Artıq 2018-ci ilin sayılı günləri qalıb. Bir neçə gündən sonra dünya yeni illə yoluna davam edəcək. Keçən bu bir il ərzində dünya bir sıra maraqlı proseslərin şahidi oldu. İctimai, siyasi, sosial, mədəni və digər sahələri əhatə edən bu proseslər hələ də müzakirə mövzusudur. Bəs, Azərbaycan və dünya ədəbiyyatı üçün ilin hadisəsi hansıdır?
Teleqraf.com bu sualla ədəbiyyat adamlarına müraciət edib.
Həmin sorğunu təqdim edirik:
“İmansız adamlar əvvəl-axır anlayacaqlar ki…”
Ədəbi tənqidçi Cavanşir Yusifli: “Bu proqnozu, yaxud mülahizəni təkcə 2018-ci il üçün deyil, bir az da keçən illər haqqında da demək lazımdır. Niyə?
Məhz bu bir neçə ildə bizdə ədəbi prosesdə bir “görünməmək”, yaxud “dəyərsiz görünmə” sindromu yaşandı. Bir tarla təsəvvür edin, əkindəki bitkilər eyni boyda, eyni biçimdə, söz deyilir, amma deyilməməsi daha düzgün olardı. Yadınızdadırsa, bir neçə illər öncə tərcümə kitabları bumu yarandı, sonra, yəni, 2018-ci ilə yaxınlaşdıqda öləzidi və söndü.
Ədəbi prosesdə elə bir önəmli imza yoxdur ki, ürəklə danışıb gələcək illər üçün nələrsə deyə biləsən. Artıq nəsə deməyin də önəmi qalmadı. Hətta 4-6 il qabaq gözəl şeirlər yazan müəlliflər də indi, yəni artıq 2018-ci ildə o boy sırasındadır, yəni, susmaq yerinə danışılanlardır bütün bunlar hardasa...
Bizdə Fərid Hüseynin şeir kitabı Amerikada çap edildi. Onun “Səmərqənd” silsiləsi yaxşıydı, haqqında yazı yazdım. Amma, yenə deyirəm, söhbət təklərdən getmir, ümumi ab-havada ümid işartısını görmürəm.
Ard-arda yubileylər keçirildi. Nə baş veribsə, insanlarda bir doyumsuzluq yaranıb, bu, sizin ehtimal etdiyiniz aclıq deyil, əksinə özündən doymamaqdır, yəni, narsisizm… Bu prosesin mənzərəsi məni heç açmır.
Dünya ədəbiyyatından Stefen Moysanın yaxşı şeirlərini oxumuşam və tərcümə edəcəm. Bu şeirlərdə Tomas Eliotun bir mülahizəsinin təsdiqini gördüm: imansız adamlar əvvəl-axır anlayacaqlar ki, yaşamaq üçün heç bir əsasları yoxdur.
AYB-n in Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi sizin də bildiyiniz kimi, yaxşı kitablar hazırladı, “Dünya ədəbiyyatı” jurnalı çıxdı. Bu il bildiyiniz kimi, Cumhuriyyət ili oldu. Bir neçə yaxşı məqalə oxudum. Yenə iddialar baş alıb getdi, yenə ortaya bir şey çıxmadı”.
“Ümidsizlik, narahatlıq, qeyri-müəyyənlik də bir yandan…”
Yazıçı Sevinc Elsevər: “Bildiyimə görə, bu il durğun keçdi. İstər dünya ədəbiyyatı üçün, istər yerli ədəbiyyat üçün durğunluq oldu. Daha çox yerli ədəbiyyatın üstündə dayanacağam. Çünki özümü yerli ədəbiyyatın içində hiss edirəm. Ayrılıq bir dənizdir, dünya ədəbiyyatı isə uzaq, yaşıl ada… Kitablar çap olundu, ənənəvi təqdimatlar oldu. Nəsə hamı çox həvəssizdir. Düzdür, yazan yazır, kitab çap etdirir də. Amma yazanlar da həvəssizdir.
Bu il iki kitabım çap olundu. “Çörək rəngli əllər” son beş ilin məhsulu idi. Yəni dama-dama göl olmuşdu. Həm də şeir xüsusi səy, zaman, güc, hətta həvəs tələb etmədiyindən qalaq-qalaq şeir kitabları nəşr etmək olar.
İkinci əsər də uşaq romanı idi. Onu da sağ olsunlar, Fariz Bayramovun, “Kitabsevərlər qrupu”nun istəyi ilə yazmışam. Çox həvəssizəm. Mənə elə gəlir hamı bu vəziyyətdədir. Durub birinin təqdimatına gedirsən, görürsən əlacı kəsilib təqdimat edir. Nəşriyyat üçün, yaxud belə etməli olduğu üçün…
Axırıncı dəfə Cəlilin təqdimatına getmişdim. Belə hiss etdim ki, Cəlili zorla dartıb bura gətiriblər. Mən özüm də təqdimatlarda belə hiss edirəm. Sanki belə olmamalıdır. Əslində hər şey başqa cür olmalıdır. Azərbaycanda həm kitab yazmalı, həm təqdim etməli, həm gedib satmalı, onun reklamını belə eləməlisən. Təqdimata gələcək oxuculara, yaxud qələm dostlarına şəxsən bir-bir yazmalısan. Minnət götürməlisən.
Belə şeylər adamı yorur. Bircə sonuncu kitabın təqdimatında çox yaxın üç adama dedim ki, bu gün təqdimatımdır, gəl. Çünki artıq yorulmuşam. Hətta ümidim yoxdur ki, növbəti ildə nəsə dəyişəcək. Bu ümidsizlik, narahatlıq, qeyri-müəyyənlik də bir yandan…”
“Bu romana vaxt itirməyə dəyər”
Ədəbi tənqidçi Əsəd Cahangir: “Bu il “Nobel” verilmədi, “Buker”i isə Britaniya yazıçısı Anna Berns bir az siyasi, bir az feminist, bir az erotik, bir az kriminal “Milkman” (“Südsatan”) romanına görə aldı. Çağdaş dünya nəyə qiymət verir sualına cavab vermək baxımından bu romana vaxt itirməyə dəyər.
Milli ədəbiyyatın dünyada dərci baxımından Elçinin “Baş” romanının Misirdə, Qəni Camalzadənin “Fosforlu əkizlər” romanının Amerikda nəşrlərini yada salmaq olar.
İlin möhtəşəm ədəbi nəşri isə, məncə, Elçin İsgəndərzadənin beş cildliyi oldu. Aləm Kəngərlinin “Naməlum adam” povest və hekayələr toplusu rezonans doğuran nəsr kitabı kimi yadda qaldı.
Şeirlər toplusu kimi Hədiyyə Şəfaqətin “Qapı”sı, poema kimi Fərid Hüseynin “Səmərqənd divan”ı, ilin gənc şairi kimi Rəvan Cavid, gənc nasiri kimi isə Orxan Həsəni seçildi.
Ayxan Ayvaz özünü ilin ən məhsuldar, operativ ədəbi jurnalisti kimi bir daha təsdiq etdi.
“Mədəniyyət” kanalında yayımlanan “Məclisi-üns” ilin ən yaxşı klassik ədəbiyyat teleproqramı statusunu yenə də əldən vermədi.
“Ulduz” və “Ədəbiyyat qəzeti” bir neçə illik zəfər çələngini yenə də başlarında saxladılar.
İl mənim üçün gərgin, polemik, məhsuldar keçdi. Ayxan Ayvaz, Qafar Rüstəm, xüsusən də Mənsur Rəğbətoğlu ilə müsahibələrim ilin ən geniş rezonans doğuran ədəbi söhbətləri oldu desəm, yəqin ki etiraz edən olmaz. Eyni sözü “Aprel tezisləri” adlı essem haqda da demək olar. Amma yola salmaqda olduğumuz ildə nəsə qeyri-adi bir məhsul ortalığa çıxdı deməyə çətinlik çəkirəm”.
“Bizi gerçəkliyə qovuşdurdular”
Yazıçı Rasim Qaraca: “Mənim fikrimcə, Azerbaycan ədəbiyyatı üçün ilin ən böyük hadisəsi Gürcüstanın Frankfurt Kitab Sərgisində əsas ölkə kimi iştirak etməsi oldu. Bizim hələ xəyal etdiyimiz mədəni dünyanın bir parçası olmaq hadisəsini gürcülər cəmi 4-5 ilin içində gerçəkliyə qovuşdurdular. Bundan başqa, il ərzində 100-dən artıq əsər xarici dillərə tərcümə olundu.
Qonşularımızla müqayisədə ədəbiyyatımızın, ədəbiyyat prosesimizin nə qədər geridə qalmış olması mənzərəsi ortaya çıxdı. Mənim düşüncəmə görə, bu hadisə istər yazıçılarımızı, istərsə ədəbiyyat və mədəniyyət məsələlərindən məsul olan aidiyyəti qurumlarımızı hərəkətə gətirməli, nəhayət, içində olduğumuz durğunluqdan çıxmaq haqda düşünməlidirlər.
Bizim üçün kiminsə haradasa yaxşı əsər yazması, “Nobel” və ya “Buker” alması hadisə ola bilməz, bizim üçün hadisə başımıza dəyən Gürcüstan qapazıdır ki, bundan nəticə çıxarmalı və hərəkətə gəlməliyik”.
“Heç olmasa...”
Yazıçı Pərviz Cəbrayıl: “Mənim müşahidə etdiyim ən böyük ədəbiyyat hadisəsi, yola salmaqda olduğumuz ildə ədəbiyyat adamlarının işgəncələrinin əvvəlki illərə nisbətən bir az da artması, ümidlərinin bir az da öldüyü ildir.
Mən ancaq ölkəmizdə baş verənləri izləyə bilirəm, dünyada nə hadisə baş verdiyindən xəbərsizəm. Ulu Tanrı ədəbiyyat adamlarını 2019-cu ildən saxlasın”.
“İllərlə ədəbiyyata xidmət edən...”
Yazıçı Cəlil Cavanşir: “2018-ci ildə dünya ədəbiyyatında ən yaddaqalan hadisə “Nobel” mükafatı ilə bağlı yaranan qalmaqal və nəticədə ədəbiyyat üzrə “Nobel” mükafatının verilməməsi oldu.
Azərbaycan ədəbiyyatında mənim diqqətimi çəkən bir çox hadisə baş verdi. Nəşriyyatlarımız çoxlu sayda dəyərli kitablar çap etdirdi. “Ədəbiyyat qəzeti”, “Kaspi” və “525-ci qəzet”lərin ədəbiyyat əlavələri ciddi işlər gördü. Yerli müəlliflərin maraqlı kitabları çap olundu. Ümumilikdə müşahidələrimdən gəldiyim nəticə sevindiricidir, mənim üçün qaynar bir il oldu”.
“İnsanların Müşfiqin sümüklərinin dalınca qaçması...”
Şair Aqşin Evrən: “Yəqin ki, ədəbiyyat üzrə “Nobel” mükafatı ətrafında ortaya çıxan söz-söhbətlər və mükafatın bu il verilməməsini dünyada ilin ədəbiyyat hadisəsi hesab etmək olar.
Azərbaycanda isə həyatda olan şairlərin sümüklərinin əridiyi bir vaxtda, insanların mərhum şairimiz Mikayıl Müşfiqin sümüklərinin dalınca qaçmasını ilin ədəbiyyat hadisəsi hesab etmək olar”.