27 Avqust 2014 13:01
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Metropoliteninin yeni tikilən stansiyalarında əlillər üçün xüsusi liftlər quraşdırılır. Dərin özüllü olmayan mövcud köhnə stansiyalarda isə əlil sərnişinlər üçün xüsusi zolaqların yaradılması üzərində iş gedir.

Bunu "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Şöbə rəisinin sözlərinə görə, hazırda bəzi əlil sərnişinlər Bakı Metropolitenində onlar üçün müvafiq infrstrukturun olmadığından metronun xidmətlərindən istifadə edə bilmirlər. Bu da haqlı olaraq həmin insanlarda müəyyən narazılıq yaradır. Lakin yaxın gələcəkdə onların bu narahatlığı da aradan qaldırılacaq:

"Bu gün Bakı Metropolitenində əlil arabasından istifadə etmək üçün hər hansı şərait yoxdur. Ancaq Bakı Metropoliteni rəhbərliyinin xüsusi göstərişi ilə bu sahədə işlər aparılır. Hazırda mütəxəssislər tərəfindən bütün stansiyalar nəzərdən keçirilir. İlk olaraq metronun yeni inşa edilən stansiyalarında əlillər üçün xüsusi liftlər quraşdırılır. Hazırda "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında liftlərin quraşdırılması işləri davam edir. Stansiyalar istifadəyə verildikdən sonra əlil sərnişinlər metronun üst hissəsindən bu liftlər vasitəsilə birbaşa perrona daxil ola biləcəklər. Yeni stansiyalarda mümkün olduğu qədər liftlərdən istifadə olunacaq, dərin özüllü olmayan stansiyalarda isə əlillər üçün xüsusi zolaqlar, yollar yaradılacaq".

N.Paşayev qeyd edib ki, mövcud stansiyalarda da bu vasitələrdən istifadə olunması nəzərdən keçirilir: "Hazırda bəzi dərin özüllü stansiyalarda əlillər üçün liftlərin quraşdırılması mümkün deyil. Çünki orada liftlərin quraşdırılması üçün yer yoxdur. Bundan əlavə hər iki çıxışda eskalatorlar olduğundan xüsusi zolaq da yaratmaq olmur. Belə ki, dərin özüllü stansiyalarda eskalatorların uzunluğu çox olduğuna görə orada əlillər üçün hər hansı zolağın salınması və ya digər vasitələrin tətbiq edilməsi hələlik mümkün deyil. Vaxtilə həmin stansiyalar inşa ediləndə əlillər üçün infrastrukturun yaradılması nəzərdə tutulmayıb. Məsələn, "Elmlər Akademiyası" və ya "Sahil" kimi stansiyalarda necə zolaq salaq ki, ora əlil arabası ilə düşmək mümkün olsun? Amma dərin özüllü olmayan və eskalatorlardan deyil, pilləkənlərdən istifadə edilən stansiyalarda əlillər üçün əlavə zolaqların yaradılması ideyası var və bu istiqamətdə müxtəlif variantlar üzərində iş gedir. Əgər bu mümkün olsa, əlil arabasından istifadə edən sərnişinlər həmin stansiyalarda metronun xidmətlərindən yararlana biləcəklər".

Bakı Metropoliteninin sözçüsü deyib ki, bu yenilik təkcə əlil arabası ilə hərəkət edən əlillər üçün deyil, kompleks şəkildə, bütün növ əlil insanlar üçün nəzərdə tutulur. Onların hər biri metronun xidmətlərindən rahat istifadə edə biləcəklər.

/trend/


Müəllif:

Oxşar xəbərlər