“Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşa edilən yaşayış binaları kompleksinin açılışında iştirakı bir daha göstərdi ki, ölkədə sosial məsələlərin həlli, əhalinin rifahının yüksəldilməsi prioritet məsələdir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. O cümlədən dövlət başçısı qaçqınların və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, bu məsələni daim diqqət mərkəzində saxlayır”.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, professor Musa Qasımlı deyib.
O qeyd edib ki, qaçqın və məcburi köçkünlər bütövlükdə dövlətin xüsusi diqqət mərkəzindədirlər:
“Dövlətimiz bu təbəqədən olan insanlara xüsusi qayğı göstərir. Ötən dövr ərzində qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması və digər məsələlərlə bağlı mühüm işlər görülüb. Mənzillərin yeni – 2019-cu il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində verilməsi həm də bir hədiyyə oldu və sevincə sevinc qatdı”.
Qeyd edək ki, dekabrın 27-də Sumqayıt şəhərində qaçqın və məcburi köçkün ailələri üçün inşaa edilən yaşayış binaları kompleksinin açılışı olub. Xüsusi memarlıq üslubunda və müasir səviyyədə inşaa olunan bu kompleks 1005 qaçqın və məcburi köçkün ailəsi üçün nəzərdə tutulub. Ərazisi 4 hektar olan kompleksdə ümumilikdə 12 bina var. Kompleksdəki mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Mənzillərin hamısı tam təmirlidir və mətbəx mebeli, qaz sobası ilə təchiz olunub.
Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi də quraşdırılıb.