BŞTİ-nin müdir müavini vəzifəsinə yeni təyinat olub.
Teleqraf.com BŞTİ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Təhsil naziri Ceyhun Bayramovun 28 dekabr 2018-ci il tarixli əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə İdarənin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva təyin edilib.
Qeyd edək ki, İlhamə Abdullayeva 1977-ci ildə anadan olub. Bakı Dövlət Universitetində Mexanika-riyaziyyat fakültəsində təhsil alıb.
2000 - 2011-ci illərdə Bakı şəhərindəki 285 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi, 2011 - 2014-cü illərdə 261 nömrəli məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2014 - 2015-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb.
"İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibidir. “Tərəqqi” medalı ilə təltif olunub.
2015-2018-ci illərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri vəzifəsində çalışıb.
Ailəlidir, iki övladı var.