2018-ci ilin başa çatmasına saylı günlər qalır. Milli Məclisin deputatı, YAP Siyasi Şurasının üzvü Musa Quliyev başa vurduğumuz ilin yadda qalan hadisələri haqqında Teleqraf.com-a danışıb.
Deputat bildirib ki, 2018-ci ilin sonuncu tarixi hadisəsi Bakı-Gəncə sürət qatarının istifadəyə verilməsidir. Onun sözlərinə görə, hazırda yeni istifadəyə verilən sürət qatarı ilə Gəncəyə doğru hərəkət edir:
“Gəncədə açılış mərasimi olacaq. Bu Azərbaycanın inkişafının simvoludur. Artıq əhalimiz komfortlu şəraitdə nəqliyyat vasitələrindən istifadə edə bilir. Bu il həm də Bakı-Sumqayıt sürət qatarı fəaliyyətə başlayıb. Bunu da mühüm hadisə hesab edirəm. Qərblə Şərqi birləşdirən qatarın sərnişin daşınması işləri yekunlaşdı. Şimal-Cənub dəmir yolu reallaşmaqdadır. Artıq Fin körfəzini Fars körfəzinə birləşdirəcək dəmir yollarının tikintisi başa çatmaq üzrədir. Ən əsası odur ki, 2019 və 2020-ci illər üçün uğurlar gələcək. Bu uğurların bünövrəsi artıq qoyuldu”.
Musa Quliyev qeyd edib ki, prezident İlham Əliyev 2018-ci ili Azərbaycanda “Cümhuriyyət İli” elan edib və bu da xalqımızın tarixində çox əlamətdar hadisə kimi yaddaşlarda qalacaq:
“Cümhuriyyətin 100 illiyini müstəqil ölkəmiz adına layiq qeyd etdi. Bütün dünyaya bəyan olundu ki, xalqımız müstəqil yaşamağa qadirdir, layiqdir”.
Deputatın sözlərinə görə, 2018-ci il Azərbaycan tarixində iqtisadiyyat, sosial, hərbi, humanitar sahədə mühüm il kimi qalacaq:
“Azərbaycan 2011-ci ildən kosmos klubunun üzvüdür. Bu il Azərbaycanın üçüncü süni peyki kosmosa qaldırıldı. Bu da, tarixi hadisədir. Eyni zamanda Naxçıvanın Günnüt kəndi ətrafında 11 min hektar ərazi düşməndən azad edildi və Azərbaycan ordusunun nəzarəti altına keçdi. O cümlədən İrəvandan Qarabağa gedən magistral yol ordumuzun nəzarəti altına götürüldü.
Başa vurduğumuz ildə islahatlar uğurla davam etdirilib. Xüsusilə, kənd təsərrüfatı sahəsində irəliyə addımlar atılıb. Sosial sahədə uğurlu işlər aparılır, hazırda “Dost mərkəzləri” layihəsi başlayıb, qeyri-məşğul əhalinin, əlillərinin özünə məşğulluq layihələri davam edir.
Artıq icbari tibbi sığortaya keçidin əsası qoyulub. Əhalinin sağlamlığının qorunması istiqamətində mövcud olan qüsurlar aradan qalxacaq”.
Musa Quliyev xatırladıb ki, 2018-ci ildə eyni zamanda Azərbaycanda prezident seçkiləri olub:
“Azərbaycan xalqı yekdilliklə Heydər Əliyev siyasətinə səs verdi, cənab prezident İlham Əliyevin apardığı siyasəti dəstəklədiyini və bunun davamını gözlədiyini ifadə etdi. Prezident İlham Əliyev böyük səsçoxluğu, xalqımızın həmrəyliyi, azad və demokratik seçkilərlə ölkəmizin lideri seçildi”.
Müsahibimiz xüsusilə vurğulayıb ki, 2018-ci ildə Azərbaycanda iki dəfə hərbi parad keçirilib. Onun fikrincə, müharibə şəraitində olan Azərbaycanın bir ildə iki dəfə hərbi parad təşkil etməsi başa vurduğumuz ilin əlamətdar hadisəsi kimi yaddaşlarda qalacaq:
“Bu il həm Azərbaycan Ordusunun yaranmasının 100 illiyi, həm də Bakının erməni daşnak işğalından azad edilməsi münasibəti ilə möhtəşəm parad keçirildi və Azərbaycan ordusunun, müdafiə sənayesinin gücünü dünyaya bəyan etmiş olduq”.