Şəkinin Fazil kəndində eramızdan əvvəl I minilliyə aid əşyalar aşkarlanıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Qax-Oğuz Arxeoloji ekspedisiyasının rəhbəri Nəsib Muxtarovun verdiyi məlumata görə, Şəkinin Fazil kənd inzibati ərazisində Yoncalı arxeoloji abidəsində aparılan arxeoloji qazıntılar zamanı e.ə I minilliyin ortalarına aid mətbəx və anbar əşyaları, skif və saf dövrünə aid saxsı qablar, iri və xırdabuynuzlu heyvanların buynuzları, qını misdən olan qılınc tapılıb. Bu nekropolda ilk dəfə olaraq tuncdan hazırlanmış 3 ədəd ox ucları, tunc, mis və qeyri-metaldan hazırlanmış qol, sinə və baş-bəzək əşyaları da aşkar olunub.
Qeyd olunub ki, tapılan əşyalara nəzər saldıqda əksər əşyaların üzərində e.ə 1-ci minilliyin ortalarına aid naxışların olduğunu görmək mümkündür. Qazıntılar zamanı arxeoloji abidədə e.ə 1-ci minilliyin ortalarında yaşayan insanların dəfn olunduğu məzarlıq da aşkar olunub. Dünyasını dəyişən hər bir kəsin yanında onun əşyaları da sındırılaraq basdırılıb. Nəsib Muxtarovun sözlərinə görə, Yoncalı abidəsində tapılan tapıntılar Xocalı-Gədəbəy mədəniyyətinin orta mərhələsini Qafqaz Albaniyası dövrünə aid antik dövr mərhələləri ilə bağlayır.
/APA/