki, sual edir və edəcək.

Mən gözləyirəm ki, Fransanın Bakıdakı səfirliyinin qarşısında Azərbaycan ictimaiyyət nümayəndələrinin çox ciddi etiraz aksiyaları olacaq, olmalıdır. Çünki onlar ilk növbədə Azərbaycan ictimaiyyətinin narahatlığına səbəb olmuş bu məsələlərə aydınlıq gətirməlidirlər”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər