Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) fəaliyyəti ilə bağlı vətəndaşlar arasında keçirilən sosioloji sorğunun nəticələri məlum olub.
SHXÇDX-dən Teleqraf.com-a verilən məlumata görə, sorğu paytaxt Bakı şəhərində və ölkənin regionlarında keçirilib.
18 rayon və şəhəri əhatə edən sorğu şifahi və səs yazısı ilə aparılıb.
Sorğuda iştirak edən 10 000-ə yaxın sakindən 1 500 nəfəri verilən sualları səs yazısı vasitəsilə, digərləri isə şifahi şəkildə cavablandırıb.
Sorğu zamanı vətəndaşlar SHXÇDX-nin fəaliyyətini yüksək qiymətləndiriblər.
Respondentlər Xidmət rəisi, general-leytenant Arzu Rəhimovun yerlərdə sakinlərlə görüşlərindən razılıq ifadə ediblər.
Bildirilib ki, görüşlərdə qaldırılan və Xidmətin səlahiyyətinə aid olan məsələlər vaxtında öz həllini tapır. Həmçinin sakinlər SHXÇDX-də vətəndaş süründürməçiliyi və korrupsiya faktı ilə rastlaşmadıqlarını deyiblər.
Bundan başqa, sorğuda iştirak edənlərdən bir qismi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən vətəndaşlara təklif edilən elektron xidmətlərdən zərurət olmadığı üçün istifadə etmədiklərini bildiriblər.
Sorğuda iştirak edənlər tərəfindən gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən görülən işlər yüksək qiymətləndirilib.